Şəhid Hicran Zülfiyevə həsr olunmuş “CƏSUR KƏŞFİYYATÇI” filminin təqdimatı keçirilib

Şəhid Hicran Zülfiyevə həsr olunmuş “CƏSUR KƏŞFİYYATÇI” filminin təqdimatı keçirilib

 

Beynəlxalq Mətbuat Mərkəzində
"Vetenim.İnfo” MM tərəfindən Qarabağ uğrunda qəhrəmancasına şəhid olmuş Hicran Zülfüyevin şərəfli ömür yoluna həsr edilən "Cəsur Kəşfiyyatçı” filminin təqdimatı keçirilib.


Sozcu.info ZiM.Az saytına istinadən  xəbər verir ki, öncə Qarabağ uğrunda şəhid olmuş bütün insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbiri giriş sözü ilə "Vetenim.İnfo” 
saytının baş redaktoru Müşfiq Borçalı açıb. 
O, şəhidin ailə üzvləri başda olmaqla, dəvət olunmuş bütün qonaqları və media işçilərini salamladıqdan sonra, 25 il əvvəl - 1992-ci il mayın 23-də Qarabağ uğrunda müharibədə qəhrəmancasına şəhid olmuş Hicran Zülfiyevin qısa, lakin şərəfli ömür yolu haqqında və eləcə də təqdim edilən film barəsində məlumat verib. 

Bildirib ki, Hicran Zülfiyev əslən Qərbi Azərbaycanın Sisian rayonundan idi. 
O, 1960-cı il noyabrın 15-də Bakıda anadan olmuşdu. 4 yaşında ikən ailəsi ilə birlikdə doğma at-baba yurdu olan Sisyan rayonunun Aquti kəndinə köçmüşdü. Orta məktəbi və ilk rəssamlıq məktəbini də Sisian rayonunda oxumuşdu. Sonra isə ailəsi ilə birlikdə Azərbaycanın Sumqayıt şəhərinə köçmüş və Bakı Dövlət Pedaqoji Universitetinin "bədii qrafika” fakultəsində ali təhsil almışdır. 
1984-cü ildə o, Sovet ordusunda qulluğa başlamış və ordudan leytenant rütbəsi ilə geri qayıtmışdır.
Qarabağ müharibəsi başlayanda isə Hicran Zülfiyev sonra könüllü olaraq, kəşfiyyatçı kimi yenidən orduda xidmətə başlamışdır. Tez-tez əsgərlərini "Biz ölməyə yox, öldürməyə gəlmişik!”, "Qisas qiyamətə qalmaz!” şüarları ilə ruhlandıran Hicran Zülfiyev, düz 25 il əvvəl -1992-ci il may ayının 23-də qəhrəmancasına şəhid olmuşdur. 
Allah rəhmət eləsin!.. 
Ruhu şad olsun!...
Sonra şəhidə həsr olunmuş film nümayiş olunub. 

Qeyd edək ki, "Vetenim.İnfo” MMC tərəfindən hazırlanmış filmin redaktoru Müşfiq Borçalı, 
ssenari müəllifi Günay Novruz, rejissoru isə İsrafil Xanlarovdur.

Filmdə şəhid Hicran Zülfüyevin ailə üzvləri, döyüş yoldaşları, yaxınları onunla bağlı xatirələrini bölüşüblər, Hicran haqqında maraqlı məqamları tamaşaçılara çatdırıblar. 
Bir çox maraqlı səhnələrin yer aldığı filmdə ən çox diqqəti cəlb edən məqam, Hicranın əsgər çantasının ailəsi tərəfindən nümayiş olunduğu səhnə olub. 
25 ildir ki, ailəsinin Hicrandan qalan son xatirə olaraq saxladıqları çantada Hicranın son toxunuşları var idi.. 
Belə ki, çantada onun qanlı köynəyi, içib axıra çatdıra bilmədiyi suyu, yarımçıq qalmış siqaret qutusu, xərclənməmiş pulları, oxuyub axıra çatdıra bilmədiyi qəzeti və düz 25 ildir ki, onu gözləyən daha bir neçə digər əşyaları var idi.
Film haqqında ilk sözü təcrübəli tele-jurnalist, uzun müddət "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində sədrin müavini, şöbə müdiri və baş redaktor vəzifələrində çalışmış Əməkdar jurnalist Cavanşir Cahangirov söyləyib. O, filmlə bağlı öz ürək sözləri ilə yanaşı, həm də "Vətənim.İnfo"nun rəhbərliyinə, şəxsən baş redaktor Müşfiq Borçalıya, eləcə də filmin yaradıcı heyətinə uğurlar arzulayıb, öz tövsiyyə və məsləhətlərini söyləyib, filmin ssenari müəllifi Günay Novruzun televiziya sahəsində ilk addımlarını məhz onun rəhbərlik etdiyi redaksiyada atdığını və bunun üçün indi qürur duyduğunu diqqətə çatdırıb. 
SonraAzərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Məzahir Süleymanzadə çıxış edib.
O, bildirib ki, şəhid ruhu müqəddəsidir. Şəhid ruhu daima bizim ətrafımızda dolanır və hər zaman da dolanacaq.
M.Süleymanzadənin sözlərinə görə, bu ruhun arzularını yerinə yetirmək bizim borcumuzdur. Məhz hazırlanan film də buna xidmət edir:


"Hər birimiz şəhidlərimizin ruhu qarşısında baş əyirik.Lakin burada əyləşən şəxslərin heç biri şəhid anasının keçirdiyi hissləri keçirə bilməz.
Ananın nələr çəkdiyini görürük.
Şəhidimizin dostları, qohumları danışdı, amma əsərin əsas qəhrəmanı ağbirçək anamızdı.Filmdəki əsgər xurcununun açılması epizodu çox maraqlı idi və bu görüntü həm rejissor, həm də film müəllifləri üçün bir tapıntıdır.İftixar hissi keçirdim ki, o xurcundan çıxan siqaret qutusu, içilməmiş su qabı ilə yanaşı əvvəllər baş redaktoru olduğum"Səhər”qəzeti də çıxdı. Həqiqətən də o zamanlar qəzet əsgərlər arasında çox vacib idi.
Hazırlanan film şəhidlərimizi unutmağa qoymur.Minlərlə şəhidlərimiz var, onlar haqqında filmlər çəkilməli, əsərlər yaradılmalıdır.
Bir sözlə, nə lazımdırsa, yerinə yetirməliyik ki, şəhidlərimiz unudulmasın.Əlbəttə, nə eləsək də onların ruhunu ciddi şəkildə şad edə bilmirik.
Ona görə də torpaqlarımız hələ işğal altındadır, üzərində yad ayaqlar var.
Son illər aparılan siyasət, görülən işlərin hər biri onu göstərir ki, istəyimizə nail olacağıq. Torpaqlarımız düşməndən azad olacaq və bu zaman filmlərimizin mövzusu dəyişəcək. Amma Hicran kimi şəhidlərimiz heç bir zaman unudulmayacaq və həmişə qəlbimizdə yaşayacaq”.


Yazıçılar Birliyinin katibi, "525-ci” qəzetin baş redaktoru Rəşad Məcid çəkilmiş filmin şəhidimizin ruhu qarşısında olan hörmət əlaməti olduğunu diqqətə çatdırıb: 
"Xocalı hadisəsi barədə ermənilərin fikri belədir: onlar hər zaman maraqlı olublar ki, törətdikləri faciələri və vəhşilikləri göstərməklə Azərbaycan xalqında xof, qorxu yaratsınlar. Xalqımız müharibə və torpaqları azad etmək iddiasında olmasın.
 
Amma bu cür olmadı, əksinə Azərbaycan xalqı daha çox qisas hissi ilə yaşamağa başladı. Minlərlə azərbaycanlı gənclərimiz məhz bu kadrları görəndən sonra müharibəyə, torpaqlarımızı müdafiə etməyə qalxdı. Bu günkü filmimizin qəhrəmanı Hicran da qisas və vətəni qorumaq hissinin təsiri ilə cəbhəyə yollandı. 
Əminəm ki, vətənpərvərlik hissi şəhidimizin övladlarına da keçib. 
Filmdə olan əsgər xurcununun açılması, onun içərisində olan əşyalar olduqca təsirli məqamlar idi. 
Filmin ərsəyə gəlməsində böyük zəhmət çəkilib. Əziyyət çəkən şəxslərin hər birinə öz təşəkkürümü bildirirəm və Allahdan şəhidimizə rəhmət diləyirəm”.

Şəhid Hicran Zülfiyevə həsr olunmuş “CƏSUR KƏŞFİYYATÇI” filminin təqdimatı keçirilib

 

"Ədalət” qəzetininbaş redaktoru İradə Tuncay isə qeyd edib ki, şəhidimiz haqqında çəkilən film içimizdəki müqavimətin sınmaması və qorunması üçündür. Xanım jurnalistin fikrincə, müqavimət hissini unutmaq olmaz və canından keçən oğullarımız ki var, onlar bizim içimizdəki müqavimət hissidir: 

"Müharibə başlayan zaman biz bu günkü hadisələri heç vaxt ağlımıza gətirmirdik. Elə bilirdik ki, hər şey olub bitəcək. Amma bu gün dünya mənzərəsinə baxanda görürük ki, nələr baş verir. Canımızı o vaxt müharibədə canını qoymuş insanlara borcluyuq. Soyqrım olan zaman dünya qüvvələri gözləmirdilər ki, biz müqavimət göstərəcəyik. Məhz müqavimətimizin hesabına bu gün yaşayırıq, dövlətimiz və torpağımız var. 20 faiz torpaqlarımızı itirdik, amma 80 faiz torpaqlarımızı qoruduq. Suriyanın başına gələnlərdən özümüzü necə gözlədik? Keçmişdə canından keçən şəhid oğullarımızın hesabına yaşayırıq.

Deyirlər ki, yeni nəsil yetişir və onlar torpağımızı sevmirlər. Aprel hadisələri oldu və gördük ki, insanların içində müqavimət hissi ölməyib, hər kəs vətən haqqında düşünürdü və sevinirdi ki, bəlkə nəyəsə nail olacağıq. Hesab edirəm ki, belə filmlərdən çox hazırlamaq lazımıdır. Şəhidimizin ailəsinə təşəkkür edirəm ki, bu əziyyətlərə dözüblər. Bu gün H.Zülfüyevin övladı atasını görmür, onun yerinə bir daş görür, amma bu daş onun üçün çox əzizdir”.


Daha sonra tanınmış ictimai xadimlər, o cümlədən, Cabir Novruz Fondunun rəhbəri, Əməkdar Bədən tərbiyəsi və İdman xadimi, professor Cavanşir Qurbanov, təcrübəli televizya işçilərindən Aybəniz Məmmədəliyeva, Rahib Qərib, İdrak Etibarlı , Bakı Humanitar Kollecinin şöbə müdiri Talıb Zülfiyev və başqaları edərək film haqqında öz ürək sözlərini söyləyiblər, "Vətənim.İnfo"
 MMC-nin fəaliyyətə başladığı qısa bir müddətdə bir çox uğurlara imza atdığını diqqətə çatdırıblar və yaradıcı heyətə uğurlar arzulayıblar.

Şəhidin döyüşçü yoldaşları  ailə üzvləri filmin yaradıcı heyətinə, tədbirin təşkilatçılarına, xüsusilə də "Vətənim.İnfo" MMC-nin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Sonda "Vətənim.İnfo" MMC-nin baş direktoru Müşfiq Borçalı, filmin ssenari müəllifi Günya Novruz  filmin rejissoru İsrafil Xanlarov bütün tədbir iştirakçılarına, xüsusilə də təqdimat zamanı öz ürək sözlərini və dəyərli tövsiyələrini söyləyən təcrübəli insanlara öz təşəkkürlərini bildiriblər, eləcə də gələcəkdə məhz bu cür vətənpərvərlik mövzusunda sənədli və bədii filmlərin çəkilişini davam etdirəcəklərini vurğulayıblar.
Etibar OVÇUYEV


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}