Miqrasiya Xidmətinin rəisi "Hürriyyət"in sorğusunu CAVABSIZ QOYDU

Miqrasiya Xidmətinin rəisi "Hürriyyət"in sorğusunu CAVABSIZ QOYDU

 

Görünür, Vüsal Hüseynov "Facebook səhifəmi yalnız özüm idarə edirəm" dedikdə səmimi olmayıb, bu yolla xal qazanmağa, özünü işlək məmur kimi qələmə verməyə çalışıb

Bu gün məmurların, vəzifə sahiblərinin bir qismi kütləvi informasiya vasitələrindən mümkün qədər uzaq qaçır, media ilə ünsiyyət qurmaqdan çəkinirlər. Çünki bu qəbildən olan məmurlar rəhbərlik etdikləri sahələr üzrə çoxsaylı neqativ halların mövcud olduğunu, eyni zamanda əhalinin həmin problemlərdən ciddi şəkildə narahatlıq keçirdiyini çox gözəl bilir və elə buna görə də mətbuat nümayəndələri tərəfindən onlara ünvanlanacaq sualları cavablandırmamaq, özlərini çıxılmaz vəziyyətə salmamaq üçün jurnalistlərlə ünsiyyətdə maraqlı deyillər. Halbuki "Kütləvi informasiya vasitələri haqqında" Qanuna əsasən hər bir məmur, vəzifə sahibi media təmsilçilərinin məlumat almaq azadlığını təmin etməyə borcludur.

Belə ki, sözügedən qanunun 8-ci maddəsinə əsasən kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər. İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər. Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Onu da nəzərinizə çatdıraq ki, kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.

Gördüyünüz kimi, adıçəkilən qanunda birmənalı şəkildə qeyd olunur ki, məmur, vəzifə sahibi media nümayəndəsinin sorğusunu cavablandırmağa, jurnalisti bilgiləndirməyə borcludur. Lakin bir qədər öncə də vurğuladığımız kimi, hazırda yetkili şəxslərin əksəriyyəti mətbuat təmsilçisinin suallarına verəcək cavabı olmadığı üçün çıxış yolunu onlardan qaçmaqda, kütləvi informasiya vasitələrindən uzaq durmaqda görürlər. Misal kimi, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovu göstərmək olar. Belə ki, təxminən 15-20 gün bundan öncə "Hürriyyət" qəzetinin və Hurriyyet.org saytının baş redaktoru Vüqar Məmmədov tərəfindən Dövlət Miqrasiya Xidmətinin rəisinə sorğu ünvanlanıb. Qeyd edək ki, həmin sorğu adıçəkilən qurumun elektron ünvanına, o cümlədən Vüsal Hüseynovun şəxsi "facebook" səhifəsinə göndərilib. Sözügedən sorğuda son 3 il ərzində Türkiyə, Rusiya, Ukrayna və Özbəkistandan Azərbaycana gələn və geri qayıtmayan 25-28 yaş arasında olan qadınlarla bağlı məlumatın verilməsi, mövcud qanunvericiliyin tələblərini pozan, Dövlət Miqrasiya Xidməti tərəfindən axtarışda olan, ölkəmizə daxil olub, lakin müvafiq müddət bitdikdən sonra Azərbaycan Respublikasının ərazisini tərk etməyən qadınların siyahısının təqdim olunması xahiş edilib. Lakin indiyədək Dövlət Miqrasiya Xidmətini tərəfindən sorğumuza cavab ala bilməmişik.Halbuki "İnformasiya əldə etmək haqqında" Qanunun 24.1-ci maddəsinə əsasən, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməlidir. Qanunun 24.2-ci maddəsinə görə, bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Həmin qanunun 21.3-cü maddəsinə əsasən, informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməli, həmçinin burada sorğuçunun cavabdan məhkəməyə şikayət etmək hüququnun olduğu öz əksini tapmalıdır.

Dövlət Miqrasiya Xidmətinin rəisinin nəzərinə çatdırmaq istərdik ki, o, bu yolla "Hürriyyət" qəzetinin və Hurriyyet.org saytının deyil, məhz özünün işinə əngəl törədir. Çünki media ilə işləmək bacarığında olan məmur ona ünvanlanan sualları cavablandırmaqla gördüyü işi ictimailəşdirir və bununla da əldə etdiyi nailiyyətlərdən hamı xəbər tutur. Mediadan uzaq duranlar isə məhz bu əməllərinə görə daim kütləvi informasiya vasitələrinin hədəfində olur, mütəmadi tənqid edilir, hətta bəzər qeyri-peşəkarların təhqirlərinə belə, məruz qalırlar. Bundan başqa, onu da vurğulamaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinə əsasən mətbuat nümayəndələrinin suallarını, kütləvi informasiya vasitələri tərəfindən ünvalanan sorğuları cavablandırmayan məmurlarla bağlı müvafiq formada cəzalar nəzərdə tutulub. Belə ki, məcəllənin 382-ci maddəsinə görə, jurnalist sorğusuna qanunla müəyyən edilən müddətdə cavab verməyənləri 200 manatdan 300 manatadək cərimə gözləyir. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiya verilməsindən imtina edənlər isə 300 manatdan 500 manatadək cərimələnirlər.

Məsələnin maraqlı tərəfi ondadır ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov təxminən, 10-15 gün əvvəl "ASAN Radio"nun efirində çıxışı zamanı "Facebook səhifəmi yalnız özüm idarə edirəm", deyə açıqlama verib. O, qeyd edib ki, facebook səhifəsinə gələn sual və müraciətlərin sayı çox olduğundan, adətən qısa cavablar verir: "Müraciətlər Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı olduqda araşdırılması üçün müvafiq şöbəyə yönləndirirəm. Çalışıram ki, heç bir müraciət cavabsız qalmasın. Bəzən müəyyən mesaj və şərhlərə cavab gecikə bilər, amma çalışıram müraciətlərin hamısını cavablandıram". Dövlət Miqrasiya Xidmətinin rəisi eyni zamanda, bildirib ki, deputat olduğu dövrdə də bütün məlumat və yenilikləri öz sosial media səhifəsində paylaşıb: "İndi də imkan olduqca hesabımda Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı məlumatlanmanı artırmaq üçün paylaşımlar edirəm. Orda müəyyən bir izləyici kütləsi formalaşıb. Hesab edirəm ki, sosial media vasitəsi ilə məlumatlandırma çox effektiv bir metoddur". Gördüyünüz kimi, Vüsal Hüseynov qısa da olsa, onun "facebook" səhifəsinə müraciət edənlərin suallarını cavablandırdığını bəyan edib. Elə isə "Hürriyyət" qəzetinin və Hurriyyet.org saytının baş redaktoru Vüqar Məmmədov tərəfindən Dövlət Miqrasiya Xidmətinin rəisinə ünvanlanmış sorğu nədən indiyədək cavabsız qalıb? Məgər, bir sorğunun cavablandırılması üçün 15-20 gün kifayət deyil?.. Kim bilir, bəlkə də Vüsal Hüseynov "Facebook səhifəmi yalnız özüm idarə edirəm" dedikdə səmimi olmayıb, bu yolla xal qazanmağa, özünü işlək məmur kimi qələmə verməyə çalışıb. Bunu dəqiq deyə bilməsək də, fakt faktlığında qalır ki, Dövlət Miqrasiya Xidmətinin elektron ünvanına, o cümlədən Vüsal Hüseynovun "facebook" səhifəsinə göndərdiyimiz sorğuya hələ də cavab verən olmayıb. Bu isə öz növbəsində, yuxarıda qeyd etdiyimiz qanunların pozulmasından başqa bir şey deyil.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}