Kremlin daha bir düşməni Britaniyada zəhərləndi

 

Ötən gün Böyük Britaniyada Qərbə casusluq etmiş daha bir rusiyalı zəhərlənib. Virtualaz.org xəbər verir ki, Solsberi şəhərindəki restoranlardan birində şam yeməyindən sonra 66 yaşlı Rusiya kəşfiyyatçısı, QRU polkovniki, ingilis kəşfiyyatına casusluq etdiyi üçün həbs edilən və daha sonra casus mübadiləsi çərçivəsində Qərbə təhvil verilən Sergey Skripal və 30 yaşlı sevgilisi yarıhuşsuz vəziyyətdə aşkar edilib. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Skripalı və sevgilisini yarıhuşsuz vəziyyətdə görüb polisə xəbər verən qadın jurnalistlərə bildirib ki, onlar skamyada oturub bir nöqtəyə baxırdılar, hərdən sağa-sola yellənirdilər və sifətlərində donmuş, boz ifadə var idi.

Skripalın və sevgilisinin zəhərləndiyi məlum olandan sonra onların baş çəkdiyi mağazalar və daha bir neçə obyekt kimyəvi və bioloji mühafizə üzrə mütəxəssislər tərəfindən bağlanıb. "The Telegraph” qəzetinin bildirdiyinə görə hansısa maddə tapılıb və zərərsizləşdirilib. Qəzet ehtimal edir ki, söhbət fentanil adlı güclü narkotik-analgetikdən gedir. Bu maddə insanda tənəffüs çatışmazlığına səbəb olur.

Bir versiyaya görə zərərçəkənlərdən biri italyan restoranı "Zizzi”də yemək yeyə bilərdi. Hazırda həmin restoran da bağlıdır. Uiltşir qraflığının polisi iki nəfərin zəhərləndiyini bildirsə də onların şəxsiyyətini açıqlamır.

Sergey Skripal 2006-cı ildə dövlətə xəyanət ittihamı ilə mühakimə olunaraq 13 il həbsə məhkum edilib. 2010-cu ildə onu və daha bir neçə casusu Rusiya kəşfiyyatının ABŞ-da deşifrə edilmiş bir qrup agenti, o cümlədən Anna Çapmanla mübadilə ediblər. Həbsxanadan buraxılan QRU polkovniki Böyük Britaniyadan sığınacaq alıb. Onun son vaxtlar həyatına təhlükədən ehtiyat etdiyi və bu barədə polisi məlumatlandırdığı bildirilir.

Britaniya mətbuatı baş verənləri 2006-cı ildə radioaktiv maddə ilə zəhərlənən və əzabla ölən KQB polkovniki Aleksandr Litvinenkonun başına gələnlərlə müqayisə edir. Britaniya kəşfiyyatı bu zəhərlənmə əməliyyatının Litvinenkonun keçmiş həmkarları Dmitri Kovtun və Andrey Luqovoy tərəfindən həyata keçirildiyini müəyyən etmişdi.

Lakin Litvinenko Britaniyada zəhərlənib ölən tək rusiyalı deyil. Litvinenkodan sonra Kremlin daha bir neçə düşməni Britaniyada müəmmalı şəkildə ölüblər.

Virtualaz.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}