Qazax Peşə Liseyinin quru adı var

Qazax Peşə Liseyinin quru adı var

 


 

(Kimdir günahgar? Əlbəttə səriştəsiz direktor Əhməd Alıyev)

 

Hər hansı bir peşəyə yiyələnmək, onun mahir sənətkarı olmaq olduqca şərəfli haldır. Əbəs yerə deməyiblər ki, sənətkar günortayadək ac qalar. Onun çörəyi çəkicdən, zindandan, ağır maşın və mexanizmləri idarə etməkdən, qurmaqdan, tikməkdən, yaratmaqdan, alın tərindən çıxır. Dahi Nizami demiş:  - Daşdan su çıxarar zəhmətlə insan!

Ulu Öndərimiz Heydər Əliyev daim üzünü gənc oğlan və qızlara tutub deyərdi:- Balalar, orta məktəbi qurtardıqdan sonra əksər gənclər ali təhsil almaq üçün institutlara üz tutur. Ancaq bir şeyi unutmayın ki, ali təhsil dalınca qaçmaq o qədər də şərəfli deyil, şərəfli odur ki, əmək cəbhəsinə üz tutasan, yaxşı pambıqcı, yaxşı bağban, yaxşı neftçi, yaxşı mexanizator olasan. Əməkinlə ucalıb, şan-şöhrət sahibi olasan, xarüqələr yaradasan.

Bəli, Ulu Öndərimizin vaxtı ilə söylədiyi kəlamlar, məsləhətlər bu günümüzlə necə də həmahəng səslənir. Bəs bu peşələrə harada, necə yiyələnməli? Sovetlər birliyi dövründən bəri demək olar ki, hər bir bölgədə, hər bir rayonda peşə məktəbləri və liseylər fəaliyyət göstərir. Hər il  yüzlərlə, minlərlə oğlan və qız müxtəlif peşələrə yiyələnərək həyatın qaynar qucağına pərvazlanır, əmək fəaliyyətinə başlayır.

Son illər isə bu sahəyə dövlət tərəfindən diqqət və qayğı birə-beş qat-qat artmışdır. Möhtərəm prezidentimiz İlham Əliyevin peşə məktəblərinin fəaliyyətini genişləndirmək, maddi-texniki bazasını daha da möhkəmləndirmək haqqında 24 aprel 2018-ci il tarixli fərmanı da bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.

Çox təəssüflər olsun ki, əlli ilə yaxın bir peşə məktəbi (hazırda liseydir) kimi fəaliyyət göstərən Qazax Peşə Liseyinin barəsində xoş sözlər söyləməyə adamın dili gəlmir. Bu gün həmin liseyin demək olar ki, yalnız quru adı qalmışdır. Yox, elə düşünməyin ki, liseyin qapılarına iri bir qıfıl vurulub, ağzı bağlanıb? Əsla belə deyildir. Sadəcə olaraq son 15-20 il ərzidə, yəni Əhməd Alıyevin həmin məktəbə rəhbərlik etdiyi illərdə məktəbin quruca adı qalıb. Yüzlərlə təhsil alan şagirdlərin davamiyyəti günbəgün əriyərək buxarlanıb.

Eləcə də müəllimlər, ustalar, laborantlar və texniki işçilər bu boşluqdan istifadə edərək aybaay maaş cədvəlinə imza edib Əhməd müəllimə də görüm-baxım etmələri barədə iddialar var.

Yaxın dörd-beş ilədək «dərslər» sovetlər dönəmində inşa edilmiş tədris  korpusunda keçirilirdi. Hətta məktəbin beşmərtəbəli yataqxanası, idman  zalı, yardımcı təsərrüfat sahəsi də var idi. Lakin Əhməd müəllimin səriştəsizliyi, məsuliyyətsizliyi ucbatından yuxarıda sadaladığımız hər şey dağıldı, məhv edildi. Məktəbdə bir nəsir qaldı, bir də məmmədnəsir. Maşınlar, traktorlar, digər avadanlıqlar da «əriyib qeybə» çəkildi.

Çox götür-qoydan sonra məktəb yaxınlıqdakı uçuq-sökük bir binaya köçürüldü. Üç-dörd otaqdan ibarət bu binada isə şagirdlərin dərs keçmələri, yaxud peşə öyrənmələri üçün heç bir şərait yoxdur. Gün ərzində məktəbə gələn 5-10 şagird, yaxud müəllim və usta bayırda görünüb tezliklə də qeybə çəkilirlər.

Nəticədə isə qazanan əlbəttə Əhməd müəllim olur. Hər qayıbın öz qiyməti olduqca maraqlıdır ki, Təhsil Nazirliyi, Peşə təhsili agentliyi bu liseydəki acınacaqlı vəziyyəti billə-bilə nə üçün əməli tədbir görmürlər? Axı hər il bu məktəb üçün dövlət ətək-ətək məvacib ayırır. Yaşı 70-i, hətta 66-nı haqlayan neçə-neçə müəllimi, o cümlədən Əhməd Alıyevin özü (Əhməd müəllim neçə ildir ki, müqavilə yolu ilə postunda qalır) təqaüd ala-ala hələdə liseyə rəhbərlik edir.

Bəli, bu gün Qazax  peşə liseyinin yalnız quruca adı qalıb. Görəsən məktəbin illərlə donub qalan buz layları nə vaxt əriyəcək? Onu  təhsil nazirliyi bilər və  gününü restoranlarda, kababxanalarda keçirən, şagird və müəllimlərin əlindən sızıldada-sızıldada aldığı pullarla hər il sanatoriyalarda kef çəkən peşə liseyinin direktoru Əhməd Alıyevin qolundan tutub:- yox qağa, daha bəsdir, çıxardığın olaylar, get dincəl deyən tapılacaqmı?

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Azad Aydın,

Qazax



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}