Vəfa Qafarova. "Duyğuların pıçıltısı"


 Vəfa Qafarova. "Duyğuların pıçıltısı"


 
 
 
 
MƏHƏBBƏTİM

 

Döymüsən qapımı gözləri yaşlı,
Ay mənim gecikən lal məhəbbətim.
Həsrətin tikanlı yolların daşlı,
Salmısan qəlbimə xal, məhəbbətim.

Sənintək qəlbimə həmdəm olmadı,
Gözlərim aradı, yerin dolmadı,
Yoruldu ürəyim, taqət qalmadı,
Ürəkdən ürəyə yol, məhəbbətim.

Yenə də qismətə çarə deyilsən,
Pərişan könlümdə acı gileysən.
Əgər ki, qəfldən sınsan, əyilsən,
Gəl məni yadına sal, məhəbbətim.

Yaşatdım mən səni sənsiz anımda,
Tufanlı dənizsən axan qanımda.
Döyünən ürəksən yoxsul canımda,
Nə olar, yanımda qal, məhəbbətim.

 

YALVARDIM

 

Cəsarətim çatmadı sənə getmə deməyə,
Ürkək baxışlarımla gözlərinə yalvardım.
Susqunluğun dünyamı yıxdı mənim başıma,
Mənə ümidlər verən sözlərinə yalvardım.

Vicdanın sızlamadı, qəlbin hökmünü verdi,
Gəlişin bir möcüzə gedişin gizli sirdi.
Şahidimiz bir dəniz, bir asiman bir yerdi,
Sahildə qoşa duran izlərimə yalvardım.


Ayrılığın qəfildən ürəyimə od vurdu
Külək əsdi üstündən məhəbbəti sovurdu.
Dönüb getmək istədim ayaq çarəsiz durdu,
Taqət toplasın deyə dizlərimə yalvardım.

 

DARIXMASAYDI

 

Dözərdim zülmünə inan, həsrətin
Gözüm gözlərinə darıxmasaydı
Silərdim keçmişi adından başqa
Sozum sozlərinə darıxmasaydı. 

Xəfif bir təbəssüm bəs edər mənə,
Birtəhər ovudub könlümü yenə
Qucardım xəyalın basıb sinəmə
Başım dizlərinə darıxmasaydı.


Yorub qaranlığı, zülmət gecəni,
Küçəmlə səhv salıb sənin küçəni
Getdiyin yollardan sormazdım səni
Addımım izinə darıxmasaydı...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}