Məhəbbətin dərddi mənə-Fazil Sənanın Hekayəsi


 

Məhəbbətin dərddi mənə-Fazil Sənanın Hekayəsi


Yadında varsa, hər şey pillələrdə qarşılaşdı­ğımız andan başladı. Mən tələsik ikinci mərtəbəyə qalxırdım. Gözlənilmədən qarşılaşdıq. Özümü itir­dim. Yıxılmamaq üçün qolumdan tutub özünə tərəf çəkdin. Müvanizətimi itirməmək üçün təsadüfən səni qucaqladım və köksünə sığındım. Bu zaman «bağışlayın» demək üçün başımı yuxarı qaldırdım. Sən məndən bir pillə yuxarıda dayanmışdın. Gözlərim baxışlarında ilişib qaldı. Ürəyinin döyüntüsünü eşidirdim. Baxışlarımı baxışlarının cələsindən azad edərək «Bağışlayın, siz olma­saydınız, yıxılmışdım», – deyib yuxarı qalxdım.

Bu vaxt sənin «Çalışın, həyatda yıxılma­yasınız», sözünə çönüb yenidən sənə tərəf baxdım. Təkrar baxışlarımız səadətini tapanlar kimi görüşdü. İçimi anlaşılmaz duyğular bürüdü. Axşama kimi özümdə olmadım. Nə etdiyimi, nə elədiyimi bilmədim. Tənhalıq axtarırdım. İmkan olmurdu.

Axşam yeməyindən sonra tələsik süfrəni yığışdırıb «Başım ağrıyır, özümü yaxşı hiss etmi­rəm», – deyib yataq otağına getdim. Bütün gecəni çalpaşıq hisslərin təsiri ilə yataqda o üz, bu üzə çevrildim. Özümü qınamağa başladım: «Bu nə deməkdir? Deyəsən, xəyanətə doğru yuvarlanıram. Mən ailəliyəm, övladım var. Adama nə deyərlər? Neçə ildi bir yerdə işləyirik. O da ailəlidir. Hələ indiyə kimi onun haqqında bir nəfər də olsun xoşagəlməz bir söz deməyibdir. Xata olmadı, ayağım büdrədi, yıxıldığım yerdə qolumdan tutdu, kömək etdi. Günah məndə oldu. Pillələri tələsik çıx­dım. Ayaqqabılarımın dabanları hündür olmasaydı, bəlkə də, büdrəməzdim. Minnətdarlıq etmək üçün üzünə baxanda baxışlarım toqquşdu. Məgər o, mənə dedi ki, mənim gözümün içinə bax? Səhvimi başa düşmək istəmirəm. Başqasını günahlandırmağa çalışıram. O deyir ki, yatağında məni fikirləş? Eh, bu nə axmaq fikirlərdir, əl çəkmir məndən. Xata olmadı ki, baxışlarım onun baxışları ilə rastlaşdı. Elə bil on dörd yaşında qızam, təzədən eşqə düşürəm. Əlimi yelləyib: «Rədd olsun, bu nə hisslərdir, məndən əl çəkmir?» – desəm də, yuxuya gedənə kimi anlaşılmaz duyğulardan yaxamı qurtara bilmədim.

Səhər qalxan kimi ev-eşiyi tələsik səliqəyə saldım. Etiraf edim ki, işlədiyim müddətdə ilk dəfə idi ki, iş yerinə tələsirdim. Nə idi məni iş yerinə çəkən? Bilmirdim. Onu bilirəm ki, yaman tələsirdim. Yola düşdüm. Utanmasaydım, iş yerinə qaça-qaça gedərdim. İş yerinə yaxınlaşdıqca ürəyim az qalırdı ki, köksündən çıxsın. Qapıdan içəri keçəndə ayaqlarımın əsdiyini, yanaqlarımın od tutub yandığını hiss edirdim. Deyirlər, adam ilk gö­rüşə gedəndə bu hissləri keçirir. Ona görə deyirlər deyirəm ki, mən ilk görüş nədi bilməmişəm. «İlk görüş» ifadəsi mənim üçün yaddır. İş otağının qapısına çatdım. Əlim titrəyə-titrəyə dəstəkdən tutub qapını itələdim. Səni üzü pəncərəyə tərəf qoyulmuş iş stolunun arxasında oturmuş görəndə, həyəcanım sakitləşdi, içimi bir sevinc dalğası bü­rüdü. «Sabahınız xeyir!» dedim. Səsimdəki sevinci, ancaq özüm duydum.

Sənsə mikroskopdan gözünü çəkməyərək «Aqibətiniz xeyir» dedin. Əlində vacib iş olduğunu bilirdim. Amma sənin laqeyidcəsinə verdiyin cava­bı eşidəndə istədim arxadan iki əlli səni tutub bo­ğam və deyəm, «Buna bax! Gecəni dirigözlü aç­mışam. Özümü iş yerinə təngnəfəs çatdırmışam. Nə var, nə var bunu görüm. Bu isə heç olmasa çönüb gözünün ucu ilə də olsun mənə tərəf baxmır».

Hiss etdim ki, özümü ələ ala bilmirəm. Do­daqlarım səyriyir, gözlərim dolub. Hönkürmək üçün bir himə bəndəm. Bu anda yaxşı ki, çönüb mənə baxmadın. Özümü ələ ala bilməzdim. Hisslərim, duyğularım gözlərin önündə bir-bir səhifələnərdi.

Cəld çantamdan güzgünü çıxardıb üz-gözümü səliqəyə salıb iş stolumua yaxınlaşdım. İkimizin də iş stolumuz pəncərənin qarşısında yanaşı idi ki, mikroskopa işıq düşsün. Mikroskopa yaxınlaşıb dünəndən yarımçıq qalan işimi davam etdirməyə başladım. Özümə söz verdim ki, sən tərəfə bax­mayacağam. «Axı mən ona nəyə görə baxmalıyam? O kim olub? Ailəli qadınam. Mənə yaraşmaz. Bu gizli xəyanətdi. Hökm deyil ki, onunla bir yataqda yatam. Onu qəlbimdən keçirirəmsə, demək xəya­nətkarlıq edirəm. Xəyanətin buynuzu olur?» Gözlə­nil­mədən sənin «Nə üçün ağlayırdın?» demənyin məni çaşdırsa da, özümü cəmləyib tez cavab versəm də, səsimdə bir titrəyiş hiss olundu.

– Yox, yox, ağlamırdım. Mən niyə ağlayıram ki? – dedim.

– Mən görürdüm. Siz ağlayırdınız.

– Siz necə görürdünüz? Siz ki, gözünüzü mik­roskopdan ayırmamışdınız?

– Düz deyirsiniz. Siz tərəfə çönüb baxmadım. İşimdən də ayrılmadım. Amma bunu bilməyə nə var ki, – dediniz.

– O necə olur? – Sevincək soruşdum.

– Onu ancaq ürəyində axtaranlar bilir, – dediniz və gözünüzü mikroskopdan ayırıb mənə tərəf baxdınız. Özümə söz versəm də, məndən asılı olmayaraq baxışlarım yenə baxışlarının cələsinə düşdü. Yaxşı ki, otaqda başqa adam yox idi. Bəxtim onda gətirmişdi ki, bizim iş otağına – laboratori­ya­ya başqa işçilər çox az hallarda gələrdilər. Baxış­larımı gözlərindən çəkmək istəsəm də, bacarmır­dım. Dünəndən içimdə doğan anlaşılmaz duyğular məni xoş bir rayihə kimi öz qoynuna almışdı.

– İndi nə üçün ağlayırsınız? Nə olub? Sirr deyilsə, deyin bəlkə, bir köməyim dəydi, – dediniz.

– Mən niyə ağlamalıyam? – dedim.

– Bəs onda yanağınla axan nədi? – deyib aya­ğa qalxdın və üzümə tökülən saçlarımı əlinlə geri darayıb, çənəmdən yuxarı qaldırıb gözümün içinə baxdın. Cibindən yaylığını çıxardıb «Al, gözlərinin yaşını sil, – dedin. İlk dəfə idi ki, yad adamın əli saçıma və çənəmə toxunurdu. Sanki bu əl hamıdan gizlətdiyim yarama bir məlhəm çəkirdi. Bilmirəm nədənsə öz yaylığım ola-ola, sənin yaylığınla gözlərimi quruladım.

– Asta yerişin, yavaş danışığın, tez-tez əllərin qoynunda pəncərə önündə dayanıb içinə çəkilməyin çox şey deyir. Deməsən də, hər şey mənə aydındı.

Tez: «Hardan bilirsən?» – dedim.

Dodaqlarından bir təbəssüm keçdi. Dərindən köksünü ötürərək: «Heç hardan. Hamısını gözlərin deyir. Gözlərində bir kədər var. O kədər buludu hər an yağmağa hazırdı. O bulud tez-tez dolub boşalır. Amma yağan yağışın damlaları görünmür. Çünki çölə yağmır. Öz içinə, hamıdan gizlətdiyin içinə yağır. Neçə illərdi belədir. Bilmirəm hardasa eşitmi­şəm: «Ürəyində axtar məni, gözlərində qaytar mə­ni». Bir də eşitməmisən, deyirlər dərdli dərdlini tez başa düşər. Mən də sənin kimi neçə illərdi ürə­yimdə axtarırdım, bu gün gözlərində qaytardın, axtar­dı­ğımı. O, sən idin» – dedin.

Həmin gün heç bir iş görə bilmədim. İşin tərsliyindən günortadan sonra «Bitki mühafizəsi» institutunun şöbə müdiri gəldi. Apardığımız analiz və təcrübə ilə maraqlandı. Razılığını bildirdi və dedi: «Bilirsiniz ki, kənd təsərrüfatı məhsullarının çoxu xaricdən gətirilir. Geni dəyişdirilmiş bostan-tərəvəz məhsulları və meyvələr insan orqanizmi üçün nə qədər ziyan olmaqla bərabər, həm də bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Hazırda dövlətin qarşıya qoyduğu əsas vəzifələrdən biri fermerlərə qayğı göstərməklə bərabər, kənd təsərrüfat məhsulları idxalını dayandırmaq, ölkədə kənd təsərrüfatını inkişaf etdirməklə bir növ neftdən asılılığı da azaltmaqdır. Ona görə də sizin bu gün laboratoriyada apardığınız analiz və təcrübələr ölkə iqtisadiyyatına öz töhfəsini verməlidir. Şöbə müdiri otaqda olan dibçəkləri nəzərdən keçirib: «Nə gözəl gülləriniz var. Əsl bitki mühafizəsi laboratoriya­sıdır». Bu lalə otağa daha da gözəllik verir. Şöbə müdiri dibçəyə yaxınlaşıb laləni diqqətlə nəzərdən keçirtdi: – Bunu kim əkibdir? – dedi.

– Nəimi əkib, – dedim.

– Çox yaxşı. Əsl çöl laləsidir. Bəs toxumunu necə əldə etmisiniz? Şöbə müdiri soruşdu.

– Nəimi, keçən yay çəmənlikdən toplayıb.

Yaxşı iş görüb. Mən də laləni çox sevirəm. Bilirsiniz, lalə həm çox zərif, həm də kövrəkdi. Qara xalda yəqin ki, ya xətirinə dəyiblər, ya da çəkdiyi həsrətin əksidir, – deyən şöbə müdiri bizimlə xudahafizləşib getdi.

Axşam, ev işlərini qurtarandan sonra bir az televizora baxıb yataq otağıma getdim.

Yatağa girəndən sonra gündüz olub-keçənləri bir-bir göz önünə gətirərək saf-çürük etməyə başladım.

«Demək, dibçəkdəki lalə mənim üçün əki­libmiş. Nəimi laləni Lalə üçün əkməklə nə demək istəyirmiş?.. Çox şey mənə indi çatır. İş yoldaşı ki­mi fikir vermədiyim bu adam məni çoxdan izləyir­miş. «Ürəyimdə axtarıram səni, gözündə qaytardın məni» deməyi ilə çoxdan mənim oduma yanırmış. Demək, gözlərim içimi, qəlbimi çoxdan ona gös­təribmiş».

Nəimini saçlarıma və çənəmə toxunmağı ilə zifaf gecəsini yadıma saldı. Zifaf gecəsi bədənimdə gəzən əlin, boyun-boğazıma toxunan nəfəsin soyuq­luğu həmin gecə səhərə kimi bədənimi üşütdü, baş qaldırmaq istəyən hisslərini öldürdü. Səhər qalxıb paltarımı geyinib aynanın qarşısında dayanıb bə­dənimin qaralmış yerlərinə baxanda gəlin olmağım­la fəxr etmək əvəzinə, öz-özlüyündə xəcalət çək­dim. Hiss etdim ki, içimdən soyuq küləklər əsir, lakin artıq gec idi, hər şey arxada qalmışdı.

Zəmanədən və rəfiqələrimin dünyagörü­şündən nə qədər geri qaldığımı indi anladım. Ərə getməyi sevmək kimi başa düşməyim kimi səhvi anlayaraq əllərim ilə üzümü qapadım və çarpayıya uzanıb ürəyimi boşaltmağa başladım.

Ali məktəbdə oxuyanda Gülşən müəllimənin məni yanına çağırıb dediyi sözləri xatırladım.

– Gözəl-göyçək qızsan. Xurmayı saçların da sənə xüsusi bir gözəllik verir. Nədəndir, həmişə gözlərində bir kədər oxunur? Qızım, bəlkə, bir dər­din var? Utanma, de, gücüm çatan köməyi eliyərəm.

– Müəllim, Allaha şükür atam sağ, anam sağ, ailəmizdə də elə bir problem yoxdur, – deyərək cavab verdim.

– Qızım, gözlərində, baxışlarında həmişə bir kədər görürəm. Baxışlarından qəm-kədər süzülür. Təki həyatda kədər görməyəsən, – deyən Gülşən müəllimin sifətini təbəssüm işıqlandırdı.

 

* * *

Taleyi ilə barışmalı olan mən – Lalə ana oldum. İçimdə olan boşluğu övlad məhəbbəti ilə doldurmağa çalışdım. Beləcə üzdə gülüb, içində sıxıntı çəkə-çəkə günləri bir-bir arxada qoydum.

 

* * *

Bədənimdə gəzən əlin, təmasından bədənim od tutub yanır. Dodaqlarıma, boyun-boğazıma toxu­nan nəfəs bütün bədənimi ehtizaza gətirib. Bu nəfəsdən, əlin təmasından içimdə sevinc aşıb-daşır, bənövşə kövrəkliyi ilə Nəiminin qoynuna sığınıram.

– Bəs indiyə kimi hardaydın? – deyərək baxışlarımı Nəiminin üzünə tikirəm.

– Yol gəlirdim, mənim əzizim. Nəimi qoynuna sığınmış Lalənin – mənim gözlərimin içinə baxdı: «Lalə, gözlərin sevincdən gülür» – dedi.

– Nəimi, özümü axtarırdım. Bu neçə illərdə içimdə olan boşluq indi dolub. İçimi çulğayan se­vincimdi, gözlərimdə əks olunur, – deyərək xoşbəxt anlarımı yaşadığım anda «Ana,ay ana, qalx! Axı mən dərsə gecikirəm» sözlərinə gözümü açdım. «Ömrümdə ilk dəfə səadətimi tapmışdın, onu da sən yarımçıq qoydun, ay bala» fikrini qəlbimdən keçirərək narazı-narazı qalxıb paltarımı geyindim.

 

* * *

Getdikcə sənə daha çox bağlanırdım. Bu,mənim vaxtsız gələn sevgim idi. Öz-özümlə çarpışmada, idim. Hisslərimi nə qədər gizlətməyə çalışsam da, yenə bacarmırdım. İş stolumun arxasında əyləşən kimi özümdən asılı olmayaraq, gözümün altı ilə sənə baxırdım. Hər dəfə də sənə baxanda baxışlarımız toqquşurdu. Arabir baxışlarım pəncərədən çölə tikiləndə də, elə bil səni görürdüm. Çönüb sənin mənə baxdığını görəndə içimdən bir fərəh hissi keçirdi. Qəlbimdən: «Sevilən qadınlar nə qədər xoşbəxt imişlər» fikri keçirdi. Artıq bu xoşbəxtliyi, bu səadəti mən də yaşamağa başla­mışdım. Bunu mənə sənin məhəbbətin vermişdi. Təkcə uçmağa qanadlarım yox idi. Sevincimdən içimdə aşıb-daşırdım. Artıq iş yeri mənim xoşbəxt­lik hücrəmə çevrilmişdi. Bunu bircə özüm bilirdim.

Gecələr özümü xəyənatkarlıqda suçlayırdım. «Olmaz belə. Sən ərli qadınsan. Düzdü, ərindən ürəyin yuxarı olmasa da, axı ailəlisən. Onsuz da ailələrin çoxu sənin kimi sevib-sevilmədən birgə ömürlərini başa vururlar. Sən də onlardan biri. Bu sənə haqq vermir ki, ailənə xəyanət edəsən. Ağlını başına yığ. Sənin eşqə düşən vaxtın arxada qalıb…» fikirlərinin burulğanında boğularaq necə yuxuya getdiyimi bilmirdim.

Səhər iş yerində səni görəndə isə sevincimdən səni qucaqlayıb bağrıma basmaqdan özümü güclə saxlayırdım. Artıq sənin məni sevməyin, mənə olan məhəbbətin mənim üçün bir dərdə çevrilmişdi. İş stollarımız arasındakı məsafə heç yarım metr olmazdı. Bu qədər yaxın olduğumuz halda, bəs nə üçün sən bu qədər əlçatmaz və uzaq olmuşdun? Bax,bu uzaqlığın səddini aşa bilmirdim. Aramızdakı məsafənin yaxınlığı içərisində olan uzaqlıq, məni getdikcə içimdən çürüdürdü. Daha gecə-gündüzüm yox idi və beləcə günləri bir-bir yola verirdim. Amma bir gün... Yaddan çıxmayan həmin gün ömrümün ən səadətli bir günü kimi taleyimə yazıldı.

 

* * *

Baharın gözəl çağı idi. Təbiət də insanlar kimi sevincdən gülürdü. Günortaya yaxın idi. Stolun arxasından qalxdım və pəncərənin qarşısında dayanıb yaşıllığı ilə baharı salamlayan şam ağaclarına tamaşa etməyə başladım. Göyə ucalan şam ağaclarının yaxınlığından elektrik xətləri keçirdi. Havada dövrə vuran iki ağ göyərçindən biri elektrik xəttinə qondu. Digəri isə havada bir neçə dövrə vurandan sonra elektrik xəttinə qonmuş göyərçinin yanına qondu. Başladılar dimdikləri ilə bir-birinin boyun-boğazını oxşamağa. İçimdə gö­yər­çinlərin bu mehribançılığına qarşı bir həsəd hissi baş qaldırdı. «Kaş mənim də belə sevib oxşayanım olaydı» fikri qəlbimdən keçdi. Çönüb sənin iş sto­luna baxmaq istəyirdim ki, bu zaman qarşımda dayanıb mənə baxdığını və bu an nəfəsini dodaqla­rımda hiss etdim. Sənin nəfəsin neçə illər içimi üşüdən soyuqluğu yavaş-yavaş isitməyə başlayırdı. Artıq mənim üçün yaxınlıqda olan uzaqlıq, əriyib yoxa çıxmışdı. Sənin mənə verdiyin məhəbbətin dərd sərhəddini xəyanətimlə aşa bilmişdim. Bilmir­dim, bağışlanmağa yer qalmışdı, yoxsa yox? Amma bir qaranlıq məsələ mənə aydın idi. Özümü tap­mışdım.

 






Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}