Xəzər sahilini işğal edən Füzuli Ələkbərov ikinci İsmayıllı hadisələri “yetişdirir”

 

 

               Belə ki, F.Ələkbərov yaşadığı Sahil qəsəbəsini rəsmən iki yerə bölüb 


 


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, "İmprotex” şirkətlər qrupunun qurucusu və prezidenti Füzuli Ələkbərov ilə bağlı sensasiyalı video yayılıb. Avtosfer.az saytının yaydığı videoda F.Ələkbərovun ikinci İsmayıllı hadisələrini Bakının yaxınlığında-Sahil qəsəbəsində hazırladığı iddia olunur. Bildirilir ki, xalqın yolunu kəsib, dənizə çıxışını bağlayan Ələkbərovlar vaxtilə, İsmayıllıda xalqı dövlətə qarşı üsyan həddinə çıxartdı.

Tarixə İsmayıllı hadisələri kimi keçən olaylar 23 yanvar 2013-cü ildə başladı. Füzuli Ələkbərovun oğlu Vüqar "Hammer” markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törədib, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döydü. Rayon sakinləri buna mane olmağa çalışsa da, Füzuli Ələkbərovun oğlu və dostları İsmayıllı əhalisini söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlərin həmin şəxsləri döyüb və Ələkbərova məxsus olan Çıraq hotelini və Hammer markalı maşını yandırdılar. Sakinlərin Çıraq hotelini yandırmalarının əsas səbəblərindən biri də həmin hotelin əslində varlı məmur övladları tərəfindən əxlaqsızlıq yuvası kimi istifadə etmələri idi. Daha sonra mitinq keçirən 3 min nəfərdən çox rayon sakini icra hakimiyyəti binasına doğru yürüş etdilər.

Yalnız sərt tədbirlər nəticəsində xalq üsyanının qarşısını almaq mümkün olub. Hadisədən bir neçə həftə sonra icra başçısı, Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi. Bir neçə ay sonra isə Vüqar Ələkbərovun atası Füzuli Ələkbərov da tutduğu vəzifədən uzaqlaşdırıldı.

Hazırda isə xalq Ələkbərovların əlindən Sahil qəsəbəsində cana doyub. Belə ki, F.Ələkbərov yaşadığı Sahil qəsəbəsini rəsmən iki yerə bölüb. "Primorski” də adlandırılan kiçik qəsəbə əslində Ələkbərovların Azərbaycana ikinci "İsmayıllı hədiyyəsi” olması mümkündür. Belə ki, qəsəbədə az qala hər daşın sahibi olmaqla bərabər dənizə gedən yolu "şlaqbaum”la kəsən Ələkbərovlar dənizi də rəsmən işğal ediblər. Belə ki, dənizin sahilində gəzmək istəyən insanlar gərək yüz metrə dənizə girərək, üzə-üzə sabiq nazirə məxsus "Batabat” restoranının ətrafından fırlansınlar, ya da tamamən qəsəbənin içinə doğru gedib, kilometrlərlə məsafə qət edərək, "Batabat”ın digər tərəfinə keçsinlər. Çünki nazirin restoranı Çin səddi kimi ərazini işğal edib. Yəqin ki, dövlət Sahil qəsəbəsində insanların əsəbləri ilə oynayan, eynilə İsmayıllıda olduğu kimi sadə vətəndaşlara təhqiramiz münasibət sərgiləyən Ələkbərovların bu özbaşınalığına "dur” deyəcək və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də Xəzəri "batabat”a salan "Çin səddi”ni yerlə-yeksan edəcək. Bu bütün sahillilərin arzusudur.

"40 dəqiqəlik yağış” Qorxmaz Hüseynovun karyerasını bitirə bilər

Bakı meriyasının ittihamı prokuror ittihamına çevrilə bilər

Payızın gəlişi ilə paytaxtın "qara günləri” başladı. Sentyabrın 23-də paytaxtın əksər hissəslərinə yağan intensiv, ancaq qısa müddətli  yağışlar nəticəsində Bakının əksər küçələri selə təslim oldu. Yaranmış vəziyyət o qədər acınacaqlıdır ki, məmurların bəraət qazanmaq cəhdləri tamamilə əks effekt verir. Məsələn, Bakı Şəhər İcra Hakimiyyətindən yayılan məlumatın ilk cümlələrinin birində belə bir fikir yer alıb: "Proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərində yerləşən obyektləri basıb”.

Hələlik isə qayıdaq Bakı Şəhər İcra Hakimiyyətindən yayılan məlumata. Məlumatda deyilir ki, 40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122%-i (norma - 17.2 mm) deməkdir. Nərimanov rayonunda bu göstərici hətta 191% olub. Bu da fövqəladə hal olaraq, bir növ təbii fəlakət sayılır. Meriya onu da qeyd edir ki, fövqəladə halla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, "Azərcu” ASC, Fövqəladə Hallar Nazirliyi, paytaxtın və rayonların təsərrüfat xidmətlərinin əməkdaşları, texnika və avadanlıqları səfərbər olunmuş, leysanın fəsadlarının aradan qaldırılması istiqamətində konkret tədbirlər görülüb.

Ancaq Bakı Şəhər İcra Hakimiyyətindən yayılan məlumatda ən önəmli məqam "Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə bağlıdır. "Mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbi də olmuşdur. Belə ki, son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikilən çoxsaylı yeni tikililərin daha da çoxalması, həmçinin müstəqil qurum olan "Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi də buna səbəb kimi göstərilə bilər”. Burada diqqət çəkən əsas məqam günahın "müstəqil qurum olan "Azərsu” ASC-nin” üzərinə qoyulmasıdır.

Azərsu” ASC-nin Bakı Şəhər İcra Hakimiyyətinə də cavabı özünü gözlətmədi.  Belə görünür ki, "Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi fikiri ilə razı deyil. Ancaq Bakı Şəhər İcra Hakimiyyətini də ittiham etməyə cəsarət etməyib. Çünki, "Azərsu” ASC-nin cavabındakı "Həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaradıb”-ifadəsində təxliyyə xətlərinin gec açılmasına görə hansı qurumun günahkar olduğu qeyri-müəyyən qalır. Burada yada yenə də Milli Hidrometeorologiya Departamenti düşür. Bu qurum ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin vaxtnda açılmasını təmin etməli olan qurumu əvvəlcədən xəbərdar edibmi? Edibsə, niyə tədbir görülməyib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərləri bir qayda olaraq bir neçə gün əvvəl edir. Məsələn, sentyabrın 24-də, günün birinci yarısında sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı ilə bağlı xəbərdarlıq yayıldı. Əgər, həmin tarixdə hava şəraitinə görə hansısa fövqəladə hal yaransa, bunun məsuliyyəti ETSN-nin üzərinə qoyula bilməz. Məmurlar vəzifələrini vaxtında və effektli icra etsələr, bu problemlərin böyük hissəsi olmaz.

Bakı Şəhər İcra Hakimiyyətinin 40 dəqiqəlik yağışın günahını "Azərsu” ASC-nin üzərinə qoyması eyni zamanda bu qurumun sədri Qorxmaz Hüseynovun mövqelərinin zəiflədiyini göstərir. Adının çəkilməsini istəməyən ekspert qeyd edir ki, Mingəçevirdə baş verən qəza Etbar Pirverdiyevin karyerasına son qoyduğu kimi, 40 dəqiqəlik yağışdan sonra Bakının selə qərq olmasına görə Qorxmaz Hüseynovun vəzifəsini itirməsi də mümükün variantlardan biridir. Ekspet hesab edir ki, Bakı meriyasının ittihamı prokuror ittihamına çevrilmə ehtimalı da var. Çünki, son illər "Azərsu” ASC-nin fəaliyyətinin təmin edilməsinə, ayrı-ayrı layihələrin həyata keçirilməsinə çox böyük pullar ayrılıb. Ancaq indi məlum olur ki, bütün bunlara baxmayaraq 40 dəqiqəlik yağış Bakıda sel fəlakəti yaratmağa qadirdir. Bu isə həmin vəsaitlərin mənimsənilməsi ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olur. "Azərsu” ASC-yə ayrılan külli miqdarda büdcə vəsaitləri və xarici maliyyə institutlarından alınan kreditlərlə bağlı araşdırma aparmağa çalışacağıq.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}