General Sadiq Abduyev məsuliyyətə cəlb olunacaqmı?


 

 

Məhkəmə ifadələri gömrükdəki mütəşəkkil korrupsiyadan xəbər verir

 

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşlarının məhkəmə prosesində ilginc məlumatlar üzə çıxmağa başlayıb. Hakim Zeynal Ağayevin icraatında olan prosesdə təqsirləndirilən gömürk əməkdaşlarından biri, Fərman Məmmədli ifadə verərək deyib ki, bütün işçilər rəsmi maaşdan əlavə "paket” (aylıq məvacibə əlavə olunan, lakin rəsmi qeydiyyata alınmayan nəğd pul vəsaiti – red.) alıblar: "Mərkəzi Gömrük Hospitalı komitənin Tibbi Xidmət İdarəsinin nəzdində idi. Hospitalda da xəstələrə verilən yeməyin çeşidinə qədər idarənin rəisi Fikrət Qədiməliyev müəyyənləşdirirdi. İstər idarədə, istərsə də hospitalda süpürgəçidən tutmuş, idarə rəisinə qədər hamı rəsmi maaşdan əlavə "paket” də alırdı. Həkimlər vardı ki, aylıq aldığı pul 150-170 minə çıxırdı. Plastik cərrrah 120-130 min alırdı”. Təqsirləndirilən Fərman Məmmədli bildirib ki, bütün işlərə rəisi F.Qədiməliyev nəzarət edib: "İttihamda yazılıb ki, 15 milyonluq mənimsəmə olub. Orada Fikrət müəllimin icazəsi olmadan bir stol bu otaqdan başqa otağa keçirilə bilməzdi, qalmışdı pul mənimsəmək olsun. Orada sistem elə qurulmuşdu ki, kimsə gəlib desə ki, mən pul yemişəm, inanmaram, çünki mümkün deyildi. Fikrət müəllim hər şeyə nəzarət edirdi. Hospital maliyyə baxımından iki hissəyə bölünürdü, büdcədən maliyyələşən hissə və təsərrüfat hesablı hissə. Orada ikili mühasibatlıq vardı. Gündəlik daxil olan bütün vəsaitlər, xəstələr sistemdə qeydiyyata alınırdı. Ertəsi gün səhər Fikrət müəllim şəxsən müqayisə aparır, nə qədər rəsmiləşdirilməlidir, nə qədər yox – buna qərar verirdi. Həkimlərin işə qəbulu da razılaşma əsasında olurdu. Eləsi var, 50/50-yə, eləsi var, 40/60 faizlə işləyirdi. Şərtlər razılaşdırılıb yazılırdı, Fikrət müəllim imza atırdı, amma o sənədlər rəsmi sənədlər olmurdu. Elə həkimlər vardı ki, həm faiz alırdılar, həm də əlavə "paket”. Həkimlər çox böyük pullar alırdılar, maaşda bir manatları səhv çıxan kimi, aləmi bir-birinə qatırdılar”. Təqsirləndirilən Fərman Məmmədli daha sonra özünün və general Qədiməliyevin aylıq qazancından da danışıb: "Rəsmi maaşım çox aşağı idi, "paket”in məbləği isə 5 min 500 manat idi. Fikrət müəllimin aylıq maaşı 28 min 300 manat idi və nəğd hissədən 20 faiz alırdı. Hospitalın girişindəki aptek, yeməkxana, bir də satış birbaşa ona baxırdı. Oradan gələn bütün pullar şəxsən ona təqdim olunurdu. Özü demişdi ki, "bu üçü bizim deyil”. Kimindir, onu da bilmirəm. Pullar ona verilirdi, daha bilmirəm ki, o da kiməsə verirdi, yoxsa yox”. Həmçinin verdiyi ifadələrində Fərman Məmmədli Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abduyevin cəlb olunmamasından narazılıq edib: "Gömrük Hospitalı üçün xaricdən gətirilən dərmanlar gömrükdən qeyri-qanuni yollarla keçirilir, bəyannamələr dəyişdirilirdi. Məsələn, dərman gətirildiyi halda, sənəddə uşaq bezi yazılırdı. Respublikada nə iləsə bağlı müəyyən problemlər yaşananda, gömrükdə də nəzarət gücləndirildi. Bizim malları da saxlamışdılar. Mən Fikrət müəllimə dedim. Bir gün Fikrət müəllimin köməkçisi zəng eləyib, məni onun otağına çağırdı. Gedəndə gördüm ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev də ordadır. Sadiq Abduyev dedi ki, "bundan sonra gələn malların üstünə "pamperslər” qoyun, altda öz mallarınızı. Nəsə lazım olsa, köməkçim Araza yaxınlaşıb deyərsiz, yenə həll olunmasa, özümə deyərsiz. Dərmanlar gömrükdən qanunsuz keçirildiyi halda, bəs niyə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abduyev məsuliyyətdən kənarda qalıb? İşçilərinə də ancaq səhlənkarlıq ittihamı verilib. Bizə isə qaçaqmalçılıq. Niyə?”

Təqsirləndirilən Fərman Məmmədlinin sualı əslində bütün cəmiyyəti düşündürür. Bu sualın cavabı isə çox kiçik dairəyə məlumdur. Gömrük xidməti general-mayoru ali xüsusi rütbəsini hələ 2011-ci ilin 25 yanvarında alan Sadiq Abduyev, 2017-ci ilin yanvarında 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə də təltif olunub. Məlumatlı şəxsin sözlərinə görə, Sadiq Abduyevin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi təyin olunmasının da, ali xüsusi rütbə almasının da, ordenlə təltif olunmasının da və ən nəhayyət, bu gün cinayət məsuliyyətindən kənarda qalmasının da özəl səbəbləri var. Bu özəl səbəb isə, onun Fövqəladə Hallar naziri, Dövlət Gömrük Komitəsinin sabiq sədri Kəmaləddin Heydərovla yaxın qohum olmasıdır. Məlumata görə, Sadiq Abduyev gömrük orqanlarına Kəmaləddin Heydərov Dövlət Gömürk Komitəsinin sədri olduqdan sonra qəbul olunub. Məhz Kəmaləddin Heydərovun himayəsi ilə Sadiq Abduyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə yüksəlib. Məhz onun dəstəyi ilə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsinə layiq görülüb. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsində səslənən iddialardan da göründüyü kimi "dərman mafiyası”nın fəaliyyət göstərməsində önəmli rol məhz Sadiq Abduyevin üzərinə düşüb. Bu gün ölkəyə qaçaqmal yolu ilə saxta dərman gətirib, onu vətəndaşlara satmaqla külli-miqdarda sərvət qazanan qrup Sadiq Abduyevin dəstəyi olmadan fəaliyyət göstərə bilməzdi. Bu malların gömrük nəzarətindən yayındırılaraq ölkəyə daxil olmasına imkan verilməsəydi, onun vətəndaşlara satışı da təşkil oluna bilməzdi. DGK-nin Tibbi Xidmət İdarəsinin sabiq rəisi, gömrük xidməti general-mayoru Fikrət Qədiməliyev Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham olunduğu halda, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyevin Cinayət Məcəlləsinin yalnız 314.2 (səhlənkarlıq) maddəsi ilə ittiham olunması qanunçuluğun məntiqinə və fəlsəfəsinə tamamilə ziddir. Sadiq Abduyevin əsas məsuliyyətindən kənarda saxlanılması cəmiyyətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinə də şübhə salmaq gücündədir. Məhkəmədə səslənən fikirlərdən çıxan digər nəticə isə, ölkənin gömrük sistemində hələ də "paket” mükafatlandırma sxeminin mövcudluğu ilə bağlıdır ki, bu da bütövlükdə Dövlət Gömrük Komitəsinin rəhbərliyinin məsuliyyəti ilə bağlı ciddi iddialar doğurur. Bu iddiaların nə dərəcədə əsaslı olub-olmaması isə, artıq başqa bir araşdırmanın mövzusudur.

 

Azad Aydın,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}