ÖLKƏDƏKİ ENERJİ BÖHRANININ SƏBƏBKARLARI NİYƏ CƏZALANDIRILMADI?

ÖLKƏDƏKİ ENERJİ BÖHRANININ SƏBƏBKARLARI NİYƏ CƏZALANDIRILMADI?

 

Etibar Pirverdiyev dövlət başçısı tərəfindən ona ünvanlanan "Xalq və ölkə qarşısında utanmalısınız!” kəlməsi ilə xilas oldumu?

Namizəd Səfərov: "Əgər Pirverdiyevin bu ölkədə ən azı 30 imarətinin, evinin olduğunu sübut edə bilməsəm, qoy gəlib məni həbs etsinlər”

"Bu gün bütün sahələrdə vəziyyət ağırdır. Ən acınacaqlısı isə təhsil sahəsindəki rüşvətxorluqdur. Çünki hər şey təhsildən başlayır. Məktəblərdə, universitetlərdə açıq bazardır, şagirdlər, tələbələr qiyməti pulla alır. Buna görə də bütün sahələrdə mütəxəssislər azalır. Təbii ki, bu energetika sahəsinə də aiddir”

Bir neçə gün öncə ölkəni qaranlığa qərq edən Mingəçevir elektrik yarımstansiyasındakı partlayışı araşdırmaq məqsədilə komissiya yaradıldığı, cinayət işi açıldığı bəyan edilsə də, bu günədək məsələ ilə bağlı ictimaiyyətə heç bir açıqlama verilməyib, üstəlik heç kəs də məsuliyyətə cəlb olunmayıb.

Prezidentin başçılığı ilə keçirilən müşavirədə əksər məmurlar "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidentinə hücuma keçsə də, energetika sahəsində ciddi yeyinti baş verdiyi vurğulansa da, Etibar Pirverdiyev bu günədək tutduğu vəzifədən kənarlaşdırılmayıb. O cümlədən, partlayışın təxribat olduğu da rəsmi olaraq etiraf olunmayıb.

Yaranmış vəziyyət bir sıra suallara meydan açır. Əgər Mingəçevir İES-də baş verən qəza həqiqətən korrupsiya səbəbindən baş veribsə, o halda Etibar Pirverdiyev və digər məsul şəxslər nədən məsuliyyətə cəlb olunmur? Əgər partlayışa səbəb təxribatdırsa, niyə bu günə qədər bununla bağlı rəsmi açıqlama verilməyib?

Bu suallara cavab tapmaq üçün hüquqşünas Namizəd Səfərova müraciət etdik. Onun şərhini sizə təqdim edirik:

"Bir neçə gün əvvəl ölkənin bütün ərazisində demək olar ki, iki gün ərzində elektrik enerjisi verilməsinin kəsilməsi bütün dünyada qeyri-adi bir hadisə kimi qiymətləndirildi. Dünyanın heç bir sivil ölkəsində elektrik sistemində baş verən hər hansı nasazlıq, yaxud qəza nəticəsində bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsi halına rast gəlinmir. Düzdür, ayrı-ayrı rayonlarda, bölgələrdə yüksək gərginlikli elektrik xətlərinin qırılması adi haldır. Qar uçqunu, yaxud, hər hansı avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində dirək uça və elektrik enerjisinin verilməsi kəsilə bilər. Amma hətta ucqar dağ massivlərində belə, bu problem bir neçə saat ərzində aradan qaldırılır. Bizdə isə bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsi baş verdi.

Son günlər respublika ərazisində müşahidə olunan anomal istilər fonunda adıçəkilən olay daha ciddi fəsadlara yol açdı və əhalinin kəskin narazılığına səbəb oldu.

Nazirlər Kabinetində prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə bu məsələ guya müzakirə olundu. Amma nədənsə bu günə kimi heç bir yetkili ictimaiyyət qarşısında baş verən olayla bağlı açıqlama verməyib. Kimsə, "nədən Mingəçevir İES-də baş verən qəza nəticəsində elektrik enerjisi verilişinin kəsilməsi bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsi ilə nəticələndi” sualını cavablandırmayıb.

Bayılda hələ 18-ci əsrin sonlarında inşa edilən istilik elektrik stansiyası vardı. Bakıda Olimpiya Oyunlarına hazırlıq işləri aparılanda düz 100 il Bakı əhalisinə canla-başla xidmət göstərən, 100-lərlə işçisi olan həmin stansiyanı ləğv etdilər, Şüvəlan ərazisində də Şimal Qress adlanan ərazidə İES var. Həmin stansiya modernləşdirilib və Bakı şəhərinin böyük hissəsini elektriklə təchiz etməlidir. Bəs həmin stansiya nədən işə düşmədi? Bəs ölkə ərazisinin böyük bir hissəsini elektrik enerjisi ilə təhcis edən Şirvan İES nədən işləmədi?

Bu günə qədər vətəndaşların bütün etirazları, tələbləri cavabsız qalıb, "Azərenerji” rəsmilərindən heç kəs baş verən olayla bağlı vətəndaşlardan üzr istəməyib, heç kəs məsuliyyətə cəlb olunmayıb. Prezidentin bir kəlmə "Xalq və ölkə qarşısında utanmalısınız!” kəlməsi ilə hər şey bitdimi?”

N.Səfərov hesab edir ki, Mingəçevir olaylarının arxasında təxribat elementləri axtarmaq doğru deyil: "Baş verən olayı təxribat kimi qələmə verənlər də az deyil. Amma burada heç bir təxribat yoxdur. Baş verənlər yarıtmaz idarəçiliyin nəticəsidir. Ölkədə korrupsiya baş alıb gedir, özü də bütün sahələrdə. Ümumiyyətlə, bu ölkədə baş verən bütün neqativ haqlların kökündə korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı dayanır.

Məmurlar cinayət əməllərinə görə cəzalandırılmadıqları üçün günü-gündən daha da azğınlaşır, haram pulla özlərinə villalar tikdirməklə, dəbdəbəli həyat sürməklə məşğuldurlar. Götürək elə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi. Qaçqınlar, işsizlər ölkəsinin məmuru 5 mərtəbəli imarəti hansı pulla tikdirib, görəsən?

Bu adam cəzalandırılmalıdır ki, başqa məmurlara da dərs olsun. Etibar Pirverdiyev dövlətin energetika sahəsinə ayırdığı investisiyaları mənimsəyir, amma nədənsə buna göz yumulur. Baş prokuror Zakir Qaralov müxalifətçilərə gələn 100 manatın arxasınca qaçır, sanki bu adamlar acından ölməlidirlər. Bir müxalifətçi bu ölkədə işləmir, hətta həyat yoldaşlarını da işdən çıxarırlar. Xaricdə yaşayan dostu müxalifət düşərgəsində olan bir nəfərə 100 manat pul yollayanda buna korrupsiya donu geydirirlər, amma Pirverdiyev kimilərinin malikanələrini nədənsə görən yoxdur. Əgər Pirverdiyevin bu ölkədə ən azı 30 imarətinin, evinin olduğunu sübut edə bilməsəm, qoy gəlib məni həbs etsinlər.

Elə nazirlərimiz var ki, onların bu ölkədə 10 min kvadrat metrdən çox sahəsi olan mənzilləri, evləri var. Hacıbala Abutalıbovun villasının ucu-bucağı görünmür. Bütün bunlara nə ad vermək olar, sizcə?

Bu vəziyyətdə əhaliyə etiraz etmək imkanı da verilmir. Küçəyə çıxana xarici kəşfiyyat orqanlarının xəfiyyəsi damğası vurulur, etiraz aksiyaları təxribat adlandırılır, sosial şəbəkələrdə tənqidi, ifşaedici status paylaşanlar həbs edilir. Öz gözündə tiri görməyən azğın məmurlar müxalifətin gözündə qıl axtarır.

Bu gün bütün sahələrdə vəziyyət ağırdır. Ən acınacaqlısı isə təhsil sahəsindəki rüşvətxorluqdur. Çünki hər şey təhsildən başlayır. Məktəblərdə, universitetlərdə açıq bazardır, şagirdlər, tələbələr qiyməti pulla alır. Buna görə də bütün sahələrdə mütəxəssislər azalır. Təbii ki, bu energetika sahəsinə də aiddir.

Bu problemlər yüksək səviyyədə araşdırılıb aradan qaldırılmasa, ölkədə vəziyyət daha da ağırlaşacaq”.

Banu Oğuz, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}