Ata-anasını və 49 qohumunu Xocalıda itirən Milli Qəhrəman qızı: “Ordan salamat çıxan hər kəs qəhrəmandır...”

 

37 yaşlı Əfsanə Ələkbərova Milli Qəhrəman Tofiq Hüseynovun qızıdır, hər iki valideynini də 1992-ci il fevralın 26-da Xocalıda itirib. Bir də tək ata-anasını deyil, o gecə 49 qohumunu itirib.

«Xocalının uşağından tutmuş böyüyünə kimi hamısı qəhrəmandır. Qarlı, soyuq, şaxtalı gecə, düşmənin vahiməsi, işgəncələr... Oradan canını qurtarıb gələ bilənlərin hamısı qəhrəmandır», – Əfsanə deyir.

Amma Xocalı deyəndə qanlı-qadalı günlərdən öncə «firavan uşaqlığı – atalı-analı, qayğısız günləri» yadına düşür. Daha sonra fevralın 26-da baş verənləri xatırlayır:

«Onda mənim 10 yaşım vardı. Xocalı mütəmadi atəşə tutulurdu. Atam da batalyon komandiri idi. Hər gecə posta gedirdi, Xocalı öyrəşmişdi blokadaya. Bircə hava vasitəsilə əlaqəmiz vardı, son aylarda o da kəsilmişdi. İşıq yox, qaz yox. Hər gecə Xocalını atəşə tuturdular. Biz də qaçıb zirzəmilərdə gecələyirdik. Səhər yenə durub gündəlik həyatımıza davam edirdik. Mən özüm məktəbə, üçüncü sinfə gedirdim. Musiqi məktəbində təhsil alırdım. Bacım, qardaşım vardı. Atam-anam işləyirdi. Heç kəs inanmazdı ki, belə bir faciə törədilər. Atam deyərdi ki, Xocalını heç vaxt düşmənə təslim etməyəcəyik... Uşaq olsam da yadıma gəlir, atam «Meşəli», «Bozdağ» əməliyyatına gedirdi. O gedəndə anamgil ağlaşardı. Sonra xəbər gəldi ki, ermənilər Meşəli kəndini yandırıblar. Atamgil batalyonla köməyə getmişdilər. Atam orda körpə qız uşağını xilas etmişdi. Ondan sonra o, mayor rütbəsi aldı.

Sonra da həmin gecə məlum faciə baş verdi. Həmin gecədə atamı, anamı, əmimi, xalamı, xalamın iki azyaşlı övladını, nənəmi-babamı, bibimi, bir sözlə, 49 ailə üzvümü şəhid verdim. Atam martın 19-da dəfn olundu. Düşmən əlinə keçməmək üçün özünü partlatmışdı. Biz üç uşaq himayədə böyümüşük. Gözümüz yollarda idi. Anamızın gələcəyini xəyal edirdik... Çox təəssüflər olsun ki, Xocalının 19-cu ildönümündə biz internetdə anamın qətl edilmiş vəziyyətdə şəklini gördük. Ukraynalı jurnalistin şəkilləri arasında anamın da şəkilləri vardı. Kəndin arasında bir qadın körpə uşaqla öldürülüb, bir az aralıda isə iki qadın, daha bir oğlan uşağı var. Onlar mənim ailəmdir. Xalam əsir düşmüşdü. Əsirlikdən qayıdanda başına gələnləri danışıb deyirdi: «Şükür edin ki, ananız əsir düşməyib...». Çox çətindir danışmaq...».

Deputat, yazıçı, redaktor Aqil Abbas isə Xocalı deyəndə «yadıma allahsızlıq düşür» söyləyir:

«Müharibədə insan da ölər, ev də yanar. Bu müharibədir. Ancaq insanları milli mənsubiyyətinə görə işgəncəylə öldürmək – bu allahsızlıqdır».

Xocalı hadisələrinin üstündən 26 il ötür. Azərbaycan parlamenti ona siyasi qiymət versə də, cinayətkarlar hələ də həbs edilməyib. Vaxtilə bu hadisələrə hüquqi qiymət verilməsindən, cinayətkarların məsuliyyətə cəlb olunmasından çox danışılıb. Nəticə?

Ə.Ələkbərova bu işdə hökuməti qınamır, onun Xocalı ilə bağlı mümkün addımları atdığını düşünür: «Xocalı soyqırımı Mehriban xanımın təşəbbüsü ilə xaricdə təbliğ olunur. Soyqırımı haqda mümkün qədər xaricdə danışılır. Mən özüm keçən il Leyla Əliyeva ilə birgə Moskvada bununla bağlı bir tədbirdə iştirak etmişəm, Fransada tədbirlərə qatılmışam. Bacardıqları qədər bunu dünyaya çatdırmağa çalışırlar. Dövlətimdən razıyam, əlindən gələni edir».

Deputat A.Abbas da «Xocalıya ədalət» kampaniyası çərçivəsində müəyyən işlər getdiyini bildirir, bir sıra ölkələrin, ABŞ ştatların bu faciəni tanıdığını, həm də təbliğatın ancaq hadisələrin ildönümlərində deyil, ilboyu getdiyini vurğulayır.

Bəs cinayətkarlar cəzalandırılmalıdırmı? Bu cinayəti törədənlərin beynəlxalq mühakiməsi mümkündürmü? A.Abbas əvvəl-axır cinayətkarların qanun çərçivəsində cəzasını alacağına əmindir:

«İstintaq gedib. Cinayətkarlar məlumdur. 1994-cü ildə parlamentdə müzakirələr aparıldı və buna siyasi qiymət verildi. Əsas ondan sonra Xocalı ilə bağlı tədbirlər görüldü. Cinayətkarlar da məlumdur. Bunu törədənlər özləri BMT-nin ali kürsüsündə, müsahibələrində etiraf ediblər. Əvvəl-axır hamı qanun qarşısında cəzasını alacaq. Nahaq qan yerdə qalmır. Onlarla bağlı Azərbaycan məhkəmələri qərar çıxarıb, beynəlxalq axtarışa veriblər. İnterpol buna göz yumur. Bir də, beynəlxalq məhkəmə yoxdur. Bir Yuqoslaviya dağılanda bir nəfəri mühakimə etdilər. Beynəlxalq məhkəmə yoxdur, görməmişəm. İnşallah bir gün Nürnberq prosesi kimi Şuşa prosesi də olar. Tək Xocalıda soyqırımı baş verməyib. Ondan qabaq Qaradağlı faciəsi olmuşdu, 69 nəfəri quyuya doldurub öldürmüşdülər. Elə cinayətlər çoxdur. Gün gələr bütün cinayətkarlar cəzasını alar». ("Azadlıq” radiosu)




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}