Fond Şuşaya görə 220 min verdi

Fond Şuşaya görə 220 min verdi
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 3-cü Şuşa qrantı müsabiqəsinin nəticələrini açıqlayıb.

Fondun mətbuat xidmətindən verilən məlumata görə, Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2012-ci il 8 may tarixində “Şuşa qrantı”nı təsis edib.

3-cü “Şuşa qrantı” müsabiqəsi 2014-cü ilin dekabrın 25-də elan edilib, qrant iddiaçılarına kömək məqsədilə bir neçə məsləhət seminarı təşkil olunub, ortaya çıxan suallara aydınlıq gətirilib. Müsabiqəyə müvafiq elm sahələri və qrant növləri üzrə 13 layihə daxil olub, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib, layihələrin ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunub. Müsabiqənin nəticələrinə dair Elmin İnkişafı Fondunun Himayədarlar Şurası tərəfindən qəbul edilən yekun qərara əsasən, 3-cü Şuşa qrantı müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 220.000 manat olmaqla 5 qalib layihə müəyyənləşdirilib.

3-cü Şuşa qrantı müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Naxçıvan Bölməsində, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində və qeyri-hökumət təşkilatı olan “Sağlam nəsil” Tibbi Elmi-Tədqiqat Mərkəzində yerinə yetiriləcək.

Humanitar və ictimai elmlər sahəsi üzrə 4 layihə, biologiya, tibb və aqrar elmləri üzrə isə 1 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 2-si qadın, 3-ü isə kişidir.

2-si beynəlxalq olan qalib layihələrdən 4-ü fundamental-tətbiqi xarakterlidir, 1 layihə üzrə isə “Azərbaycan Respublikasındakı məcburi köçkünlərin adaptasiyasının sosial-tibbi aspektləri və həyat keyfiyyəti” mövzusunda Bakıda beynəlxalq elmi konfrans keçiriləcək.

“Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri və ermənilər tərəfindən törədilən soyqırımların pərdəarxası”, “Ətraf mühitin təhlükəsizliyinin təminatı kontekstində Ermənistandan Azərbaycana və digər region dövlətlərinə qarşı ekoloji və hidroloji təhdidlər”,
“Azərbaycanın Ağdam rayonu toponimlərinin və dialektlərinin toplanılması və linqvistik təhlili”, “Azərbaycan- Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində travmaya məruz qalmış insanların sosial-psixoloji vəziyyətinin qiymətləndirilməsi” kimi mövzular üzrə yerinə yetiriləcək layihələr Qarabağ tədqiqatlarını daha da zənginləşdirəcək.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar. - See more at: http://axar.az/news/68340#sthash.tMxfPKCj.dpuf


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}