DEPUTAT QONŞUSUNU MƏHKƏMƏYƏ VERDİ - Evini satmaq istəmədiyinə görə… - VİDEO

DEPUTAT QONŞUSUNU MƏHKƏMƏYƏ VERDİ - Evini satmaq istəmədiyinə görə… - VİDEO

 

Deputat Hacı Salayev qonşusu, keçmiş müstəntiq Nazım Bağırovu məhkəməyə verərək, "şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərbə vurduğuna görə” 15 min manat cərimələnməsini tələb edir. Deputatın iddiasına Nərimanov Rayon Məhkəməsində hakim Abbas Əliyevin sədrliyi ilə baxılır. Bu gün növbəti məhkəmə prosesi baş tutub.

H.Salayev öz qonşusunu "AzPolitika.info” saytının 04.11.2017-ci il tarixli buraxılışında yayımlanmış "Müstəntiqlə deputatın məhkəmədə bitən qonşuluğu – Kim haqlıdır” sərlövhəli reportaja görə məhkəməyə verib. Həmin reportaj keçmiş müstəntiq N.Bağırovun sayta müraciəti əsasında Bakının Şağan qəsəbəsində hazırlanıb. Keçmiş prokurorluq əməkdaşı bildirib ki, deputat Hacı Salayev Şağan qəsəbəsinin R.Məmmədbəyov küçəsində yerləşən imarətinin ərazisini genişləndirmək üçün bir çox qonşular kimi, onun da həyətini almaq istəyib. Lakin o, öz evini satmaq istəməyəndə deputat müxtəlif dövlət orqanlarının, ən sonda isə məhkəmənin vasitəsilə ona təzyiq etməyə başlayıb.

"1997-ci ildə 2 mərtəbəyə icazəm olsa da, imkanım olmadığından o zaman birmərtəbəli ev tikdim. Bu ilin yayında İcra Hakimiyyətindən müvafiq sənədləri alaraq, evin 2-ci mərtəbəsini tikməyə başladım. Elə bu zaman da deputat Hacı Salayevin müdaxiləsi ilə qarşılaşdım. Belə ki, 2008-ci ildə Şağan qəsəbəsinə köçən Hacı Salayev həyətinin ərazisini genişləndirməyə başladı. Bu məqsədlə də qonşuların ərazilərini almağa xeyli pul xərclədi. Hətta bir qonşunun həyətini almaq üçün ona 2 mərtəbəli ev tikib verdi. Bu yolla təxminən 1 hektara yaxın ərazini öz həyətinə birləşdirdi” – N.Bağırov bildirib. Onun sözlərinə görə, deputat onun da həyətini almaq üçün çoxsaylı təkliflər verib. Ancaq o, qəbul etməyib: "2010-cu ildən keçən 7 il ərzində Hacı Salayev dəfələrlə bu istiqamətdə təkliflər verdi. Hətta konkret məbləğlər də təklif etdi. Lakin mən imtina etdim”.

Şikayətçi daha sonra qeyd etmişdi ki, yay aylarında (2017) evinin 2-ci mərtəbəsini tikməyə başlayıb. Ancaq Hacı Salayev buna imkan verməyib: "Hacı Salayev Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mənim evimin tikintisi zamanı guya təhlükəsizlik qaydalarına əməl etmədiyimi, onun evinə də təhlükə yaratdığımı iddia edib. Və evin tikintisinin dayandırılması barədə qərar çıxarılmasını istəyib. Hakim Tərlan Əkbərov əlində heç bir ekspertiza rəyi, İcra Hakimiyyətinin mövqeyi olmadan iddianı təmin edib və tikintinin dayandırılması barədə qərardad çıxarıb. Həm də mənim iştirakım olmadan”.

Keçmiş müstəntiq məhkəmənin qərarının tamamilə qanunsuz olduğunu bildirmiş, deputatı özbaşınalıqda, qanunla qadağan olunmasına baxmayaraq, biznes fəaliyyəti göstərməkdə ittiiham etmişdi: "Necə olur ki, bəzi deputatlar maaşlarının gündəlik ehtiyaclarını ödəməyə yetmədiyini bildirdiyi halda, deputat H.Salayevin Şağan qəsəbəsində 1 hektara qədər torpaq sahəsi, Şüvəlan qəsəbəsində 4 hektar və Zirə qəsəbəsində 60 hektar torpaq sahəsi var? Belə böyük pullara malik olması da onun bizneslə məşğul olduğunu göstərir”.

Qonşusunun bu ittihamlarına əməkdaşımız H.Salayevin də mövqeyini öyrənmişdi. O, bildirmişdi ki, bizneslə deputatlıqdan əvvəl məşğul olub, qonşusu N.Bağırov isə öz evini əvvəl 150 min manataona satmağa razılaşsa da, daha sonra 150 min dollar tələb etməyə başlayıb. Buna görə də sövdə baş tutmayıb. H.Salayev həmçinin israr etmişdi ki, N.Bağırov evinin 2-ci mərtəbəsini tikinti normalarına zidd olaraq inşa etmək istəyir.

Sözügedən yazıda "AzPolitika” tərəflərin mövqeyini heç bir şərh vermədən təqdim etsə də, deputat saytımızı da məhkəməyə verib, guya ona böhtan atıldığını iddia edərək, üzrxahlıq və təkzib tələb edib. Halbuki, reportajda deputatın mövqeyi daha geniş formada təqdim olunub. Digər tərəfdən, kimin haqlı, kimin haqsız olduğu da, necə deyərlər, kor-kor, gör-gördür! N.Bağırov özünün mülkiyyətində olan torpaq sahəsində qanuni sənədlər əsasında ev tikmək istəsə də, deputatın müqaviməti ilə üzləşib. Bu azmış kimi, üstəlik məhkəməyə də verilib.

Qeyd edək ki, N.Bağırov da öz növbəsində deputata qarşı Yasamal Rayon Məhkəməsində qarşılıqlı iddia qaldırıb. İddia ərizəsi icraata qəbul olunub və yaxın günlərdə məhkəmə prosesi başlayacaq.

Onu da qeyd edək ki, bugünkü iclasda hakim A.Əliyev tərəflərə barışıq təklif edib. N.Bağırov barışığa hazır olduğunu bildirsə də, qarşı tərəfin vəkili Muxtar Mustafayevdeputatın adından barışıqdan imtina edib. Hakim, martın 12-nə təyin etdiyi növbəti iclasda qərarını elan edəcəyini bildirib.

Deputatla müstəntiq qonşusunun məhkəmə çəkişməsini diqqətdə saxlayacağıq./azpolitika.info/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}