Ölkəm əmin əllərdədir... - Arzu Əsəd - şeir

Ölkəm əmin əllərdədir... - Arzu Əsəd - şeir

 

Ölkəm əmin əllərdədir

Bütün dünya od içində, ölkəm əmin əllərdədir,

Kim yaşadıb, kim ucaldıb, yenə həmin əllərdədir.

Odlar yurdu, nur saçırsan, qaranlıqlar gendən keçir,

Avropanın gələcəyə addımları səndən keçir!..

 

Təkcə döyüş meydanında deyil bu gün, hər yerdədir,

Müharibə dərindədir, beyinlərdə, qəlblərdədir.

Güc silahda, tətikdə yox, tətikdəki barmaqdadır,

Barmaqdakı istəkdədir, niyyətdədir, güc ruhdadır.

Hər qüvvətin, hər qüdrətin arxasında zəka durur.

Milyonların, milyardların taleləri həll olunur

Beyinlərin güləşdiyi kürsülərdə, masalarda,

Ağılların birləşdiyi qərarlarda, yasalarda.

Zaman axır, dünya dönür təbəssümlər savaşında,

Məzlumların ahı sönür "timsahların" göz yaşında,

Müharibə aşkardadır, müharibə gizlindədir,

Vicdanların çölündədir, arzuların içindədir...

Qlobalist təfəkkürün allahlıq iddiasında,

Xaç gəzdirən terroristin "Allah-Əkbər" sədasında...

 

Açıldıqca qat-qat zaman, hər qatında bir reallıq,

İrreallıq, sürreallıq, indi də hiperreallıq.

Bir qəribə dünyadayıq - cavabları suallardır.

Bir sehrli röyadayıq - gerçəkləri xəyallardır,

Ağıl darılır, gücənir, bətnindəkilər boğulur,

Metafizik sancılardan bir absurd dünya doğulur.

Dəyərlər necə saxlansın altında bir mütləq yoxsa,

İnsan nəyə can atsın ki, üstündə bir Allah yoxsa,

Dünya Xaos girdabında, içə, dışa bax, görünməz,

Bu tozda, bu tozanaqda, əlbəttə, Allah görünməz...

 

Müharibə aşkardadır, müharibə gizlindədir,

Kəlmələrin çölündədir, cümlələrin içindədir.

Sözlər məsum, sözlər dustaq mənaların girovunda,

Ağla, zamana dirənən ehtiraslar buxovunda.

Vicdanlarda yara açmış "mayn kampf"lar, "miatsum"lar -

İnsanlığın tarixində dərin, qorxunc uçurumlar,

Nələr aldı talelərdən, ömürlərdən nələr, nələr

Hitlerlərin, nejdelərin qan qusduğu fəlsəfələr.

Şirnikdirib xəyalları, bulandırıb ağılları

İliklərə yeridilir "ali irq"in nağılları

Millətləri haqq yolundan - gerçəklikdən azdırmağa,

Öz xalqına öz əlilə məzarını qazdırmağa...

Əməl, əməl, əməl, əməl, söz əməlin meyvəsidir,

Söz qopunca əməlindən sözdə batdı fəlsəfələr -

İnsanlığa nə sehrlər, nə dünyalar vəd edirlər,

Zehinləri, xəyalları boşluqlara qərq edirlər.

Ağıl çoxda azıb qalır, dönüb yenə təkdən keçir,

Yerin-göyün ağırlığı gəlib bir ürəkdən keçir.

Allah yaradan dünyadan daha gözəl bir dünya yox,

Vətən, millət sevgisindən daha böyük bir məna yox.

O nağıllar, o sehrlər Şərin köhnə havasıdır,

Yüksək sözlər bəhanədir, dava yorğan davasıdır.

Min ayının min oyunu bu torpağın başındadır,

Hiylələrin ilki, sonu bu torpağın başındadır.

 

Müharibə aşkardadır, müharibə gizlindədir -

Həqiqətin çölündədir, yalanların içindədir.

Kosmopolit düşüncənin şəriksiz təntənəsində,

Neftin, qazın qiymətində, dolların məzənnəsində...

Müharibə "yer altında", müharibə yer üstündə,

Müharibə Qarabağda, Suriyada, Fələstində...

Nə qarğışdır, nə lənətdir donub qalıb ancaq Şərqdə,

Müharibə Yaxın Şərqdə, Orta Şərqdə, Uzaq Şərqdə.

Harda müsəlman görürəm orda ölüm, qırğın, qada,

Raketləri tuşlayıblar göy üzündə Allaha da.

Yaranmışın günahına, Yaradanın inadına,

İnsan oğlu min illərdir ölüm saçır din adına.

Nədən qorxdu, onu sevdi, qorxusuna can atdı o,

Cəhənnəmin qorxusundan cəhənnəmi yaratdı o.

Hər din görünməz, bilinməz bir ali varlığa şərik,

Öldürülə bilmək üçün potensial kafirlərik.

Elə-belə öldürəndə adı olur - qətl, zülm,

Ən yaxşısı insanları Allah adına öldürün...

 

On illərdir Əfqanıstan çevrilibdir göz dağına,

Qurşun yağır, bomba yağır Mövlananın torpağına.

Ağrı çöküb, əzab çöküb bu diyarın havasına,

Sevda yurdu, irfan yurdu dönüb ölüm yuvasına.

Cəhənnəmi bu dünyada diri gördü əfqan xalqı,

Dünya gəldi üzərinə, yıxılmadı, ayaqdadır.

Neçə qanlı müstəbidin dişlərini sökdü burda,

Supergüclər silkələndi, imperiyalar çökdü burda...

Azərbaycan bu diyara ilham verdi, ümid verdi,

Qaranlıqdan aydınlığa, yüksəlişə yol göstərdi.

Əsrlərdir çağırırdı kimsəsizlər kimsəsini,

Həsrət bitdi, ümid güldü, Mövlana tapdı Şəmsini.

Güllələrin, bombaların ürkütdüyü ürəkləri

Ağıl, məntiq cilovladı, sevgi, şəfqət ram elədi.

Zora meydan oxuyan xalq "can" sözünə boyun əydi,

Keşkə illər, on illər heç o qanlar tökülməsəydi...

Tarix yenə göstərdi ki, güc insanda, güc ruhdadır.

Güc bombada, raketdə yox, güc zorda yox, güc haqdadır.

Güc - Musanın, Məhəmmədin eşitdiyi o Səsdədir,

Güc - İsanın ölülərə üfürdüyü Nəfəsdədir.

Güc - idrakın genişliyi, kainatın sonsuzluğu,

Bu dünyaya, bu ömürə sığmadı ki, insan oğlu.

Arzuları ona geniş, üfüqləri ona dardır;

Təməlində dünya ilə əzəli bir savaş vardır.

Nələr gördün nəsil-nəsil, zaman-zaman, Azərbaycan,

Yenə qalib çıxacaqsan tarixlərin sınağından.

Sanırdılar kiçilərsən, kəsilərsən, bölünərsən,

Əriyərsən, qarışarsan, Yer üzündən silinərsən.

Bilmədilər sən başqasan, sən tilsimsən, sən sehrsən.

Zərrə qalsan yenə dönüb bir dünyaya çevrilərsən.

Bilmədilər qüdsiyyətdən yoğrulubdur bu torpaqlar,

Bu millətin üzərində ilahinin nəzəri var.

Bütün dünya od içində, ölkəm əmin əllərdədir,

Kim yaradıb, kim qoruyub, yenə həmin əllərdədir.

 

Azərbaycan - Yaradanın insanlığa şəfqət payı,

Yer üzünə xeyir yayır, sevgi yayır, barış yayır.

Zalımların qarşısında, məzlumların yanındadır,

Ədalətə könül vermək millətimin canındadır.

Bu dünyanı qorxutmağa atomu yox, nüvəsi yox,

Amma onun işığı çox, sevgisi çox, hörməti çox.

Bir səadət körpüsüdür insanlığın arasında,

Adı daha sevilənlər, sayılanlar sırasında.

Bu gün dünya onu bilir, bu gün dünya onu seçir,

Bu torpağın ürəyindən qitələrə yollar keçir.

Şərqin, Qərbin sərvətləri bu yollarla daşınacaq.

Nə üfüqlər açılacaq insanlığa qucaq-qucaq.

Biz aqilik, biz zərgərik, meyarları dəyişirik,

Ürəkləri əridirik - əyarları dəyişirik.

Yüz illərlə daş kəsilmiş qəlibləri dağıdırıq.

Şərqdən Qərbə, Qərbdən Şərqə nur selləri axıdırıq.

Kökümüzlə, ruhumuzla bu torpağa sarılmışıq,

Bir sevdaya, bir inama, bir bayrağa sarılmışıq.

Əsrlərin bülöv daşı - millətimin xeyri, şəri,

Ruhumuzda cilalanır Avropanın dəyərləri.

Biz ki, nurdan yoğrulmuşuq, biz ki, nurdan yaranmışıq -

Yolumuza kölgə salmaz hardan düşür, düşsün işıq.

İşimizdə haqq, ədalət, sevdamızda güc, qətiyyət -

Üzümüzə, bəxtimizə güləcəkdir qalibiyyət,

Ölkəm əmin əllərdədir, davam edir mübarizə.

Ulu öndər özü kimi inandığı bir varisə

Güvənərək, bir inamla demədimi illər qabaq:

"Azərbaycan günəş kimi Yer üzünə saçılacaq!"

Odlar yurdu, nur saçırsan, qaranlıqlar gendən keçir,

Avropanın gələcəyə addımları səndən keçir!



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}