“Bu hakimiyyətin içərisində günahkarlar çoxdur” - SABİQ BAŞ PROKURORDAN SENSASİON AÇIQLAMALAR

“Bu hakimiyyətin içərisində günahkarlar çoxdur” - SABİQ BAŞ PROKURORDAN SENSASİON AÇIQLAMALAR

 

İxtiyar Şirin: "Vəzifədə olan həmin şəxslər məsuliyyətə alınmalıdır”

"Bu məmurlar Rusiyanın gördüyü işlərin hamısına haqq qazandırmağa hazırdırlar”

"20 Yanvar Azərbaycan xalqının qəhramanlıq səhifəsi kimi tarixə yazılmalı və hər il qeyd olunmalıdır”

"Ola bilsin ki, Rusiyanın qəzəbindən qorxanlar, yaxud ehtiyat edənlər var. Amma mən baş prokuror olanda Rusiyanın baş prokuroru ilə danışdım, işçilərimi göndərdim, getdilər orada kim lazımdı, hamısını dindirdilər”

İki gün öncə 20 Yanvar faciəsinin ildönümü qeyd olundu ki, bu tarix həm xalqımızın faciəsi, həm də qəhrəmanlıq səhifəsidir. Bu tarixi hadisə Azərbaycan xalqının mübarizliyini isbat edərək SSRİ kimi nəhəng bir dövlətin dağılmasına təkan verib ki, bundan sonra müstəqil dövlətimizin təməli qoyulub. Bununla belə, faciəmizin çox ağır olması səbəbindən 20 yanvar tarixini bu gün də xalqımız ağrı ilə xatırlayır.

Hadisə ilə bağlı mətbuatda gedən məlumatlar da diqqətdən qaçmır. Mətbuatı araşdırdıqca 20 Yanvarla bağlı ziddiyyətli məlumatlara rast gəlmək olur. Keçmiş baş nazir Artur Rasizadənin SSRİ rəhbərliyinə zəng vuraraq, sabitlik yaratmaq üçün Bakıya ordu çağırdığı, hətta keçmiş prezident Ayaz Mütəllibovun da SSRİ rəhbərliyindən hərbi yardım istəməsi qeyd olunur. Maraqlıdır ki, bu, məlumatlar nə dərəcədə həqiqəti əks etdirir? "Hürriyyət"in bu və digər suallarını sabiq baş prokuror İxtiyar Şirin cavablandırıb:

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/sabiq_ba_prokurordan_sensasion_iddia)

- 20 Yanvar hadisəsinin məhz faciə günü kimi tarixə salınması nə dərəcədə doğrudur? Bunu xalqın qəhramanlıq salnaməsi hesab etmək olarmı?

- Bu, çox doğrudur, orada həlak olan vətəndaşlarımızın hamısı vətəni müdafiə etmək üçün rus işğalçı qoşunlarına qarşı çıxıb, özlərini fəda etmişlər. Bu, qəhrəmanlıq tarixidir və bunu qəhrəmanlıq tarixi kimi göstərmək üçün də, əslində, adı dəyişməlidir. Bunun baş vermə səbəbləri də fərqli olaraq qiymətləndərilməlidir. Siz çox doğru deyirsiniz ki, bu, Azərbaycan xalqının qəhramanlıq səhifəsi kimi tarixə yazılmalıdır və hər il qeyd olunmalıdır.

Amma çox təəssüflər olsun ki, burada məsuliyyəti olan şəxslərin heç biri gəlib, məhkəmə, xalq qarşısında dayanmadı, hamısı məsuliyyətdən kənarda qaldı.

- 20 Yanvar əlliləri bəzi məmurların bu günün nəinki qeyd olunmasını, hətta ləğv olunmasını istədiyini deyirlər. Belə aydın olur ki, həmin məmurlar məhz sizin dediyiniz günahkarlardır...

- Bəli. O məmurlar heç bir milli dəyəri olmayan adamlardır. O cür adamlar istəyər ki, bu cür hadisələr doğru qeyd olunmasın. Onların vəzifələri, əllərindəki imkanlar üçün belə şeylərin əhəmiyyəti yoxdur. Onlar öz pullarını yığıb, keflərini çəkib, bu qaydada yaşamaq istəyirlər. Onların xalqın mübarizəsi ilə heç bir əlaqəsi yoxdur.

- Hesab etmək olar ki, bu məmurların əksəriyyəti Rusiyaya bağlı olduğu üçün bu addımı atırlar?

- Ən azı düşüncəsi ilə onlara bağlı adamlardır. Mən indi çox dərinə getmək istəmirdim. Amma ən azı düşüncəsi ilə Rusiyaya bağlı olan məmurlardır. Onlar Rusiyanın gördüyü işlərin hamısına haqq qazandırmağa hazır olan adamlardır.

- Məlum hadisədən 29 il keçməsinə baxmayaraq, bu gün də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməyib. Bunu nə qədər gözləməliyik?

- Çünki vəzifədə olan günahkar şəxslər məsuliyyətə alınmalıdır. İndiki hakimiyyətin içərisində də çoxdur, bir hissəsi burada, bir hissəsi Moskvadadır. Yəni bunlara heç kim dəyib-toxunmaq istəmir.

- Sizcə, burada Rusiyanın təzyiqi varmı ki, həmin məmurlar indiyə qədər məsuliyyətə alınmamaqla yanaşı, hadisəyə hüquqi-siyasi qiymət verilmir?

- Təbii ki, Rusiya belə şeyləri xoş qarşılamır. Rus dövlətinin, ordusunun başqa xalqlara qarşı törətdiyi cinayətlərin səsləndirilməsini ruslar heç xoşlamırlar. Bunu onlar nə Ukraynada, (Qaladamor hadisəsini bilirsiniz də) nə də Qazaxıstanda xoşlamırlar, orada camaatı acından qırırdılar, böyük repressiyalar etdilər. Yəni bu cür şeylər Sovet İttifaqının keçmiş respublikalarının hamısında törədilib. İndi hansısa bir respublika başını qaldırıb deyəndə ki, filan vaxtı rus ordusu bunu edib, o dövlətə qarşı düşmənçilik edirlər. Onlar belə şeyləri çox qəzəblə qarşılayır. Ona görə, ola bilsin ki, Rusiyanın qəzəbindən qorxanlar, yaxud ehtiyat edənlər var. Amma mən baş prokuror olanda Rusiyanın baş prokuroru ilə danışdım, işçilərimi göndərdim, getdilər orada kim lazımdı, hamısını dindirdilər. Bircə Rıjkov ifadə verməkdən boyun qaçırdı və o vaxtkı Rusiya hakimiyyətinə bu barədə öz etirazını bildirdi. Sonra bizim işçilər oradan təcili surətdə çıxdılar ki, apardıqları dindirmə protokollarını Rusiya hakimiyyət orqanları onların əlindən almasın. Dedim təcili çıxın, orada dayanmayın və əllərində nə materialları var idi, hamısını götürüb, gəldilər, bizdə işin içindədir. Amma 1993-cü ildən, yəni Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra, 26 il keçib, gedib işin içinə baxsınlar, Rusiya dövlətində vəzifədə olan, yaxud olmayan bir nəfər günahkar şəxsi dindirə bildilər, yoxsa yox. Heç bir şey yoxdur.

- Mətbuata verdiyiniz açıqlamada demisiniz ki, 20 Yanvar faciəsinin baş verəcəyi əvvəlcədən bəlli idi. Sizin Qaradağ rayonunda insanların qırılmaması üçün cəhdlər etdiyiniz kimi, niyə həmin dövrdə hakimiyyətdə olan qüvvələr xalqın rus tanklarnın altında qalmasının qarşısını almadı?

- Bunu onlardan soruşmaq lazımdır. Birinci, insan olmaq lazımdır ki, başqalarını qoruyasan. O insanlar dəyərləri olmayanda bu cür hadisələrə də barmaqarası baxırlar. Şəxsən mən öz vəzifəmi bildim, təkcə özüm yox, rayonun icra hakimiyyətinin sədrini də götürdüm, polis rəisinə də tapşırdım ki, öz işçilərinə göstəriş versin. Rayonu gəzdik, hara əlimiz çatdı, oradan adamları çıxartdıq, o postları dağıtdıq. Çünki artıq məlumat gəzirdi ki, Bakıya gələrkən yollarda hansı hadisələri törədiblər, neçə tank, BMP gəlir, neçə maşın silahlı dəstələr var, yollarda maşınlara qarşı hansı təcavüzkar hərəkətləri ediblər. Bilirdik ki, Qaradağ rayonunda da bunları edəcəklər. Ona görə də insanları xilas etmək üçün əlimizdən gələni etdik. Həmin gecə mən evə getmədim, biz bütün gecəni gəzdik və çalışıdıq ki, mümkün qədər insanları xilas edək. Ola bilər ki, elə buna görə də Qaradağ rayonunda cəmi iki nəfər vətəndaşımız həlak oldu.

- Bu faciə barədə Sizin məlumatınız var idisə, deməli, başqa yüksək vəzifə sahiblər də xəbərdar olub...

- Bakı şəhərində harada ən çox qırğınlar olub, məlumdur. Vəzifəli şəxslər ora getməliydilər, o adamlarla gedib danışmalıydılar. Özləri də son ana kimi onlarla bərabər olmalıydılar ki, oradan vətəndaşları çıxartsınlar. Bəs, vəzifə nə üçündür? Vəzifə təkcə stolun dalına oturmaq üçün deyil. Vəzifə insanlara xidmət etmək üçündur. Əgər o insanları qırırsa, onda vəzifədə oturan şəxslər nəyə görə ora təyin olunublar?!



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}