Hadı Rəcəbli Azərbaycanda sosial şəbəkələri bağlamağa çağırır

 


 

Milli Məclisin deputatı Hadı Rəcəbli Azərbaycanda sosial şəbəkələri bağlamağa çağırıb. Deputat yerli KİV-lərə açıqlamasında bunu son vaxtlar sosial şəbəkələr üzərindən Azərbaycan əleyhinə aparılan kampaniya ilə əsaslandırıb.

"Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki, çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”-Hadı Rəcəbli bildirib.

Deputatın fikrincə bu məsələdə bir addım belə geri çəkilmək olmaz. Çünki Azərbaycan prezident seçkiləri ərəfəsindədir, təxribatçıların da əsas məqsədi ölkədə sabitliyi pozmaqdır.

Hadı Rəcəbli deyib: "Dünyada gedən proseslərə baxsaq görərik ki, sosial şəbəkələr vasitəsilə Misir, Yəmən və digər ölkələri hansı vəziyyətə salıblar. Həmin ölkələri sadaladığım təxribatçı saytlar və sosial şəbəkələr vasitəsilə kütlə psixologiyasına uymaq yolu ilə xaos vəziyyətinə gətiriblər. Bütün bunlara görə də Azərbaycan xalqı həmin təxribatçı qrupların iş üzünü açmalıdır, mənəviyyatsızlığını ortaya qoymalıdır”.

Hadı Rəcəbli bildirib ki, sosial şəbəkələri bir çox imkanlara malikdir. Amma eyni zamanda çox təəssüf ki, bir qrup insanlar həmin imkanlardan çox tərbiyəsiscəsinə istifadə edirlər: « Son 3-4 ildir ki, mən də bu cür tərbiyəsizliklərlə üzləşmişəm. Bəzi şəxslər sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edərək, ayrı-ayrı şəxslərə qarşı iftira və yalanlar yağdırırlar, ölkəmizdə sabitliyi pozmağa cəhdlər edirlər”

Deputat onu da deyib ki, xaricdə Azərbaycan əleyhinə tərbiyəsiz hərəkətlərlə kampaniya aparan şəxslərə qarşı qeyri-hökumət təşkilatları və diaspora təşkilatları da mübarizə aparmalıdır. Digər tərəfdən isə dünyada mövcud olan beynəlxalq hüquq normaları ilə həmin şəxslərə qarşı tədbirlər görülməlidir, onlara qarşı cinayət işi açılmalıdır və s.

"Tərbiyyəsizlik və yalan hərəkətlərə qarşı tədbirlər sərt olmalıdır. Yalan yazıları bir sayt o biri sayta ötürür və şər-böhtan kampaniyası aparılır. Bütün bunlara qarşı bir tədbir görülməlidir. Ümumiyyətlə, həmin saytları bağlamaq lazımdır”-Hadı Rəcəbli əlavə edib.

O, Azərbaycan prezidentliyinə namizəd olan bir sıra müxalifət partiya sədrlərini də yalan çıxışlarına görə sərt tənqid edib: "Çox təəssüf edirəm ki, bəzən televiziya debatlarında iştirak edən və səviyyəsi çox aşağı olan yalançı müxalifət rəhbərləri də ölkəmizdəki dövlət məmurlarına qarşı inamsızlıq yaratmağa, cəmiyyəti qıcıqlandıran addımlar atmağa çalışırlar. Azərbaycanda hər bir məmurun həyat yoluna baxsaq görərik ki, hamısı işgüzar və zirək adamlardır. Onların övladlarında da həmin müsbət keyfiyyətlər mövcuddur. Bütün bunlara görə də mən məmurlarımıza qarşı qarayaxma kampaniyasının aparılmasının əleyhinəyəm.

Əlbəttə ki, ilk növbədə möhtərəm prezidentimizin əleyhinə aparılan tərbiyəsiz və mənəviyyatsız siyasi mübarizənin əleyhinəyəm. İnanın ki, nə qədər təmkinli olmağa çalışsam da, həmin adamları görəndə onları təhqir etmək, üzlərinə tüpürmək istəyirəm. Bu cür şəxslərlə normal dialoq aparmaq da mümkün deyil”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}