Gürcüstanda yeni siyasi dönəm başlayır - POLİTOLOQ ŞƏRHİ

Gürcüstanda yeni siyasi dönəm başlayır - POLİTOLOQ ŞƏRHİ

 

Natiq Cəfərli: "Gürcüstanda prezident seçiləcək sürpriz isim də çıxa bilər”

"Gürcüstanda prezident simvolik xarakter daşıyan bir vəzifəyə çevrilir”

"Bu, İvanaşivilinin siyasətdən çəkilməsi deyil. Bunu baş nazir postu uğrunda başqa partiyalarla koalisiya quraraq, gələcəkdə yenidən hakimiyyət qurmaq və hakimiyyəti ələ almaq üçün bir manevr kimi dəyərləndirmək olar”

Artıq qonşu Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi başlayıb. Seçkilərdə təhlükəsizliyi xüsusi polis qrupları təmin edəcək. Bununla əlaqədar olaraq Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya xüsusi əmr imzalayıb. Əmrə əsasən, xüsusi qruplar sentyabrın 30-dək tam formalaşdırılacaq.

DİN-in müxtəlif təyinatlı strukturlarının əməkdaşlarının daxil olacağı xüsusi qruplar seçkiqabağı kampaniya zamanı və səsvermə günü baş verə biləcək bütün hüquqpozmalarının qarşısını alacaq. Bu qruplar, həmçinin seçki bülletenlərinin hazırlanması və paylanması qaydalarına da nəzarət edəcək. Seçki günü bu qruplar seçki məntəqələrinin yaxınlığında sabitliyə nəzarət edəcəklər və bütün siyasi qrupların hüquqlarını bərabər şəkildə qoruyacaqlar.

Konstitusiyaya edilən son dəyişikliklərə görə, bundan sonra Gürcüstanda dövlət başçısını 150 nəfərlik parlament seçəcək. Yeni seçiləcək prezident isə 5 il deyil, 6 il Gürcüstana rəhbərlik edəcək. Dövlət başçısı postuna iddialı şəxslərin namizədliklərini irəli sürməsi üçün sentyabrın 8-nə kimi vaxt verilib.

Nəzərə çatdıraq ki, hazırda Gürcüstan prezidenti olan Georgi Marqvelaşvili özü namizəd olmayacağını bəyan edib. Ölkəyə girişi qadağan olunan keçmiş Gürcüstan prezidenti Saakaşvili isə Gürcüstana gələcəyi təqdirdə baş nazir olacağını elan edib. İki dəfə seçkidə qələbə çalıb, ölkəyə rəhbərlik edən "Gürcü arzusu” Partiyası isə bu dəfə seçkiyə qatılmayacağını bildirib. Hətta "Gürcü arzusu” Partiyasının lideri Bdzina İvanaşvili 3-cü dəfə hakimiyyətə iddialı olmağı siyasi əxlaqdan kənar saydığını deyib. O bildirib ki, hakim partiya müxalif namizədlərindən birinə dəstək verəcək

Hazırda seçkilərin iki əsas namizədi var. Bunlar müxalifət düşərgəsindən olan keçmiş spiker David Bakradze və keçmiş xarici işlər naziri Qriqor Vaşadzedir. Digər prezidentliyə iddialı namizədlər isə parlamentin keçmiş spikeri Nino Burcanadze, Gürcüstan Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili, Gürcü Partiyasının sədri Zurab Caparidze, "Gürcü marşı” hərəkatından Sandro Breqadze, "Quruculuq hərəkatı” Partiyasının lideri David Usupaşvilidir.

Gürcüstanda keçiriləcək prezident seçkiləri ölkəmiz, əsasən orada yaşayan soydaşlarımız üçün ciddi önəm kəsb edir. O baxımdan, Gürcüstanda baş verən prosesləri də diqqətdə saxlamaq vacibdir.

""Gürcü arzusu” Partiyası onsuz da təkbaşına iqtidar ola bilməyəcək”

Картинки по запросу Natiq Cəfərli

Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə bağlı REAL Partiyasının icra katibi Natiq Cəfərli "Hürriyyət”ə bildirdi ki, Gürcüstanda kimin prezident seçilməsindən çox sistem dəyişikliklərinin olması vacibdir: "Çünki parlamentar sistemə keçid Gürcüstanın dayanıqlı inkişafının əsasını təşkil edir. Ona görə ki, parlamentar sistem prezident respublikasından daha effektivdir. Təəssüf ki, dünyada tək Amerikadan başqa, uğurlu prezident respublikası modeli yoxdur. Ona görə də kimin prezident olacağından çox, keçidin özü daha əhəmiyyətlidir. Gürcüstanda parlament tərəfindən seçilmiş prezident nəinki real gücə malik olacaq, daha çox simvolik və təmsilçilik vəzifələləri daşıyacaq. Prezident seçiləcək şəxsin yeganə işi barışdırıcı, yəni hər hansı bir konflikt yaranacaqsa və yaxud hökumət formalaşması çətinləşəcəksə, yeni seçkilərin təyin olunması və yaxud başqa siyasi partiyalarla birgə dialoqun təşkil olunması, xarici qonaqların qarşılanması və qəbulu, özünün səfərləri olacaq. Yəni Gürcüstanda prezident daha çox simvolik xarakter daşıyan bir vəzifəyə çevrilir. Ona görə, İvanaşivilinin bu açıqlamasını bu kontekstdən dəyərləndirmək lazımdır. Yəni artıq orada baş nazir postu urğunda mübarizə aparmaq daha məntiqli və effektivdir, nəinki prezidentlik uğrunda hər hansı bir güc sərf etmək. Bu nöqteyi-nəzərdən anlaşılandır. Yəni bu, İvanaşivilinin siyasətdən çəkilməsi deyil. Bunu baş nazir postu uğrunda başqa partiyalarla koalisiya quraraq, gələcəkdə yenidən hakimiyyət qurmaq və hakimiyyəti ələ almaq üçün bir manevr kimi dəyərləndirmək olar. Çünki əgər prezident seçkilərində digər müxalif partiyaları dəstəkləyəcəklərsə, bu, qarşılığında parlament seçkilərində müəyyən koalisiyaların qurulması üçün ilkin razılaşmanın olması deməkdir. Gələcəkdə "Gürcü arzusu” Partiyası onsuz da təkbaşına iqtidar ola bilməyəcək, İvanaşvili bunu anlayır. Ona görə də baş nazir postu urğunda mübarizədə prezident postunu digər gələcək potensial müttəfiqlərinə güzəştə getməyə hazırdır. Bu bəyanatı bu cür oxumaq olar”.

"İndiki hakim partiyanın böyük çoxluğunu parlamentdə qoruması çətin olacaq”

Cəfərlinin fikrincə, yeni seçiləcək parlamentdə bir partiya çoxluq təşkil etməyəcək:"Koalisiyalar həlledici rol oynayacaq. Kiçik partiyaların koalisiyalarda aldığı rol həlledici və açar funksiyaya malik olacaq. Çünki görünən odur ki, Gürcüstanın içində son vaxtlar müxtəlif məsələlərlə bağlı ciddi etirazlar oldu və iqtisadiyyatda müəyyən problemlər yaşandı. "Gürcü arzusu” Partiyasının az da olsa dəyərdən düşməsini müşahidə etdik, vergilər artdı, qiymət artımı yüksəkdir. Təqribən 8-9 faiz inflyasiya var. Yəni müəyyən problemlər var. Ona görə də indiki hakim partiyanın böyük çoxluğunu parlamentdə qoruması bir az çətin olacaq. Amma mənə elə gəlir ki, seçkilərdən həmən sonra parlamentə düşə biləcək kiçik partiyalarla yaradılacaq koalisiyalar hökumətin formalaşmasında həlledici rol oynayacaq. İvanaşvilinin də atdığı addımlar onu göstərir ki, bu koalisiyalara açıqdır. Yəni müəyyən güzəştlərin, əsasən də prezident postunu güzəşt etməyin müqabilində gələcəkdə müəyyən koalisiyaların yaradılması üçün zəmin yaradır”.

"Bütün partiyalarla məsafəli qala biləcək bir şəxsin prezident seçilməsi ehtimalı daha yüksəkdir”

"Prezidentliyə iddialı namizədlər bir neçə nəfər olsa da, əsasən parlamentin keçmiş spikerləri David Bakradze, Nino Burcanadze və10 siyasi partiyanın vahid namizədi, Vahid Milli Hərəkat Partiyasının üzvü, seçki prosesinin ən şanslı namizədi sayılan keçmiş xarici işlər naziri Qriqol Vaşadzedir. Bu şəxslərdən daha çox kimin prezident olmaq şansı çoxdur” sualna N. Cəfərli belə cavab verdi: "Mənə elə gəlir ki, prezident seçkiləcək sürpriz isim də çıxa bilər. Gənc, daha ambisioz bir ismin də çıxması ehtimalı var. Qeyd etdyim kimi, Gürcüstanda prezident əhalinin böyük əksəriyyətinin qəbul etdiyi bir şəxs olmalıdır. Adı çəkilən şəxslər cəmiyyətin böyük bir kəsimi tərəfindən qəbul olunmur. Məsələn, Nino Burcanadzeni cəmiyyətin bir qismi qəbul etmir, hətta onun Rusiya ilə əlaqələrinin daha geniş olması ilə bağlı məlumatlar dolaşır. Bu nöqteyi-nəzərdən ola bilər ki, sürpriz bir isim çıxsın. Bu günə qədər adı hallanmayan bir adam, cəmiyyətin hörmətinin qazanmış, bütün partiyalarla məsafəli qala biləcək və bütün partiyaları obrazlı desək, qucaqlaya biləcək bir şəxsin seçilməsi ehtimalı daha yüksəkdir”.

"Saakaşvilinin partiyası parlamentə 30 faizə yaxın yer qazana bilsə...”

"Parlament seçkilərində Saakaşvilinin partiyasının alacağı səslər indiki sorğulara görə, təqribən 20-25 faiz civarında görünür. Seçkilərə hələ bir müddət var. Ola bilər ki, müəyyən dəyişikliklər olsun. Əgər Saakaşvilinin partiyası parlamentdə 30 faizə yaxın yer qazana bilsə, mənə elə gəlir ki, müəyyən koalisiyalar şəkilində siyasətə daha aktiv müdaxilə edə və təsir göstərə bilər. Yəni hər şey onun partiyasının seçkilərdə yığacağı səs faizindən asılı olacaq. Əgər 20 faizdə qalsa, hətta 20-dən aşağı düşsə, bundan sonra, artıq Saakaşvili faktorunun Gürcüstanda qapandığını söylmək mümkün olacaq”, - dedi Cəfərli.

"Saakaşvilinin partiyası 30 faizdən yuxarı səs toplaya bilsə, onun aktiv siyasətə başlaması real olacaq”

N.Cəfərli onu da əlavə etdi ki, Saakaşvilinin seçkilərə qatılması indki şəraitdə mümkün görünmür: "Çünki onun haqqında cinayət işi var. Bu gələcək siyasi anlaşmanın tərkib hissəsi kimi ola bilər. Əgər seçkilərdə onun partiyası 30 faizdən yuxarı səs toplaya bilsə, o zaman Gürcüstana qayıdıb, aktiv siyasətə başlaması real olacaq”.

"Gürcüstan əhalisi artıq Qərbyönlü siyasətin davam etdirilməsindən yanadır”

"Gürcüstanda maraqlı bir nüans yaranıb. İvanaşvilinin komandası Rusiya ilə münasibətlərin kifayət qədər yaxşılaşmasına nail olub. Onun komandasının hakimiyyətdə olduğu müddətdə Rusiya ilə həm ticarət, həm də turizm dövriyyəsi artdı. Yeri gəlmişkən, son 3 ildə Gürcüstana gələn turistlərin böyük əksəriyyəti Rusiyadan gəlir. Bu da Gürcüstan büdcəsinə müsbət təsir göstərir. Gürcüstanın ixracatının da az qala yarısı Rusiyaya olur. Əsasən də alkoqollu içkilər, mineral sular, kənd təsərrüfatı məhsulları Rusiyaya ixrac olunur. Gürcüstanda yaşayan əhali də artıq bunun bəhrəsinin görməyə başlayıb. Buna görə də mənə elə gəlir ki, nə qədər qəribə səslənsə də, Abxaziya, Cənubi Osetiya məsələsi, yəni Rusiyanın orada işğal faktorunun olmasına baxmayaraq, Gürcüstan əhalisində Rusiyaya münasibət son 10 ildə pozitivə doğru dəyişib. Yəni 2008-ci ildə münasibət həddindən artıq neqativ idi. Əhalinin böyük əksəriyyəti Rusiyanı düşmən kimi görürdü. Bu gün artıq münaibətlər daha loyaldır, pozitivdir. Amma ümumilikdə Gürcüstan hökumətində, cəmiyyətində üstün cəhət ondan ibarətdir ki, Qərbyönümlü yol artıq dönülməz hal alıb. Gürcüstanda "biz daha Avropa Birliyinə üzv olmaq, NATO ilə əməkdaşlıq etmək istəmirik və tamamilə bu yoldan əl çəkirik” deyən Rusiyameylli partiya yoxdur və həmin partiya uğur qazana bilməz. Bu da orada qurulmuş sistemin dayanıqlılığını sübut edir və əhəmiyyətli olan amil də budur. Yəni Gürcüstan əhalisi artıq Qərbyönümlü siyasəti mənimsəyib, Qərbyönlüm siyasətin davam etdirilməsindən yanadır”,- deyə REAL sözçüsü vurğuladı.

"Jurnalistlərin Tiflisə buraxılmaması Rusiyaya bir mədəni xəbərdarlıq kimi də səslənə bilər”

"Rusiyaya münasibət pozitivə doğru dəyişibsə, dünən rusiyalı jurnalistlərin Tiflisə buraxılmaması nədən xəbər verir” sualını isə N. Cəfərli belə cavablandırdı: "Gürcütan qanunvericiliyinə görə (onlar da işğal olunmuş torpaqlar haqqında qanun var. Yeri gəlmişkən biz də belə bir qanunvericiliyə ehtiyac var), qara siyahıya salnmış jurnalisitlərin və digər şəxslərin Gürcüstana girişinə qadağa qoyula bilər. Mənə elə gəlir ki, jurnalistlərin Tiflisə buraxılmaması məhz bununla əlaqdardır. Belə insidentlər zaman-zaman olur. Azərbaycanla Rusiya arasında bəzi şəxslərin Dağlıq Qarabağa səfərləri ilə də bağlı belə insidentlər olur. Qərb ölkələri ilə də bağlı olur. Hətta dünən Amerika vətəndaşının icazə olmadan Dağlıq Qarabağa səfər etməsi ilə bağlı Azərbaycan Amerika Birləşmiş Ştatlarına nota verib. Amma qlobal götürəndə Gürcüstanla Rusiyanın əlaqələri son 5-6 ildə xeyli irəliləyib. Rusiyanın iri şirkətləri, bankları bu gün də Gürcüstan ərazisində normal fəaliyyət göstərir. Jurnalistlərin Tiflisə buraxılmaması Rusiyaya bir mədəni xəbərdarlıq kimi də səslənə bilər. Çünki Rusiyanın digər ölkələrdə, hətta Amerika kimi ölkədə seçkilərə müdaxilə məsələsi dünyanın ən çox müzakirə etdiyi mövzulardan biridir. Bu, sanki bir mesaj da ola bilər ki, Gürcüstan seçkilərinə müdaxilə etmək fikirlərindən vaz keçsinlər”.

Şamo EMİN, Hurriyyet.org




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}