Aşıq sənətinin Hüseyn Saraclı zirvəsi

Aşıq sənətinin Hüseyn Saraclı zirvəsi

 

Nizami CƏFƏROV


Azərbaycan aşıq sənətinin kökü qədim türk ozan yaradıcılığından gələn çox zəngin bir tarixi vardır. Və bu sənətin əsas özəlliklərindən biri də budur ki, bütün tarix boyu qazanılmış təcrübəni yaşatmağa çalışmış, zaman-zaman nə qədər müasirləşsə də, kökdən (gendən) gələn tipoloji keyfiyyətləri qoruyub saxlamışdır.

Əlamətdar cəhətdir ki, Azərbaycan aşıq sənəti XX əsrə ayrı- ayrı regional məktəblər halında gəlib çıxmaqla fərqli xüsusiyyətlər nümayiş etdirmiş, ancaq həmin fərqlər də heç zaman sənətin genotipini inkar etmək iddiasında olacaq qədər dərinləşməmişdir. İlk növbədə istedadlı, ustad yanında yetişmiş (və özü də ustad səviyyəsinə yüksəlmiş) sənətkarların yaradıcılığı (və şəxsiyyəti) timsalında aydın görmək olur ki, müxtəlif aşıq sənəti məktəblərini təmsil etsələr də, onlar çox dərin qatlardan gələn eyni mənbədən qidalanmış, eyni irfan bulağının gözündən su içmişlər...

Borçalı mühitinin (və məktəbinin) yetirməsi olan Aşıq Hüsyn Saraclı (1916-1987), heç şübhəsiz, bir məktəbin (və mühitin) hüdudlarına sığmayan, ümumən Azərbaycan aşıq sənətinin tarixində görkəmli yer tutan zirvə-sənətkardır. Elinə-obasına - doğma Borçalıya bütün ruhu ilə bağlı olan ustadın XX əsrin ortalarından başlayaraq türkcənin anlaşıldığı (və saza-sözə dəyər verildiyi) hər mahalda - Türkiyədən Türküstana geniş şöhrət qazanması da təsadüfi deyil... Həm gözəl saz ifası, həm özünəməxsus məlahətli səsi, həm də təsirli sözü ilə dədə-babalardan gələn yaradıcılıq ənənəsini nəinki bütün mükəmməlliyi ilə davam etdirmiş, eyni zamanda, aşıq sənətinin bu gün yaşaması, yeni tarixi şəraitin ideya-estetik tələblərinə cavab verməsi üçün zəruri "reformasiyalar" da aparmışdır ki, bunun ən mühüm şərti (və təzahürü) aşığın xalqla, cəmiyyətlə həmişə sıx ünsiyyəti, məclislərin xarakterinə uyğun təbii (və səmimi) "improvizasiyalar"ı olmuşdur... Geniş etnoqafik dünyagörüşü, vətənpərvərliyi, humanizmi, fitri istedaddan gələn enerjisi (və el arasında qazandığı böyük hörmətdən, nüfuzdan doğulan özünəəminliyi!) Aşıq Hüseyn Saraclıya hər cür imkan verirdi ki, sənət meydanında ürəyi istəyən kimi cövlan eləsin...

Əlimə alınca sədəfli sazı
Sanki səfərlərə atlanıram mən.
Gah Koroğlu kimi nərə çəkirəm,
Gah da Kərəm kimi odlanıram mən.

Arzular ürəkdə qol-qanad atar,
Nəğməli sinəmdə yüz dastan yatar.
Elə ki sevinər, murada çatar,
Sevincə bürünüb şadlanıram mən.

Əzəldən bir dadlı dilə vurğunam,
Sazımda səslənən telə vurğunam.
Bu əziz obaya, elə vurğunam,
Hüseyn Saraclı adlanıram mən.

Hüseyn Saraclının yaşayıb-yaratdığı sovet dövründə, demək olmaz ki, məlum ideologiya aşıq sənətini bütünlüklə arxivə göndərmək istəyirdi, ancaq etiraf etmək lazımdır, elə qəti tədbirlər görülürdü ki, aşıq sosializmin nailiyyətlərini tərənnüm etməkdən kənara çıxmasın. Və həmin tədbirlərin müəyyən "uğur" qazandığını təsdiq edən faktlar kifayət qədərdir... Bununla belə, Aşıq Şəmşir, Dərya Məhəmməd, Aşıq Kamandar, Mikayıl Azaflı, Hüseyn Saraclı... kimi ustadların yüksək sənət idealları səviyyəsindən ideoloji basqılara göstərdikləri müqavimət həmişə güclü olmuş, Azərbaycan aşıq sənətinin tarixi prinsipləri məsuliyyətlə müdafiə (və mühafizə) edilmişdir... Aşıq Hüseyn Saraclının sovet ideologiyasına (və sosialist sisteminə) münasibətini şərtləndirən, xüsusilə tərcümeyi-hal (və tale!) xarakterli olduğu üçün, təbiidir ki, onun dünyagörüşünə təsirsiz qala bilməyən bir məqamın üstündən keçmək mümkün deyil: kənddə kolxoz quruculuğu dövründə - 1931-ci ildə (onda Hüseynin on beş yaşı vardı) atası Qurban əfəndi bolşevizmin qəzəbinə tuş gəlib güllələnmişdi... Ona görə də, hər şey bir yana, gəncliyinin bu acı xatirəsi imkan verə bilməzdi ki, böyük sənətkar kolxoz kəndinə mədhiyyələr desin, sovet hakimiyyətini alqışlasın... Ancaq onun yaradıcılığının metodoloji mahiyyətini müəyyən edən əsas şərt, heç şübhəsiz, aşıq sənətinin əzəli- ədəbi prinsipləri, hər cür şəxsi mənafe və ya konyukturlardan uzaq, müqəddəs (və pozulmaz) qanunlarıdır...

Aşıq sənətinin Hüseyn Saraclı zirvəsi

 Saraclıyam, saza meyl salmışam,

Öz dərsimi ustadlardan almışam.
Dost yolunda canı fəda qılmışam,
Güdməmişəm şöhrət-şanı dünyada.

Hüseyn Saraclı çox ustadlardan dərs alıb, ancaq yeni aşıq sənətinin banisi Aşıq Ələsgəri ustadlar ustadı sayır:

Cəmi aşıqların ustadı sənsən,
Yoxdur sözlərinin sanı, Ələsgər!
Aşıqlar çox gəlmiş-getmiş dünyadan,
Sənin kimi aşıq hanı, Ələsgər!

Müasirlərindən Dədə Şəmşirə - onun sənətinə, şəxsiyyətinə ehtiramını isə ayrıca bildirərək deyir:

Havalandı dəli könül
Kəlbəcərdə, Dədə Şəmşir!
Qocalmısan, necə dözüm
Belə dərdə, Dədə Şəmşir?!

Bu dünyada möhlət azdı,
Xudam özü belə yazdı.
Umudumuz telli sazdı
Bu yerlərdə, Dədə Şəmşir!

...Hüseyn desin həzin-həzin,
Heç düşməsin gücdən dizin.
Qayalarda qalsın izin,
Sözün sərdə, Dədə Şəmşir!

Hüseyn Saraclının ünsiyyətcilliyinin göstəricisidir ki, müasiri olan sənətkarların çoxu ilə əlaqə saxlamış, şeirləşmiş, yaradıcılıq dostluğu eləmişdir... Və maraqlıdır ki, "deyişdi"yi söz adamları içərisində həm şifahi, həm də yazılı ədəbiyyatın müxtəlif nəsillərindən olan nümayəndələrinə təsadüf etmək mümkündür.

Aşıq ola, telli sazı sinəsinə ala, könlü yüz yerdən qanad açıb pərvazlana, ancaq bu dünyanın göz oxşayan gözəllərini görməyə!..

Hüseyn Saraclının gözəlləmələri yalnız klassik poetexnoloji mükəmməlliyi ilə deyil, həm də xəfif duzu-məzəsi ilə seçilir...

Bir adsız məktubun düşdüm izinə,
Bilmədim dünyanın harasındadır.
Gəzdim el-obanı mən qarış-qarış,
Dedilər, o dağlar arasındadır.

Tamam üç il gəldi keçdi aradan,
Nə zaman bu qəlbim çıxar qaradan.
Dar günümdə yardım etsin yaradan,
Dərdim bir dilbərin çarasındadır.

Saraclı yolunda qoydu sərini,
Aradım dayazı, gəzdim dərini.
Zorla tapdım ünvanını, yerini,
Gördüm ki, dərdlilər arasındadır.

Ustad sənətkarın elə nəsihətamiz kəlamları var ki, ümumən klassik aşıq təfəkkürünün metafizikasına, ədəb-ərkan fəlsəfəsinə dayanmaqla yanaşı, dövrümüzün həyat prinsiplərini, insanlıq meyarlarını müəyyənləşdirmək (və bir daha mötəbər mövqedən xatırlatmaq) baxımından olduqca aktual səslənir:

Halal tut mayanı hər zaman, oğul,
Haramlıqla dövlət, mal olmaz-olmaz.
Əyər əyri baxsan özgə malına,
Boş qalar pətəyin, bal olmaz-olmaz.

Mərifətlə giriş tutduğun işə,
Söz gərək ağızdan çıxmamış bişə.
Bağında gül-çiçək bitsin həmişə,
Tikan yarpağından gül olmaz-olmaz.

İbrət götür Saraclının sözündən,
Namərdlər tez düşər xalqın gözündən.
Pəhləvan olsan da demə özündən,
Hər güləşən Rüstəm-Zal olmaz-olmaz.

Bu gün bir sıra möhtəşəm xalq dastanlarının yüksək peşəkarlıqla (və son dərəcə istedadlı virtuozluqla!) ifa örnəklərinin - lent yazılarının mövcudluğu üçün Aşıq Hüseyn Saraclının müqəddəs ruhuna minnətdarıq... Və nə yaxşı ki, onun o zaman hələ tələbə olan, həmyerlisi Dəyanət Osmanlıya ömrünün sonlarında verdiyi bir müsahibə qalıb ki, həmin müsahibədə ustadın gənc aşıqlara belə bir tövsiyəsi də var: "...Ənənəni qoruyub saxlasınlar, yaxşı olan nə varsa öyrənsinlər. Çünki bu saz Dədə Qorquda, Koroğluya, Kərəmə, Ələsgərə dayanır, üzü bizim kimliyimizə doğru baxır".

Ustad sözü həmişə Haqdan gəlir!..



Oxşar Xəbərlər

Xəbər lenti