Prezidentin rahatsızlığı anlaşılandır... -(Mətbuatımızın düşdüyü girdab)

 

Məlum olduğu kimi, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə söylədiyi nitqində mətbuatla da bağlı bir sıra neqativ məqamlara diqqət çəkib: 
"...Bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz.”
Tamamilə doğru iradlardır və bəzi mətbuat orqanlarının düşdüyü girdab biz jurnalistlərə daha yaxşı tanışdır. Hər hansı bir mətbuat orqanının siması, heç şübhəsiz ki, onun redaktorunun simasıdır. Əksər media orqanlarının obyektivlik, peşə və davranış prinsiplərinə uyğun gəlməyən fəaliyyətə meyllənmələri müəyyən dərəcədə imkansızlıqla bağlı ola bilər. Amma dövlət dəstəyindən bəhrələnən və maliyyə imkanları ilə seçilən bəzi mətbuat orqanlarının belə işlərlə məşğul olmalarını anlamaq çətindir. 
Son illər bir sıra mətbuat orqanına dövlət kifayət qədər maliyyə yardımı ayırır, jurnalistlərin yaradıcılıq şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atır. Lakin açıq-aşkar görünür ki, bu yardımlar həmin qəzetlərin inkişafında ciddi bir irəliləyişə səbəb olmur. Mövzu kasadlığı, oxucunu cəlb edə bilməmək bacarıqsızlığı, müasir qəzetçilik vərdişlərinə yiyələnə bilməmək səriştəsizliyi, əməkdaşların peşə hazırlığı məsələləri müasirliklə səsləşmir və demək olar ki, 20-30 il bundan əvvəlki vəziyyətindədir. 
Bunun başlıca səbəblərindən biri mətbuatı özünün müqəddəs peşəsi hesab edənlərin yerini digər sənət sahiblərinin tutması və bu peşəyə, bir növ, maddi maraq prinsipindən yanaşmalarıdır. Yəni, boş quyuya tonlarla su tökməyin mənası yoxdur... 
O ki qaldı məsələnin ikinci tərəfinə, yəni, bu işə məsuliyyət daşıyan şəxslərin mövqeyinə, istərdim ki, bu məsələdə qəzetçiliyi də, yazıçılığı da, şairliyi də bir yana qoyub bir az kişiyana hərəkət edək... Sanki Prezidentin çıxışını gözləyirmişlər kimi, bəziləri dərhal arxadan zərbə vurmağa səy göstərdilər. 
1989-1992-ci illərdə hərəsi bir xarakterdə olan və idarəetmə üslubunda qətiyyən bir-birinə bənzəməyən 3 müxtəlif ölkə başçısınin təzyiqləri altında nəşr olunan "Azərbaycan” qəzetinin rəhbərləri heç zaman birtərəfli mövqe tutmamış və təbii olaraq bu gün də obyektivlik, qərəzsizlik simvolu kimi hörmətlə anılırlar. 
Vaxtilə Heydər Əliyevin adını çəkmək belə yasaq olduğu dövrlərdə "Azərbaycan” qəzetində xüsusi bir rubrika açmışdıq – "Naxçıvan xəbərləri”. Naxçıvanda çox ağır bir şəraitdə işləyən H.Əliyevin haqqında böyük bir müsahibə vermişdik, hətta ad günü münasibətilə təbrik də etmişdik. Yəni, ölkəyə, millətə xidmət edən hər bir kəs bizim nəşr elədiyimiz qəzet üçün eyni dərəcədə dəyərli idi... Məhz bu mənada örnək ola biləcək mətbuat orqanlarımız var və onların mütərəqqi iş prinsiplərinin müasir qəzetçilikdə öyrənilməsi bu gün də vacibdir.
Tənqid etmək o demək deyildir ki, dərhal kiminsə başı kötüyün üzərinə qoyulmalıdır. Bəzilərinin gördüyü, bəzilərinin isə görməməzliyə vurduğu nöqsanları Prezidentin dilə gətirməsi çox mühüm məqamdır. Əlbəttə ki, bu xəbərdarlıqdan çoxları öz payını götürəcək. İşində dönüş yarada bilməsə, haqlı iradları aradan qaldıra bilməsə, o zaman, cənab Prezident demiş, "biz belə adamlarla bir yolun yolçusu ola bilmərik.”
Bəzi mətbuat orqanları beynəlxalq aləmdə cərəyan edən bir çox qlobal təbəddülatları konkret olaraq Azərbaycanın problemi kimi təqdim etməyə cəhd göstərir, onu ölkəmizə transfer edib xof yaradır, insanlara əsassız çağırışlar edirlər.  
Neftin dünya bazarında qiymətinin düşməsi ilə əlaqədar olaraq bütün neft ixrac edən ölkələrdə büdcə ehtiyatlarının sürətlə azaldığı bir dönəmdə iqtisadi reformalar qaçılmazdır və yaxud, eyni funksiyalı hansısa qurumlar birləşdirilə bilər. Bu, qanunauyğun bir prosesdir. Qloballaşan iqtisadi böhran şəraitində eyni funksiyanı yerinə yetirən dövlət qurumları və nazirliklərin optimallaşdırılması məsələsi həmişə gündəmdə olub. İslahatlar zamanın çağırışıdır. Lakin məsələ ondadır ki, bu olayı başqa istiqamətlərə yozanlar da var – "nazirlər arasında savaş”, "məmurların nüfuz müharibəsi”...
Qaldı ki, nazirliklərin ixtisarı və yaxud bağlanması məsələsinə, ölkə başçısı və müvafiq qurumlar, heç şübhəsiz ki, onların maksimum dərəcədə ağrısız həyata keçirilməsi üçün ehtiyatlı addımlar atırlar. Buna misal kimi 2015-ci ilin əvvəlində prezident İlham Əliyevin Dövlət Xəritəçəkmə və Torpaq Komitəsinin ləğvi və onun bir çox strukturlarının Əmlak Məsələləri Dövlət Komitəsinə birləşdirilməsi, eyni zamanda Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilərək bazasında Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılması, yaxud Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilərək əvəzində daha konkret və çevik bir qurumun – Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin yaradılması haqqında verdiyi sərəncamlar cəmiyyətdə müsbət addım olaraq dəyərləndirildi. 
Nəticə göz qabağındadır. Strukturunda reformalar edilən, rəhbərliyində dəyişikliklər olunan bir sıra nazirliklərin işində, doğurdan da müəyyən irəliləyişlər müşahidə olunmaqdadır. 
Cənab Prezidentin vurğuladığı kimi, ən böyük bəlalardan biri olan rüşvətxorluğa və korrupsiya hallarına qarşı mübarizənin daha da kəskinləşdirilməsi və ictimai nəzarətin gücləndirilməsidir. Bu məsələdə mətbuatla ictimaiyyətin işbirliyi qaçılmazdır. Cəmiyyətdə mətbuatın vəzifələrindən biri də məhz rüşvətxorluğun, korrupsiyanın ifşa edilməsidir. Bu gün bəzi mətbuat qurumları bu neqativ hallarla mübarizə aparmaq əvəzinə, şantaj xarakterli materiallar dərc edərək müqabil tərəfi rüşvətxorluğa sövq edirlər. Hazırda bu kimi tendensiyalar elə bir miqyas almışdır ki, bilavasitə ölkənin iqtisadi həyatına öz təsirini göstərir və heç də təsadüfi deyildir ki, bu məsələyə mətbuatla işləyən dövlət qurumları deyil, bilavasitə cənab Prezident özü müdaxilə etmək məcburiyyətində qalmışdır. 
Cənab Prezidentin qəzəbi anlaşılandır. Anlaşılmayansa odur ki, jurnalistlərinə yüzlərcə mənzil verilən, yardımlar ayrılan, fəxri adlar verilən bir ölkədə dövlətin bu qayğısına hörmətsizliyin mayasında nələr və kimlərin maraqları dayanır?

 Şərif Kərimli, 
yazıçı-jurnalist



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}