“Bu, azad sözə yönələn səlib yürüşüdür” - Əvəz Zeynallı: “Azərbaycanda söz azadlığının əhatə dairəsini mümkün qədər daralatmaq istəyirlər”

 

Sırağagün Səbayel Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin xural.comsaytının bloklanması haqda müraciətinə baxılıb. Mərkəz saytda dərc edilən yazılarda "Kibertəhlükəsizlik haqqında” və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunların pozulduğunu bildirib.

Bildirilir ki, söhbət Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd, Sabunçu xəstəxanasında xəstələrin ölümü, baş nazirin müavini Əli Həsənovun nəvəsinin vaxtından əvvəl azadlığa buraxılması, bloger Mehman Hüseynova ölüm ayağında olan anası ilə görüşə icazə verilməməsi ilə bağlı 4 yazıdan gedir.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha bir neçə saytın bloklanması ilə bağlı məhkəməyə müraciət edib. Avqustun 7-də az24saat.org saytının bloklanması ilə bağlı məhkəməyə müraciət edən və dərhal bloklanması barədə qərar verilməsinə nail olan nazirlik, ardınca arqument.az, xural.com saytlarının bloklanması ilə bağlı məhkəməyə müraciət edib.

"Güman ki, yaxın günlərdə "Xural” bloklanacaq”

Məsələ ilə bağlı xural.com saytının baş redaktoru Əvəz Zeynallı "Hürriyyət”ə bildirdi ki, srağagün Səbail rayon Məhkəməsi Şahin Abdullayevin sədrliyi ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iddiası əsasında "Xural”a girişi məhdudlaşdırıb: "Amma bu, "Xural” saytının bağlanması deyil. Bu, sayta girişin ölkə ərazisində məhdudlaşdırılmasıdır. Biz buna xalq dilində bloklanma deyirik. Güman ki, yaxın günlərdə bloklanacaq. Çünki hakim dərhal bloklama qərarı verib”.

"Azərbaycanda söz azadlığının əhatə dairəsini mümkün olduğu qədər daralatmaq istəyirlər”

"Bizə qarşı bu təzyiqlər, təqiblər həmişə var. Son 15 ilin tarixi bizim təqibolunma tariximizdir. Son ildə iki dəfə Baş Prokuroluğa dəvət ediblər. İki dəfə Baş Prokurorluq bizə tamamilə qanunsuz olaraq, öz səlahiyyət həddini aşaraq, xəbərdarlıq elan edib. 2017-ci ilin dekabrında "Xural”a hökumət nümayəndələri və məmurların təşkil etdirdiyi xaker hücumu nəticəsində ay yarımdan çox sayt işləməyib. Heç əlaqəsi olmayan cinayət işləri ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə çağırılmışam. Yəni bu, təzyiq, təqib bizə həmişə var. Bu, təbii ki, konkret olaraq "Xural”a və Əvəz Zeynallıya qarşı da deyil. Bu, bizim mövqeyimizə və azad söz üzərinə yönələn bir səlib yürüşüdür. Yəni Azərbaycanda söz azadlığının əhatə dairəsini mümkün olduğu qədər daralatmaq istəyirlər”, - baş redaktor vuğuladı.

Ə. Zeynallı hesab edir ki, bloklanan saytların hamısına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xəbərdalıq məktubu daxil olmalıdır: "Qanuna görə, nazirlik 8 saat vaxt verməlidir ki, bu yazıları çıxardın. 8 saatda o yazıları çıxarmadığımız təqdridə nazirlik məhkəməyə müraciət edə bilir və saytın bloklaşdırmasını həyata keçirməyi ondan xahiş edir. Amma bizə Rabitə Nazirliyi xəbərdarlıq məkubu göndərməmişdi və biz xəbərdarlıq məktubu olmadan məhkəməyə getdik. Hətta mən yazıların saytdan çıxarıldığını desəm də, hakim ona məhəl qoymadı. Bu da görünür, dəqiq sifarişin nəticəsidir ki, saytlar bloklanmalıdır”.

"Biz başqa saytalarda dərc olunan və təkzib olunmayan yazılara görə bloklanmışıq”

"O ki qaldı "Xural”dakı hansı yazılar görə məhkəmə bizə müraciət edib, bizə 4 yazıya görə müraciət olunmuşdu. Bunun ikisi azpolitoka.az-da, biri "Turan” İnformasiya Agentliyində, biri də "Azərbaycan reallığı.com” saytında dərc olunub. Yəni yazının heç biri "Xural”ın yazısı deyil. Biz başqa saytalarda dərc olunan və təkzib olunmayan yazılara görə bloklanmışıq”, - deyə baş redaktor nəzərə çatdırdı.

"Biz Ramin Quluzadəni məhkəməyə verəcəyik”

Ə.Zeynallı onu əlavə etdi ki, saytın bloklanmasına qarşı addımları daimi olacaq: "Təbii ki, apellyasiya şikayəti verəcəyik. Ondan sonra Avropa Məhkəməsinə qədər gedəcəyik. Ayrıca, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini məhkəməyə verəcəyik. Çünki onlar bizi heç bir əsas, qanuni səlahiyyət olmadan ittiham edirlər, həm də bizim haqqımızda qərar çıxarılmasına səbəb olublar. Ona görə də biz Ramin Quluzadəni məhkəməyə verəcəyik”.

Şamo EMİN



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}