FƏRHAD MƏMMƏDOVUN "VURULMASI"NIN PƏRDƏARXASI

FƏRHAD MƏMMƏDOVUN "VURULMASI"NIN PƏRDƏARXASI

 

Strateji Araşdırmalar Mərkəzinin direktoru bir neçə il öncə "nurçu” ittihamlarına cavab verərkən hansı məmuru hədəfə almışdı?

Bildiyiniz kimi, ölkə başçısı dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədiylə fərman imzalayıb. Məhz bu fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ləğv olunub. Məlumat üçün qeyd edək ki, 2007-ci ildə yaradılan SAM-ın əsas missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına, ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etmək idi. Görünən odur ki, SAM-ın direktoru Fərhad Məmmədov üzərinə düşən işi layiqincə icra etmədiyindən rəhbərlik etdiyi qurum ölkə başçısı tərəfindən yararsız kimi qiymətləndirilib.

Əslində, gec-gec Fərhad Məmmədovun Strateji Araşdırmalar Mərkəzinin direktoru postundan azad ediləcəyi gözlənilən idi. Çünki indiyədək onun adı bir neçə dəfə Fətullah Gülən Şəbəkəsi ilə yanaşı hallandırılıb. Bundan başqa, dövlət büdcəsindən Strateji Araşdırmalar Mərkəzinə ayrılan vəsaitin səmərəli xərclənmədiyi, SAM-ın ortaya tutarlı analiz, təhlillər qoymaq əvəzinə mənasız səfərlərlə gözdən pərdə asmağa çalışdığı da bildirilib. Elə buna görə də ekspertlərin bir çoxu SAM-ın ləğvini doğru addım kimi dəyərləndirirlər. Məsələn, ölkə başçısının düzgün qərar verdiyini deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Strateji Araşdırmalar Mərkəzi lazımsız quruma çevrilmişdi, nə işlə məşğul olduqları bəlli deyildi: "Bölgədə bu qədər proses baş verirdi, bu Mərkəzdən tık səs də çıxmırdı, ortada nə analizlər, nə proqnozlar, nə də bu analiz və proqnozları səsləndirənlər var idi. Əvəzində mənasız səfərlər təşkil edir, oxunmayan dərgilər dərc edir, faktiki pul silirdilər. Büdcəni bu cür yüklərdən azad etmək lazımdır. Analizlərə və proqnozlara isə həmişə ehtiyac var".

Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi səfərlərdən, konfranslardan söz düşmüşkən, nəzərinizə çatdıraq ki, ötən ilin sonlarında Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) müşayiəti ilə Ankarada səfərdə olan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu SAM-ın direktoru Fərhad Məmmədovu ölkə başçısını aldatmaqda ittiham edib. Bu barədə özünün "facebook" səhifəsində status paylaşan baş redaktor bildirib ki, SAM-ın Türkiyədə təşkil etdiyi konfransa Bakıdan gedən 15 media rəhbərindən başqa, cəmi 10-12 nəfər qatılıb: "Ankarada bizi bir tədbirə apardılar. Nəymiş, əfəndim? "Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi" mövzusunda konfrans idi. Təşkilatçılara bir baxın: AK Parti iqtidarına bağlı olan Siyasət, Ekonomi və Toplum Araşdırmaları Vəqfi! Onlarla bərabər, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM)! Mövzu və təşkilatçıların adları möhtəşəm, tədbir biabırçı. Zal bomboş, Türkiyə mediası yox! Bakıdan gedən 15 media rəhbərini bəlkə də zalı bir az da olsun, dolu göstərmək üçün dəvət etmişdilər. Bizdən başqa zalda 10-12 adam olardı...Təsəvvür edin, Musa Qasımlı danışır, biz isə onu dinləmək zorunda idik. İşgəncə kimi bir şey... Kimi aldadırıq? Nəyə lazımdır, bu oyuncaq konfranslar? Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM-çı Cavid Vəliyevi dinləməliyəm? O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün? Axı, hamı şahid oldu ki, tam boşuna bir tədbir idi. Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır! SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar. Və bizə də bir üzür borcludurlar...".

Onu da qeyd edək ki, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri ilə bağlı mətbuatda yer alan məlumatlara görə, Fərhad Məmmədov xarici səfərlər zamanı təyyarədə sıravi vətəndaşlarla yanaşı uçmur, ona mütləq "biznes klass”da yer ayrılmalıdır. Elə sonuncu Türkiyə səfəri zamanı da nümayəndə heyətinin digər üzvlərindən fərqli olaraq SAM direktoru qardaş ölkəyə "biznes klass"da uçub və bununla özünün statusunun daha yüksək olduğunu nümayiş etdirməyə çalışıb.

Bu arada, ola bilər ki, kimlərsə Strateji Araşdırmalar Mərkəzinin məhz Rauf Arifoğlunun Fərhad Məmmədovun təşkil etdiyi konfransı tənqid etməsi və bu cür üsullarla ölkə başçısını aldatdığını bildirməsindən sonra ləğv edildiyini güman etsin. Lakin bu, əsla belə deyil. Əgər bu tip açıqlamalara qalsaydı, onda Fərhad Məmmədov çoxdan işdən azad olunmalı və ya SAM ləvğ olunmalı idi. Belə ki, təxminən 4 il öncə Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov SAM-ın fəaliyyətindən danışarkən Strateji Araşdırmalar Mərkəzinin bağlanmasının vacibliyini vurğulamışdı. Belə ki, SAM-ın dövlət aparatında siyasi rəhbərliyə kömək məqsədilə yaradıldığını xatırladan Adıgözəl Məmmədovun sözlərinə görə, indiyə qədər Strateji Araşdırmalar Mərkəzinin nə iş gördüyü, hansı fəaliyyət göstərdiyi məlum deyil: "Yalnız bir iki xarici səfərlər, növbətçi fikirlər, növbətçi münasibətlər sərgilənir. Ortada intellektual potensialdan qaynaqlanan hər-hansı bir araşdırma, tədqiqat yoxdur. Azərbaycan torpaqları işğal altındadır, bu ən zəif nöqtəmizdir. Bu qurum əsas işini bu istiqamətdə aparmalı, bu məsələləri dünya ictimaiyyətinə çatdırmalı, ciddi tədqiqatlar ortaya qoymalıdır. Yoxsa 3-5 cavanın Avropanın hansısa ölkəsinə səfər etməsi, növbətçi bəyanatlar verməsi ilə iş bitmir, dövlət də onları bunun üçün maliyyələşdirmir".

Gördüyünüz kimi, Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi konfransların bir çoxunun xüsusi önəm daşımadığı, xarici ölkələrə mənasız səfərlər edildiyi ilk dəfə səslənmir. Deməli, əslində yetərincə lazımlı və mühüm bir qurum kimi yaradılan, lakin vaxt keçdikcə yararsız olduğu önə çıxan SAM-ın ləğvi tamam başqa mətləblərlə bağlı ola bilər. Bu barədə "Hürriyyət"i bilgiləndirən məlumatlı mənbənin iddiasına görə, Strateji Araşdırmalar Mərkəzinin ləğvində prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun müstəsna xidməti ola bilər. Mənbənin sözlərinə görə, Strateji Araşdırmalar Mərkəzinin direktoru bir neçə il öncə nurçu ittihamlarına cavab verərkən Əli Həsənovu hədəfə almış və "kim nurçuların izinə düşüb onlarla əlaqədə olanları axtarmaq istəyirsə, ilk növbədə təhsil və hazırlıq kurslarının, tibb ocaqlarının və kütləvi informasiya vasitələrinin fəaliyyətinə xüsusi fikir verməlidir", deyə qeyd etmişdi. Nəzərinizə çatdıraq ki, SAM direktoru özünün, həyat yoldaşının və övladının adına hər hansı hazırlıq kursları, təhsil müəssisəsinin olmadığını bildirib: "Azərbaycanda kim onların izinə düşüb axtarmaq istəyirsə ki, kim onlarla əlaqədədir, ilk növbədə onların Türkiyədə hansı sahədə çalışdığına diqqət yetirmək lazımdır. Bura ilk növbədə təhsil, hazırlıq kurslarını aid etmək olar, daha sonra tibb ocaqlarını və kütləvi informasiya vasitələrini. Onu da qeyd edim ki, nə mənim, nə mənim həyat yoldaşımın, nə övladımın adına hər hansı hazırlıq kursları, təhsil müəssisəsi yoxdur. Nə mənim, nə həyat yoldaşımın, nə övladımın adına radio və prodakşnlar yoxdur. Nə mənim, nə həyat yoldaşımın, nə övladımın adına hər hansı bir klinika, ya tibb müəssisəsi də yoxdur. Potensial olaraq, bu cərəyanın nümayəndələri əgər Türkiyədə bu sahələrdə fəaliyyət göstərirsə, Azərbaycanda da eyni sahələrdə fəaliyyət göstərməlidir. Və kim onların izinə düşmək istəyirsə, ilk növbədə, hazırlıq kurslarına, radio, qəzet və digər sahələrə xüsusi olaraq, fikir verməlidir".

Bu gün Strateji Araşdırmalar Mərkəzinin ləğvi isə onu deməyə əsas verir ki, bu savaş Əli Həsənovun Fərhad Məmmədov üzərində qələbəsi ilə yekunlaşdı.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}