Azərbaycan Dillər Universitetində qalmaqal

Azərbaycan Dillər Universitetində qalmaqal
İdarəetmədə islahatlar adı altında Azərbaycan Dillər Universitetində ali təhsil ocağının müvəqqəti rəhbərliyinin xoşuna gəlməyən bacarıqlı kadrların sıxışdırlması, onların öz işindən uzaqlaşdırılması təhlükəsi barədə bir sıra mətbu orqanlarda məlumatların dərc edilməsi Təhsil Nazirliyini da narahat edib. Belə ki, ali təhsil ocağının rektor əvəzi Dünyamin Yunusovun universitetdə tətbiq etməyə çalışdığı sistem nazirlik tərəfindən əks reaksiya ilə qarşılanıb. Məlumata görə, Dünyamin Yunusov nazirliyə çağrılaraq ondan universitetdə baş verənlərlə bağlı izahat tələb olunub və rektor əvəzindən özbaşına hərəkətlər etməmək istənilib.

Maraqlıdır ki, Dünyamin Yunusov Təhsil Nazirliyində üzləşdiyi iradları yoluna qoymaq, təhsil ocağında yaratmış olduğu qeyri-sağlam mühiti yaxşılaşdırmaq əvəzinə agent axtarışına çıxıb. O, təhsil ocağında baş verən neqativ halların mətbuat səhifələrinə necə yol tapmasını araşdırmağa başlayıb. 

Digər tərəfdən isə rektor əvəzi özünün işgüzar, idarəedici imicini formalaşdırmaq üçün KİV-lərdən dəstək almağa çalışıb. İndiyə qədər heç bir mətbu orqana xırda bir açıqlama verməyən Dünyamin Yunusovun haradansa media ilə əməkdaşlıq etmək yadına düşüb. Bir neçə gün əvvəl yerli internet portallarından birinə müsahibə verən rektor əvəzi hər vasitə ilə özünə bəraət qazandırmağa, barəsində yazılanları təkzib etməyə, hətta əlçatmaz bir kadr olduğunu sübuta yetirməyə çalşıb. Amma görünən odur ki, Dünyamin Yunusov mətbuata müsahibə verməklə özünü nəinki təmizə çıxara bilib, əksinə ətrafında dolaşan şübhələri bir qədər də artırıb.

 Dünyamin Yunusovun müsahibəsində qeyd etdiyi bir məqama diqqət yetirəndə rektor əvəzinin nə qədər böyük xətaya yol verdiyi aydın görünür. O, müsahibədə bu vəzifənin icrasını ona tapşırarkən təhsil naziri cənab Mikayıl Cabbarovdan sitat gətirərkən deyir: "Nazir bildirdi ki, bəs bu dedi-qodularla, qalmaqallarla necə baş çıxaracaqsınız? Bir qədər təəccübləndim ki, bizim universitetdə qalmaqal var? Vəzifəmin icrasına başlayanda nazirin tamamilə haqlı olduğunu gördüm”. 

Birincisi, Dünyamin Yunusov universitetdə qalmaqal olduğunu bildirməklə vaxtı ilə canla-başla qulluq etdiyi, hər əmrini yerinə yetirdiyi sələfi, sabiq rektor Səməd Seyidovu dolayısıyla səriştəsizlikdə günahlandırır. Onun sözlərindən belə çıxır ki, Səməd Seyidovun rektor olduğu dönəmdə təhsil ocağında heç bir qayda-qanun olmayıb, qalmaqal baş alıb gedib. Onda maraqlı bir sual ortaya çıxır. Məgər Azərbaycan Dillər Universitetində doğurdan da Dünyamin Yunusovun iddia etdiyi mühit hökm sürübsə, onda nə üçün o zaman hörmətli Dünyamin müəllim buna etiraz etmirdi? Halbuki Səməd Seyidovun rektor olduğu uzun illər ərzində Azərbaycan Dillər Universitetində hər hansı problemin olması barədə bir dənə də olsun fakt qeydə alınmayıb. Yox, əgər Dünyamin Yunusov ali təhsil ocağında qalmaqalın, problemlərin onun dövründə baş qaldırdığını nəzərdə tutursa, deməli əvvəlcə özünə nəzər yetirməlidir. Ola bilsin ki, Dünyamin Yunusov keçmiş sovet təfəkkürü ilə idarəetməyə üstünlük verdiyi üçün gənc kadrlar bu idarəetmə prinsipini qəbul etmir, onu daha keyfiyyətlə işləməyə dəvət edirlər. Dünyamin Yunusov isə bunu sanki özünə qarşı bir inqilab kimi xarakterizə edir. Halbuki dövlət başçısının da qeyd etdiyi kimi idarəetmədə köhnə yanaşmalardan imtina edib yeni metod və texnologiyalardan istifadə etmək daha səmərəlidir. 

Dünyamin Yunusovun ali təhsil ocağında qalmaqal barədə fikirləri həm də o anlama gəlir ki, deməli qocaman təhsil işçisi ali təhsil ocağını idarəetmə qabiliyyətində, gücündə deyil. Ona görə də yaxşı olar ki, Dünyamin Yunusov rektor olmaq iddiasından əl çəkib daha gənc, bacarıqlı kadrların önə çıxmasına şərait yaratsın. Əksinə ondan daha üstün biliklərə malik olanlara qısqanc münasibət bəsləməsin.
Nəhayət, Dünyamin Yunusov Azərbaycan Dillər Universitetində problemlərin, qalmaqalın olması barədə təhsil nazirinin  adından fikir bildirməsi ilə bir növ naziri də zərbə altında qoymuş olur. Bu fikirlə belə bir görüntü yaranır ki, təhsil naziri də ali təhsil ocaqlarında baş verən neqativ halları aradan qaldırmaqda acizdir. Yaxud nazirlik ali təhsil müəssisələrində baş verən neqativ halların aradan qaldırılmasında maraqlı deyil. 

Maraqlıdır ki, Azərbaycan Dillər Universitetinin rektor əvəzi Dünyamin Yunusovun mətbuata verdiyi müsahibə vaxtı ilə həmin təhsil ocağının magistrı olmuş şəxslər də təssüf hissi oyadıb. Universitetin magistrı Səbinə Əiiyeva bildirib ki, sözügedən müsahibə onun kimi  Azərbaycan Dillər Universitetinə azda olsa aidiyyəti olan digər insanları da sarsıdıb: "Ömrümün ən gözəl illərini Azərbaycan Dillər Universitetinin  öncə bakalavr, sonra isə magistratura pilləsində təhsil almışam.  Və hər zaman məhz bu təhsil ocağının məzunu olduğumla fəxr etmişəm. Lakin bu günlərdə ADU-nun rektor əvəzi  professor Dünyamin Yunusovun dərc edilmiş olduğu müsahibəsi məni və mənim tanıdığım bir çox məzunları hiddətləndirib. Azərbaycan Dillər Universiteti hər zaman elitar bir təhsil müəssisəsi kimi fəaliyyət göstərib və onun missiyası  gənc nəslin təlim tərbiyəsi ilə yanaşı Azərbaycanı dünyaya tanıtmaq olub. Bunun bariz nümunəsi universitetdə fəaliyyət göstərən təqribən 20 yaxın ölkənin mərkəzidir. Universitet bu mərkəzlərlə və həmin ölkələrin səfirlikləri ilə yaxından əməkdaşlıq edir, dövlətimizi, millətimizi, mədəniyyətimizi və adət-ənənələrimizi təbliğ edir. Universitetimizin professor müəllim heyəti dünyanın bir sıra tanınmış universitetlərində maraqlı və aktual problemlərlə çıxış edir, Azərbaycan tanıdır, Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar. Yəqin ki, universitetin ziyalıları Dünyamin Yunusovun dediyi kimi qeybət və dedi-qodu ilə məşğul olsaydılar onların buna vaxtı və zamanı olmazdı. Biz ADU-nun məzunları qəti şəkildə inanmırıq ki, xaricdə təhsil almış, ixtisasca hüquqşünas və dövlət başçısının ən uğurlu kadr seçimi olan təhsil naziri cənab Mikayıl Cabbarov həyatında bəlkə də ilk dəfə gördüyü insanla rəsmi görüşdə belə bir nüfuzlu təhsil müəssisəsini dedi-qodu, qeybət ocağı adlandırsın. Hörmətli Dünyamin Yunusov,  Azərbaycan müəllimi bu gün dövlətimizin və  millətimizin rifahı və mənafeyi nəminə böyük əzmlə çalışır və heç kimə ixtiyar verilməyib ki, vəzifəsindən sui-istifadə edib, onun ziyalısına dedi-qoduçu damğası vursun. Onu minlərlə tələbənin  gözündən salaraq millətin gələcəyinə zərbə vursun. Əgər bu gün heç bir zaman olmadığı kimi Azərbaycan Dillər Universiteti qalmaqal, dedi-qodu ocağına çevrilibsə, deməli, buna səbəb sizin fəaliyyətiniz olub”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}