50 il əvvəl BMT nəşrində Nəsimini dünyaya tanıtmış şərqşünas - Məqalə müəllifinin kimliyi müəyyən olundu

50 il əvvəl BMT nəşrində Nəsimini dünyaya tanıtmış şərqşünas - Məqalə müəllifinin kimliyi müəyyən olundu

 

1973-cü ildə UNESCO-nun təşəbbüsü ilə keçirilən "Nəsimi ili”ndə BMT qurumunun "Courier” dərgisində dahi Azərbaycan şairi, mütəfəkkiri haqqında məqalə dərc edilib.

Yazının redaksiya təqdimatında qeyd olunub: "İmadəddin Nəsimi müsəlman dünyasının böyük şair-filosoflarından biri olaraq məşhurdur. O, 600 il əvvəl Şamaxıda anadan olub, bu il dünyanın müxtəlif bölgələrində yubileyi qeyd olunub. UNESCO-nun iştirakı ilə ötən sentyabr ayında Bakıda və Moskvada Azərbaycan Elmlər Akademiyasının təşkilatçılığı ilə xüsusi beynəlxalq tədbirlər keçirilib.

"Nəsiminin şeirləri, – deyə Azərbaycan SSR-nin prezidenti (Ali Sovetin Rəyasət Heyətinin sədri – Ə.R.) Qurban Xəlilov bildirib, – həyatın gözəlliyini və sevinci vəsf edir. Onun bütün əsərlərinə insana və insanın mənəvi-irfani inkişafına və özünü təsdiqləmə qabiliyyətinə inam hopub. Nəsimi insanı düşünməyə, dini fanatizmlə mübarizə aparmağa və özünü köləlik psixologiyasından xilas etməyə çağırır”.

Strateq.az-ın araşdırmaları nəticəsində "Nasimi poet-filosofer Azerbaijan” ("Nəsimi – Azərbaycanın şair-filosofu”, dekabr-1973, səh. 30, 40, 41) məqaləsinin müəllifinin kimliyi müəyyən olunub. Bu, professor Vaqif İmaməli oğlu Aslanovdur.

1928-ci il təvəllüdlü V. Aslanov Azərbaycan (hazırda Bakı) Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Bir müddət sonra Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil alıb. 1955-ci ildə Moskvada SSRİ EA Dilçilik İnstitutuna işə qəbul edilib.

1961-ci ildə "Azərbaycan dili abidələrində feli idarənin bəzi məsələlərinin müqayisəli surətdə işıqlandırılması” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Professor V. Aslanovun Azərbaycanda və xaricdə 100-dən artıq elmi məqaləsi çap olunub. Onun "Azərbaycan dilinin tarixi leksikologiyası” adlı doktorluq dissertasiyası türkologiyada yüksək qiymətləndirilib.

V. Aslanov Azərbaycan Milli EA Dilçilik İnstitutunun baş elmi işçisi və türk dillərinin müqayisəli tədqiqi şöbəsinin ilk müdiri olub, direktor müavini vəzifəsində işləyib.

O, Moskva, Daşkənd, Almatı, Bişkek, Sankt-Peterburq, Ankara, İstanbul və s. şəhərlərdə keçirilən beynəlxalq konfransların iştirakçısı olub.

Tanınmış şərqşünas, dilçi-alim 2001-ci ildə vəfat edib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda "Nəsimi ili” elan edib. O, bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan edib.

1973-cü ildə UNESCO-nun təşəbbüsü ilə "Nəsimi ili” keçirilib.

1989-cu ildə Azərbaycan hökuməti Hələb şəhərinə Nəsiminin büstünü və divanını hədiyyə edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}