TOYDA AĞLAŞMA

Əvvəl-əvvəl hər şey yolunda idi. Qonaqlar yavaş-yavaş toplanırdı. Hələ bəzi masalarda yemək-içməyə də  başlamışdılar. Oğlan atası sinəsini qabardıb, ortada vargəl eləyirdi. Toy get-gedə yoluna düşürdü. Gələnlər çoxaldıqca  ağız deyəni qulaq eşitmirdi. Arabir bəzi arvadların sellefon torbalarda gətirdikləri alümün qazanların səsi də qulağa dəyirdi. Bir yaşlı veteran da çəliyinə söykənib masa arxasından zalı seyr edirdi. Sinəsində «Beşilliyin əmək zərbəçisi» və «Leninin 100 illiyi» medalları parıldayırdı. Yanında oturan bir gənci xamlamışdı:

- Mən frontdan gələndə  sən yaşda idim. Laçın bir oğlandım. Kəndin qızları məndən ötrü ölürdülər. Canın üçün elə gəlin varıydı ki, məni görüb ərinnən boşanmaq istəyirdi.

Həə! Məsələ başlandı. Tamada  möhtəşəm bir giriş nitqi söylədi. Veteran yanındakı oğlana tərəf əyildi:

- Rəhmətlik Brejnev də cavanlığında toşnu belə danışırdı.

… Toy qızışırdı. Qaşıq-çəngəlin, söz-söhbətin ahəngi musiqiyə qarışmışdı. Axır ki, o zırpı müğənni də gəlib çıxdı. Tamada özünü mikrafona çatırdı:

- Əziz qonaqlar! Nəinki respublikamızda, hətta Rusetdə məşhur olan, populyar xanəndəmizi bir  alqışlayaq.

Eşidən əl çaldı. Başı qarışıq olan da lüləkababı ağzına basdı. Zırpı müğənni başladı, nə nə başladı. Veteran, oğlana tərəf əyildi:

- Ə, bunun tayları nazirdi, icra başçısıdı. Belə boy-buxunnan ən azı general olmalıydı.

Müğənni öz işindəydi. Səsinin yanıqlı yerinə salmışdı:

 

-Ana müqəddəsdi, ana əzizdi

Laylası kövrəkdi, sözü ləzizdi

Kim ki, bu dünyada anadan bezdi

Allah o balanın bəlasın verdi.

 

Arvadlardan biri dilləndi:

 

- Heylə züryətin üzünə tüpürüm! Mənimki də belədi dana. Qaynanasına sığındı. İndi qalıb çöllərdə.

Müğənni mahnıya keçdi:

- Ay ana, qurban olum,
Sən Allah ölməginən.

Qoy ağlayım, əlinlə

Gözümü silməginən.

 

Pahoo! Zalda ağlaşma-şivən başladı. Cavan bir oğlan ağlay-ağlaya  arağı iri qədəhə süzüb başına çəkdi. Xiyarı dişləyib hönkürdü.

- Ə, mənim anam öləndə xəbərim olmayıb. Dost-tanışla yeyib-içməyə getmişdim. Qayıdanda dedim anam hanı? Dedilər getdi. Dedim hara getdi? Dedilər… Oyy, mama!

 

- Anamın saçları yaman ağarıb,

Deyəsən ömrünə qar yağıb onun.

 

Bir arvad sızıldadı:

- Mənim anam kimi. Başı dümağ olub. Elə neçə ildi bu gün ölər, sabah ölər. Qalmışıq əlamanda.

Veteran oğlana:

- Bizim arvadın başı heç ağarmadı. Ölənnən sonra bilmişəm ki, lotu-beçə xına qoyur.

 

- Ay ana, mən sənsiz qalmışam indi,

Ürəyim həsrətli, gözüm yaşlıdır.

Məzarlıq yolunda bir nəğmə daşdı.

İndi o nəğməni desəm yaxşıdı.

 

Arvadlardan biri:

- De, başına dönüm de! De, xalan  ölsün, de. Yolun düşəndə mənim adımnan da bir yasin oxutdur.

 

- Ana bu gün hamı səni ağlayır…

Ağlayır nədi e? Arvadlardan birinin ürəyi getmişdi. Özünə gələndə qəddini düzəldib yan-yörəsinə baxdı. Ona su verdilər. İçib qurtaran kimi özünə əl qatdı:

-Şaxsey! Vaxsey! Şaxsey…

Müğənni onu gördü və yanına gəldi:

 

- Səndəmi itirdin əziz ananı?

İndi mənim kimi ağı deyirsən.

Analı günlərin düşür yadına

Ömrünün ən şirin çağı deyirsən.

 

-Oxu, saa qurban olum, oxu. Oxu, mamamın ruhu şad olsun. Bax, canın üçün gözəllər gözəliydi. Yeri gələndə atama da naz eləyirdi.

 

- Kaş ki, sağ olaydı, evdə olaydı,

Qoşa dolanaydıq bağı deyirsən…

 

- Deyirəm! Bax, o heykəl başın üçün deyirəm, qardaş. Deyirəm çay içəydik, yun çırpaydıq, qazların tükünü yolaydıq, uşaqları çimizdirəydik.

Veteran gəncə  tərəf döndü:

- Mənimki də çox gözəliydi. Bəyənməmişdi, qaçırmışdım. Bir-iki gün o yan- bu yan elədi. Döyüb sümüklərini sındırdım, sakitləşdi. Ölənə kimi bir qolu yaxşı işləmirdi.

 

- Ana mən dözmürəm daha həsrətə,

Belə ayrılığa, belə möhnətə…

Arvadlardan biri ofisiantı çağırdı:

- Ə, qardaş, mənə bir potulka nöyüt gətir.

- Nə gətirim?

- Nöyüt!

- Ay xanım, nöyütü neynirsiz?

- Ə, bax budeyyy… başımnan töküb özümü yandırajam. Qandın? Ə, mən anasız yaşamaq istəmirəm! Başa düşdün?

Ofisiant özünü adminstratora çatdırdı. Ona nəsə dedi və o saat yanğınsöndürmə  tüpünü gətizdirib qoydu yanına.

- Ay ana, ay ana, ay ana, oyy, oyy…

- Can, bala, can. Sən boyda igidin də anası ölər? Niyə demirdin ay insafsız, mən  toyda «Cancana» oxuya bilərəmmi?

 

- Dedim ana məni qoyub

Bu dünyadan köç eləmə…

 

Hamı ağlayırdı. Arvadlar bütün solfet kağızlarını göz yaşı ilə isladıb yığmışdılar toyuq kababının qablarına. Gəlin də köyrəlmişdi. Üç-dörd dəfə xalasını çağırıb nəsə pıçıldadı. Anası soruşdu:

- O nə deyir, aaz?

- Heç nə! Səyləyir! Deyir mən papamı qoyub, ərə gedə bilmərəm, qastriti var.

- Uyy, denən boyunu yerə soxum. Oxşamısan, oxşamışlarına. Heç mənim qrijam yadına düşür? Kül sənin papanın başına.

- Az kiri, eşidər!

- Cəhənnəmə eşitsin!

… Toy yavaş-yavaş yekunlaşırdı. Arvadlardan biri dilləndi:

- Halal olsun, bu oxuyana! Qəşəng mərsiyyə deyir.

Yanındakı ofisiantı çağırdı:

- Ə, bala, o tamadaya denən bir fatihə versin duraq gedək.

Ofisiant qıpqırmızı oldu. Və arvadın yemək doldurduğu qazanlara baxıb gülümsədi:

- Siz  gedin, narahat olmayın. Fatihəni gəlinlə bəyin gecə namazından sonra  oxuyacaq.

- Allah qəbul eləsin!

- Amin, ay xala, amin!

… Di, həmişə toyda!

Hidayət ELVÜSAL,

"Kirpi tv" jurnalı



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}