Rusdilli teatrlara xərclənən milyonlar... - Bu pullar milli mədəniyyətimizin inkişafına sərf edilsə, daha yaxşı olmazmı?!

Rusdilli teatrlara xərclənən milyonlar... - Bu pullar milli mədəniyyətimizin inkişafına sərf edilsə, daha yaxşı olmazmı?!

 

Son aylar mətbuatda Azərbaycan məktəblərində rus bölməsinin ləğvi, rus dili tədrisinin ödənişli olması ilə bağlı müzakirələr günün az qala ən aktual mövzularından birinə çevrilib. Təhsil ekspertlərinin fikrincə, ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməlidir. Əks halda, dilin inkişafı üçün stimul, tələbat olmayacaq, onun inkişafı ləngiyəcək. Rusdilli məktəblər isə yalnız özəl ola bilər. Kimin pulu və həvəsi varsa, belə məktəb aça bilər. Bu, hətta Rusiyanın maliyyələşdirdiyi məktəb də ola bilər, amma dövlətimizin büdcəsindən maliyyələşən məktəblərdə təhsil ancaq dövlətimizin rəsmi dilində olmalıdır.

Son illər ölkəmizdə hətta rusdilli olmayan zümrənin belə övladlarını rus dilində oxutmağa can atması, rus bölmələrinə kütləvi axının müşahidə olunması fonunda təbii ki, bu cür fikirlər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Əhalinin rusdilli hissəsi, eləcə də övladlarını bu dildə oxudan vətəndaşlar bunun tam əleyhinədir, onlar rus dilini "dünyaya qapı” adlandırır, rus bölməsində təhsilin daha yüksək səviyyədə olduğunu iddia edirlər.

Keçmiş sovet ölkələrinin əksəriyyətində rus dilindən imtina edilir, Azərbaycanda isə...

Bu iddiaların əslində nə dərəcədə həqiqətəuyğun olduğunu araşdırmağa çalışaq. Bir zamanlar, respublikamız SSRİ-nin tərkibində olanda bütün sənədləşmə rus dilində aparıldığından, eləcə də 15 müttəfiq respublika arasında ümumi ünsiyyət vasitəsi kimi rus dili doğrudan da böyük əhəmiyyət kəsb edirdi. Amma bu gün keçmiş sovet ölkələrinin əksəriyyətində, hətta Rusiyanın vassalı olan Ermənistanda belə rus dilindən imtina edilir, məktəblərdə rus bölmələri bağlanır, rusdilli televiziya kanallarının, teatrların mövcudluğuna son qoyulur. Belə bir vəziyyətdə rus dili nəinki dünyaya, heç post sovet ölkələrinə belə çıxış ola bilməz. Rus dili yalnız Rusiyada karımıza gələ bilər, bu isə həmin dili kütləvi şəkildə öyrənmək üçün əsas ola bilməz.

Rus dilinin, rus ədəbiyyatının zənginliyini heç kəs danmır. Təbii ki, bu dili bilmək, rus klassiklərini orijinalda oxumaq heç də pis deyil. Amma bunun üçün rus dilində təhsil almağa, bu dili məişət dilinə çevirməyə ehtiyac yoxdur. Bu gün respublikamızda, xüsusilə də paytaxt Bakıda kifayət qədər yüksək səviyyəli dil kursları var. Dil öyrənmək istəyən vətəndaşlar öz şəxsi maliyyəsi hesabına həmin kurslara yazıla bilər. Dövlət büdcəsini isə müstəqil dövlətimizin rəsmi dili olan Azərbaycan dilinin öyrədilməsinə, zənginıəşdirilməsi və inkişafına sərf etmək daha məqsədəuyğun olardı.

Bu göstərişin hansı zərurətdən doğduğunu anlamaq çətindir...

Amma bu gün qarşılaşdığımız mənzərə bunun tam əksidir. Belə ki, ötən ay təhsil naziri Ceyhun Bayramov "Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzalayıb. Həmin əmrə əsasən, Azərbaycanın bir sıra məktəb və liseylərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdiriləcək. Nəzərə alsaq ki, qloballaşan dünyamızda ingilis, alman, Çin və s. dillər kimi rus dilindən qat-qat önəmli olan dillər var, bu göstərişin hansı zərurətdən doğduğunu anlamağa çətinlik çəkirsən.

Bundan əlavə, postsovet respublikalarının əksəriyyətində rusdilli teatrlar bağlandığı halda, Bakıda Səməd Vurğun adına Rus Dram Teatrı ilə yanaşı, Azərbaycan Dövlət Musiqili Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında rus dili bölmələri var.

Bu gün milli teatr sənətimizdə həllini gözləyən kifayət qədər problem var, paytaxtda fəaliyyət göstərən milli teatrların (İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Bələdiyyə Teatrı və s.) binası yoxdur, amma nədənsə dövlət büdcəsi əsasən rus və digər əcnəbi dramaturqların əsərlərini səhnələşdirən Rus Dram Teatrının binasının yenidən qurulmasına, rusdilli teatrların maliyyə qayğılarının qarşılanmasına sərf olunur. Bu nə dərəcədə düzgündür? Və nəyə hesablanıb?

Rus Dram Teatrının mövcudluğu milli teatr sənətinin inkişafı üçün nə dərəcədə önəmlidir? Rusiyadan gələn qonaqların öz doğma dilində tamaşaları seyr etməsi üçünmü? Rusiyada kifayət qədər teatr var, odur ki, rusiyalı qonaqların paytaxtımıza məhz rus dilində tamaşa seyr etməkçün səfər etməsi ağlabatan deyil. Bir də ki, Bakıda rusdilli teatrın fəaliyyəti Rusiya üçün bu qədər önəmlidirsə, nədən bu teatr Rusiya Federasiyası tərəfindən maliyyələşdirilmir?

Teatrlardakı rus bölmələri bizə nə üçün lazımdır?

Bəs digər teatrlardakı rus bölmələri bizə nə üçün lazımdır? Azərbaycan dili bizim dövlət dilimizdir və bu dili hamı bilməlidir. Rus dilində tamaşa hazırlayıb rusdilli, rus təfəkkürlü insanların sayını artırmaqdansa, ana dilimizdə səviyyəli, maraqlı səhnə əsərləri nümayiş etdirib ölkə vətəndaşı olan digər xalqların nümayəndələrində Azərbaycan dilinə, milli teatr sənətimizə maraq oyatsaq, daha yaxşı olmazmı? Əcnəbi qonaqlara gəldikdə isə, onlar üçün bizim milli koloritimiz daha maraqlıdır. Odur ki, rusdilli teatrlara xərclənən milyonlarla vəsait milli mədəniyyətimizin inkişafına sərf edilsə, ölkəmiz, dövlətimiz daha çox qazanar və dünya çapında daha çox tanınar, çünki milli olmayan ümumbəşəri ola bilməz.

Banu Oğuz

Rusdilli teatrlara xərclənən milyonlar... - Bu pullar milli mədəniyyətimizin inkişafına sərf edilsə, daha yaxşı olmazmı?!

 

Rusdilli teatrlara xərclənən milyonlar... - Bu pullar milli mədəniyyətimizin inkişafına sərf edilsə, daha yaxşı olmazmı?!

 

Rusdilli teatrlara xərclənən milyonlar... - Bu pullar milli mədəniyyətimizin inkişafına sərf edilsə, daha yaxşı olmazmı?!

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}