ƏSƏDULLA QURBANOV-83- Nüfuzlu ziyalı, görkəmli islamşünas, filosof, alim


 

 

Professor Əsədulla Qurbanov 1936-cı ilin 28 aprelində Azərbaycanın ən dilbər güşələrinin birində - Balakən rayonunun (Katex) Gədik kəndində kolxozçu ailəsində anadan olmuşdur. O, atasını çox erkən iki aylıq çağa ikən itirmişdir. Onun özündən böyük iki qardaşı Böyük Vətən Müharibəsində (1941-1945) həlak olmuşdular. Anasını da gəncliyində itirmişdir. Əsədulla Qurbanov doğma kəndindəki orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya gəlir.


O, 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olaraq, 1961-ci ildə həmin universitetin Şərqşünaslıq fakultəsini bitirmişdir. Əsədulla Qurbanov təyinatı üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirli­yinə işə göndərilir. O, 1973-cü ilə qədər nazirliyin mərkəzi aparatında müxtəlif məsul vəzifələrdə çalışıb. 

Əsədulla Qurbanovun elmi-pedoqoji işə olan dərin, hədsiz həvəsi onu 1973-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitu­tuna elmi işə gətirir. O, burada işləyə-işləyə, eyni zamanda məzunu olduğu Bakı Dövlət Universitetinin aspiranturasına daxil olur. Aspiranturanı vaxtından əvvəl bitirərək 1976-cı ildə"Azərbaycan kəndlisinin şüurunda sekulyasiyalaşmanın – dünyəviləşmənin xarakterik xüsusiyyətləri” (Şəki-Zaqatala-Balakənin mate­rial­ları əsasında fəlsəfi-sosioloji təhlil) mövzusunda dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi olur. 

Əsədulla Qurbanov Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə və sosio­lo­giya İnstitutunda çalışmaqla yanaşı, eyni zamanda Bakı Dövlət Universi­tetində pedoqoji fəaliyyətlə də məşğul olur. O, müəllimliklə yanaşı, məşğul olduğu sahə üzrə elmi-tədqiqat işlərini də davam etdirir.

İstedadlı tədqiqatçı 1990-cı ildə "Milli və millətlərarası münasibətlər kon­tek­tində sekulyarlaşmanın – dünyəviləşmənin xarakterik xüsusiyyətləri” (Azər­bay­can Respublikasının materialları əsasında fəlsəfi-sosioloji təhlil) mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.

O, Bakı Dövlət Universitetində əvvəlcə dosent, hal-hazırda isə professor vəzifəsində çalışır. 20 ildən çoxdur ki, Bakı Dövlət Universitetində İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik edir. 

Professor Əsədulla Qurbanov çoxsaylı elmi, fəlsəfi, bədii-publisistik əsərlərin müəllifidir. 

Həmin əsərlərdən bəzilərinin adlarını çəkmək istərdik.

"Nəzəri dinşünaslığa giriş (1994), "Nəzəri islamşünaslığa giriş (1996)”, "Beynəlxalq münasibətlərdə din-islam amili” (ali məktəblər üçün dərslik) (2000-ci il), "Heydər Əliyevin şərq siyasətidə islam amili”, "Heydər Əliyev müstəqil Azərbaycanda islamşünaslıq elminin banisidir”. 

Professor Əsədulla Qurbanovun Heydər Əliyevin islamşünaslıqla bilavasitə bağlı yuxarıda adları çəkilən əsərlərini yazması heç də təsadüfi deyildir. Buna başlıca səbəb Ulu Öndərin İslamşünaslıqla bilavasitə bağlı aşağıdakı kəlam xarakterli, mahiyyətli fikirləri işlətmişdir.

Heydər Əliyev demişdir: 

"...Azərbaycanda İslamşünaslıq sahəsində XX əsr demək olar, tamam itirilibdir. Bu işləri görmək üçün Azərbaycanda islamşünaslıq elmini inkişaf et­dir­mək lazımdır. Azərbaycanın Elmlər Akademiyası, Bakı Dövlət Universi­teti və elmi tədqiqat institutları bu sahə üçün xüsusi təşkilatlar, orqanlar və elmi mərkəzlər yaratmalıdırlar...Belə təşəbbüslər olsa, mən onları dəstəkləyə­cəm, bunlar üçün şərait də yaradacağam. Buna arxayın olun”. 

Göründüyü kimi, Ulu Öndər bu fikirlərlə Azərbaycanda islamşünaslıq sahəsində çalışan mütəxəssislər qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr qoymuşdur. Professor Əsədulla Qurbanov da üzərinə düşən həmin vəzifələri müvəffəqiyyətlə yerinə yetirilməsinə xidmət baxımından Azərbaycanda İslamşü­naslıq elminin inkişaf etdirmək üçün əlindən gələni əsirgəmir. Yeri gəlmişkən, Əsədulla Qurbanovun islamşünaslıq elminə və islam dininin əsasını təşkil edən müqəddəs Qurana verdiyi elmi tərifləri xatırlamaq istərdik. 

"İslamşünaslıq elmi əsasən islam dininin və müqəddəs Quranın mənşə­yini, mahiyyətini, fəlsəfəsini, sosiologiyasını, psixologiyasını və fenomologi­yası­nı elmilik, obyektivlik, məntiqilik və dünyəvilik baxımından şərh edən fəlsəfi elmlərdəndir” (Ə.Q.). 

 

"İslam dininin əsasını təşkil edən Quran təkcə müsəlmanların deyil, dinin­dən, dilindən, milliyətindən, irqindən, cinsindən, habelə digər sosial mənsubiyyət­lərindən asılı olmayaraq, bütövlükdə bəşər övladının müqəddəs stolüstü kitabıdır” (Ə.Q.).

Yeni Azərbaycan Partiyasının ən fəal yaradıcılarından, təşkilatçılarından və Məhşur "91”-lərdən biri olan indi də professor Əsədulla Qurbanovun ictimai, siya­si fəaliyyəti barədə bəzi məlumatlarla oxucularımızı tanış etmək istərdik.

Əsədulla Qurbanov Birləşmiş Millətlər Təşkilatının "Sülh səfiri” diplomuna layiq görülmüşdür (2014-cü il). O, Ankara Söz Akademiyasının üzvüdür. Professor Əsədulla Qurbanov 1967-ci ildə keçmiş SSRİ-nin "Əməkdar Mədəniyyət Xadimi” diplomuna layiq görülmüşdür. O, 1998-ci ildə Səudiyyə Ərəbistanın mərhum kralı Fəhd Əbdüləziz İbni Əl Səudun dəvəti ilə müqəddəs Həcc ziyarətində olmuşdur. Əsədulla Qurbanov 1993-cü ilin məlum 4 iyun Gəncə hadisələri, 4 oktyabr Bakı, 1995-ci il mart hadisələri ilə əlaqədar bəzi daxili və xarici qara qüvvələr tərəfindən ölkədə dövlət çevrilişlərinə göstərdikləri cəhdlərin qarşısının alınmasında şəxsən çox fəal iştirak etmişdir. Təsadüfi deyildir ki, o, 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə "Tərəqqi”medalına layiq görülmüşdür. 

Professor Əsədulla Qurbanov Respublika Ağsaqqallar Şurasının, Azərbay­can Jurnalistlər Birliyinin üzvüdür.

Professor Əsədulla Qurbanov 2016-cı ildə anadan olmasının 80 illiyi müna­si­bəti ilə Azərbaycan Respublikasının "Qabaqcıl Təhsil işçisi” diplomuna layiq görülmüşdür. 

Professor Əsədulla Qurbanov gözəl ailə başçısıdır. O, dörd övlad atası, sək­kiz nəvə babasıdır. Nəvələrindən ikisi ABŞ-da, ikisi Londonda, biri Danimarkada ali təhsil almışlar.

Professor Əsədulla Qurbanov 1991-ci ildən sonra yəni Azərbaycan Respub­li­kası milli müstəqillik əldə etdikdən sonra respublikamızın ictimai, siyasi, mədəni və mənəvi həyatında çox fəal iştirak edir. 

Əlbəttə Azərbaycan nüfuzlu ziyalısı, görkəmli islamşünas filosof aliminin respublikada dövlət və vətən qarşısındakı çoxsaylı layiqli xidmətlərindən də daha çox bəhs etmək olardı. Nəhayət yekun olaraq redaksiyamızın və çoxsaylı oxucularımızın adından dövlətimizin başçısından Professor Əsədulla Qurbanovun nümunəvi xidmətlərini nəzərə alaraq ona Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilsin. O, buna çoxdan layiqdir.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}