Təhsilin faydasızlığı və ya Heydər Oğuzun dərdi

Təhsilin faydasızlığı və ya Heydər Oğuzun dərdi

 

(Qara metallurgiyanın ağ günləri)

Köhnə dostum, istedadlı şair və publisist Heydər Oğuzu dərd götürüb. Dərd götürüb ki, ata-oğul hakimiyyəti 500 milyon ton neftimizin axırına çıxıb, milyardları həzm-rabidən keçirdikləri kimi, niyə 350 milyon ton dəmir ehtiyatımız onlardan sonraya qalsın? Niyə şanlı rəhbərlərimizin milyardları daha da çoxalmasın və bu dəmir ehtiyatı Heydər Oğuzun oğul və nəvələrinə qismət olsun.

Qardaşım Heydər Oğuz bununla heç cür barışa bilmir. Barışa bilmir ki, bu qədər dəmir Daşkəsən rayonunda yatıb qalaraq naməlum olan gələcək nəsillərə qismət olsun.

Əzizim Heydər Oğuz. Sənin bu dərdin yaxın bir dost kimi mənə də təsir etdi. Və iki həftədir ki, səhərdən-axşama kimi qara metallurgiyamızın qara günlərinə ağlayıram. Ancaq şanlı dostum, darıxma, bizim məmurlar bu gün-sabah oralara da girişib 350 milyon ton xalq sərvətinin axırına çıxarlar və sən də böyük strateq kimi arzuna çatıb rahat olarsan.

Bu belə. Keçək əsas məsələyə. İnsanlar əvvəl bağçada, sonra 10-11 il orta məktəbdə, daha 4-5 il ali məktəbdə, bəzən də 3-4 il aspiranturada oxuyub elmlər namizədi, elmlər doktoru, professor keçmiş dostlarım Kamal Abdulla və Rafael Hüseynov kimi hətta akademik olsalar da, qətiyyən əsaslı idrak dəyişikliyinə məruz qalmırlar. Özünüz deyin, məgər adlarını çəkdiyim köhnə dostlarım akademik olandan sonra zərrə qədər dəyişikliyə məruz qalıblarmı? Həyat prinsiplərinə görə hər hansı bazar kartofsatanından zərrə qədər fəqrlənirlərmi? Başqa saysız milyonçularımız kimi hansı bir ağır ehtiyac içində yaşayan ləyaqətli soydaşlarına heç olmasa, bir manat yardım əli uzadıblarımı? Əksinə, özləri bazarlığa gedərlərsə, kartof və soğan satanlarla bir saat qiymət üstündə çənə-boğaza çıxarlar.

Bəli, bu belədir. Alicənablıq, səxavət irsən ötürülmür. Eləcə də ağıl və istedad kimi. Ümumiyyətlə sərvət sahiblərinin çoxunun övladları ata-analarının topladıqlarını bir neçə ilə dağıdıb gedirlər.

Bəli, hələ böyük Nitşe yazırdı ki, mədəniyyət insanın qafa tasını dəlib içəri girə bilmir. Və adamlarımız böyük əksəriyyətlə nəinki 200-300 il qabaq yaşamış əcdadlarını, hətta yüz milyon illər qabaqkı kərtənkələlərin genlərini, hüceyrələrini daşıyaraq o məsum yırtıcılardan qətiyyən fərqlənmirlər. Fərq bircə orasındadır ki, boyunlarında bəzəkli italyan qalstukları gəzdirirlər.

Bəli, vəziyyət təkcə bizdə belə deyil. Amma eyin zamanda heç yerdə də bizdəki kimi deyil. Məsələn, nə şanlı parlamentimizdə, nə ondan şanlı prezident aparatımızda heç kimin vecinə deyil ki, niyə heç bir təbii sərvəti olmayan Ermənistan və Gürcüstanda minimum əmək haqqı, müəllim və həkimlərin maaşı, mənim kimi təqaüdçülərin təqaüdündən iki dəfə artıqdır. Axı Milli Məclis bu faktdan qəzəblənib nəinki hörmətli spikeri və o binanı, hətta ondan da nəhəng prezident iqamətgahını lərzəyə gətirməli idilər, amma deputatlarımız nəylə məşğul olsalar yaxşıdır? Nə vaxtdandır ki, Qərbdən onları söyənlərə hansı daha kəskin söyüşlərlə cavab verməyə söz axtarırlar.

Ha deyirəm, qələmi yerə qoyub tarixdən, fəlsəfədən bildiklərimi, oxuduqlarımı beş-on nəfər sadiq oxucularım üçün söhbət açam. Olmur ki, olmur. Yuxarıdakı ağalarımız bu şəraiti mənə layiq görmürlər. Məni bu yaşımda külliyyatımı nəşr etdirib başa çatdırmaq imkanı vermirlər. Ümumiyyətlə, insan qəribə məxluqdur. Yadınızdadırmı, köhnə bir lətifə danışardılar. Sel bir kənddən içi dolu motal pendiri dərilərini aparırmış. Bunu görən bir molla ilə bir cavan oğlan sahildə durub həmin motalları tutmağa çalışırmışlar. Qabaqda dayanmış molla gələn motalın birini tutub bir əlində saxlayır, ikincisini ayağının birinə ilişdirir, üçüncüsünü o biri ayağına ilişdirir, dördüncüsünü o biri əlinə tutur, beşincisini dişləri ilə tutur, altıncısı gələndə daha bir orqanı olmur ki, tutub bağlasın, motal ondan yan keçir və arxada dayanan cavan oğlan onu tutur. Bunu görən molla dişlərinin arasından qışqırır:

- Yarısı mənimdir ha!

Cənab iqtidar sahibləri! Özünüzü mələk kimi aparmaqdan əl çəkin! Hamı bilir ki, nə qədər sərvət sahiblərisiz. Nə olar, bu xalq sərvətindən milyonda bir hissəsini də bizə lütf edəsiniz. Beş aydır Əlisa Nicatın təqaüdünü bir az artırmaq üçün hey əlləşirsiniz, mümkün olmur ki, olmur. Pah atonnan! Nə ağır, nə müşkül, nə çətin işdir! Bir balaca, zərrə qədər ədalət və alicənablıq nümunəsi göstərmək lazımdır! Mən sizin dərdinizi başa düşürəm!



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}