"Azərbaycanda məmurların gəlir deklarasiyası qəbul olunmalıdır” - EKSPERT

"Azərbaycanda məmurların gəlir deklarasiyası qəbul olunmalıdır” - EKSPERT

 

Məhəmməd Talıblı: "Məmurların bizneslə məşğul olmasından həm dövlətin fiskal qurumları, həm də istehlakçı itirir”

"İnhisarçılar həm dövlətin fiskal qurumlarının, həm də istehlakçıların cibinə girmək hesabına hədsiz dərəcədə varlanır"

Bu gün əsasən kiçik və orta bizneslə məşğul olan sahibkarlar müxtəlif dövlət qurumları tərəfindən əsassız yoxlamalarla üzü-üzə qalırlar ki, bu da sonda onların fəaliyyətlərinə mənfi təsir göstərir, əldə olunan gəlirin böyük bir hissəsinin itirilməsi ilə nəticələnir. Belə ki, bəzi qurumlar, pulu və mənfəəti hər şeydən üstün tutan məmurlar dövlət tərəfindən onlara verilən səlahiyyətlərdən sui-istifadə edərək sırf şəxsi məqsədlərini reallaşdırmaq naminə sahibkarların qarşısına süni əngəllər çıxarır, onların əlavə problemlərlə üz-üzə qalmalarına səbəb olurlar.

Təəssüf ki, bu, bir faktdır və ayrı-ayrı vaxtlarda həm kütləvi informasiya vasitələri, həm qeyri-hökumət təşkilatları, iqtisadçı ekspertlər, eləcə də dövlət rəsmiləri də bəzi qurumların ölkədə biznes mühitinin inkişafına mane olduqların açıq şəkildə bəyan ediblər. Məsələn, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən ölkə başçısı da məhz bu məqama toxunaraq müvafiq orqanlara öz kəskin iradını bildirib. Qeyd edək ki, "Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq. Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir" deyən dövlət başçısı bəyan edib ki, yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır: "Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır". Gördüyünüz kimi, ölkə başçısı da bir sıra qurumların sahibkarlara, iş adamlarına qarşı aqressiv davranmasından, onları yersiz yerə əlavə xərcə salmasından və digər neqativ hallardan yetərincə məlumatlıdır.

Nəzərinizə çatdıraq ki, prezident bir neçə gün öncə Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş iclasında da ölkə iqtisadiyyatı, həyata keçirilən sosial-iqtisadi siyasət və problemlər barədə mühüm məqamlarla bağlı mövqeyini bildirib. Vergi orqanlarında ciddi struktur islahatlarının aparıldığını deyən ölkə başçısı qeyd edib ki, qarşıda duran əsas vəzifələrdən biri də kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Bundan başqa, vergidən yayınma hallarına son qoyulmasının vacibliyini vurğulayan, o cümlədən sahibkarların bir qisminin bəzi dövlət məmurlarına arxalandığını bildirən dövlət başçısı bəyan edib ki, bu məsələdə heç kimə güzəşt olunmayacaq: "Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq".

Bütün bunların fonunda qəti əminliklə demək olar ki, müxtəlif biznes strukturlarının ardarda yoxlamalara məruz qalması son nəticədə ölkədə normal sahibkarlıq mühitinin formalaşmasına imkan vermir. Ümumiyyətlə, bir qədər öncə də qeyd etdiyimiz kimi, bu gün bu sahədə ciddi problemlər mövcuddur. Misal kimi, bürokratik əngəlləri, sahibkarların işlərinə əsassız müdaxilələri, rüşvət və korrupsiyanı, sahibkarlar üçün tələb olunan sənədlərin və prosedurların çoxluğunu, bu sənədləri toplamaq və prosedurları yerinə yetirmək üçün çəkilən xərcləri, vaxt itkisini göstərmək olar. Elə bu səbəbdən də mütəxəssislər hesab edirlər ki, sahibkarlara qarşı müdaxilələrin aradan qaldırılması üçün müəyyən qanunuvericilik aktlarına dəyişikliklərin edilməsi vacibdir. Çünki sahibkarlıq fəaliyyətinə lisenziya verən, nəzarət edən qurumların fəaliyyəti o qədər də səmərəli deyil. Bu səbəbdən də daha təsirli addımların atılması üçün qanunları yenidən gözdən keçirmək, müəyyən korrektələr etmək, məmurların onlara həvalə olunan işin öhdəsindən layiqincə gəlmələrini təmin etmək gərəkdir. Yalnız bundan sonra iş adamlarını, sahibkarları narahat edən problemlər öz həllini tapa bilər.

FED faiz dərəcələrini niyə artırdı? - EKSPERT ŞƏRHİ

Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz iqtisadçı ekspert, "İqtisadi Təhlil İnstitutu" İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblının fikrincə, bu gün biznesə ən çox müdaxilələr dövlət məmurlarından və onların nəzarətində saxladıqları sahələrin inhisarçılığından gəlir. Ekspert hesab edir ki, Azərbaycanda biznes mühitinə mane olan səbəblər aradan qaldırılmasa, hər hansı bir investorların ölkəyə axınından danışmaq mümkün olmayacaq: "Azərbaycanda məmurların gəlir deklarasiyası qəbul olunmalı, onun qaydaları dəqiqləşməli və onun icrası, o cümlədən nəzarəti gücləndirilməlidir. O zaman bilinəcək ki, qeyri-qanunu gəlir haradan gəlir və onun hesabatlılığını vermək məcburiyyətində qalacaqlar".

Məhəmməd Talıblının sözlərinə görə, məmurların bizneslə məşğul olması təkcə istehlakçıların daha artıq vəsait xərclənməsi ilə müşahidə olunmur, bu, həm də dövlət büdcəsinin qazanmalı olduğu vergi və rüsumların itirilməsi deməkdir: "Demək, məmurların bizneslə məşğul olmasından həm dövlətin fiskal qurumları, həm də istehlakçı itirir. İnhisarçılar məhz hər iki subyektin cibinə girmək hesabına hədsiz dərəcədə varlanır. Bu isə ölkədə yaranmş milli gəlirin qeyri-mütənasib bölüşdürülməsinə səbəb olur. Gəlir bərabərsizliyi əslində iqtisadi siyasətin əsas 3 məqsədindən biri olduğu üçün onun önəmini dövlət strukturları aydın dərk etməlidirlər. Çünki bunun optimal nisbətdə olmaması həm də orta təbəqənin olmaması, dayanıqlı cəmiyyət modelinin yaranmaması deməkdir. Bu nisbəti normallaşdıran mexanimzlərdən biri də Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyündən keçir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}