Rusiya Suriyada ABŞ-a müharibə elan etmək həddindədir – TƏHLİL

Rusiya Suriyada ABŞ-a müharibə elan etmək həddindədir – TƏHLİL

 

Alfred Hakensberger

Die Welt (Almaniya), 04.10.2017

Rusiya və ABŞ Suriyada qarşıdurma vəziyyətindədir, müttəfiqləri artıq bir-birinə atəş açırlar. Rusiya xüsusi təyinatlıları hazırda Fəratı keçiblər – bu, Amerikaya müharibə elan etməyə bənzəyir.Fərat üzərindəki üzən körpünün 210 m uzunluğu var və gündə 8 min hərbçini keçirə bilir. Hətta tanklar da ondan problemsiz keçə bilər. Rusiya xüsusi təyinatlıları onu Deyr-əz-Zor şəhərinin yaxınlığında ölkənin ən böyük çayı üzərində qurublar. Rusiya dövlət televiziyası təmtəraqla elan edib: "48 saatlıq rekord bir vaxtda” və bununla  bağlı körpü üzərindəki əsgərlər və yük maşınlarının şəkillərini göstərib. Bu, Rusiya tamaşaçısı üçün milli ordu logistikasının qələbəsi kimi qələmə verilib.

Fəratın qərb və şərq sahillərini birləşdirən üzən körpü bununla onsuz da gərgin hərbi durumda təhlükəli kəskinləşmə doğurur. O, çox asanlıqla yayıla və Amerika – Suriyaya müdaxilə etmiş digər dünya dövləti ilə qarşıdurmaya səbəb ola bilər. Çünki, doğrusu deyilsə, bu çay Moskva və Vaşinqton tərəfindən demarkasiya xətti kimi müəyyən edilib. Rusiya və Amerika əsgərləri, hər şeydən əvvəl isə onların müttəfiqlərinin orduları arasında birbaşa silahlı toqquşmadan yayınmaq üçün onu keçmək olmazdı.

Kreml Suriya vətəndaş müharibəsində Əsəd rejiminin qüvvələrini qələbə yoluna çıxarıb. Ağ Ev Suriya Demokratik Qüvvələrini (SDQ) dəstəkləyir. Onlar ölkəninn şimalında İŞİD-ə qalib gəlib və indi xilafətin paytaxtı Rakkanı tutmağa can atırlar.

Rusiyanın sazişi pozması, demək olar, savaş elan etməyi bildirir. Suriya ordusu Rusiya HHQ-nin dəstəyi ilə başqa bir yöndən – şərq sahili boyunca irəli gedir. Rejim qoşunlarını müxalif SDQ-dən cəmi beş kilometr ayırır. Artıq hər iki tərəf arasında bir neçə dəfə toqquşma meydana çıxıb. Rusiya HHQ hətta SDQ mövqelərini bombardmana məruz qoyub. General-mayor İqor Konaşenkov bir həftə qabaq ABŞ ali komandanlığına xəbərdarlıq edib ki, əgər Rusiya və Suriya qoşunları bir də atəş altına düşsə, həm SDQ, həm də Amerika hərbçiləri atəşə məruz qalacaq.

Görünür, Moskva Deyr-əz-Zor əyalətini ABŞ və müttfəqilərinə döyüşsüz vermək istəmir, çünki orada ölkənin nəinki təkcə ən böyük neft-qaz yataqları var, Fərat vadisi həm də taxıl mənbəyidir. Həm də guya İŞİD-in tanınmış liderləri İraq və Suriyadan bura qaçıblar. Hətta, ehtimala görə, qondarma xəlifə Əbubəkr əl-Bağdadi orada İraqla həmsərhəd bölgədədir. İŞİD-in bu cür kadrlarını ələ keçirməkdən nə Rusiya, nə də Amerika imtina edər. Deyəsən, ehtiyatlarla zəngin və strateji baxımdan önəmli bu vilayəti ələ keçirmək uğrunda iki böyük dövlət arasında rəqabət qızışır. Oranı kim tutsa, vətəndaş savaşı bitəndən sonra danışıqlarda daha çox kozıra sahib olacaq.

Deyr-əz-Zor artıq çoxdan Vaşinqton və SDQ-nin planındadır. Kürd, ərəb, assuriyalı və türkmanlardan ibarət multietnik hərbi alyansın komandirləri hələ bir neçə ay öncə car çəkmişdilər: "Rakkanı tutandan sonra bu bölgəni azad edəcəyik”. Lakin onların İŞİD qalası Rakkaya hücumu ləngiyir, Suriya ordusunun elit bölmələri isə gözlənilmədən  Deyr-əz-Zora yol aça bilib. Rejim bu gün şəhər ərazisinin, təxminən, 65%-ə nəzarət edir. Qalanı hələ də İŞİD-in əlindədir.

Rejim Fəratın şərq sahilinə hücumla SDQ-nin sonrakı irəliləyişini çətinləşdirir. Eyni zamanda onun ölkənin ən böyük neft yataqlarından biri əl-Ömərə və İraqla həmsərhəd əraziyə yolu açılıb. İraq üzərindən birləşməyin şiə İranı üçün də böyük önəmi var. О, Suriya hökumətinin ikinci ən böyük müttəfiqidir və bununla da Bağdaddan keçməklə Tehrandan Dəməşqə quru yolunu təmin edə bilərdi. Şiə yarımhərbi birləşmələrinin Deyr-əz-Zorda Suriya ordusunun tərəfində vuruşması təsadüfi deyil.

ABŞ-ın müttəfiqləri, demək olar, lap son anda zərbə endiriblər. SDQ rejim qoşunlarının İŞİD-ə qarşı hücumunu gərəyincə qiymətləndirməyib. Multimilli hərbi birlik son iki həftədə şimaldan Deyr-əz-Zoradək irəliləyib, sənaye zonasını, həmçinin Suriyanın ən mühüm qaz yatağını ələ keçirib.

Həftənin sonunda ölkədə ən güclü, gündə on milyon kubmetrdən çox qaz istehsal edən Konoko qaz hasilatı müəssisəsinin ələ keçirilməsi baş verib. SDQ-nin məlumatına əsasən, onlar orada Rusiya hərbi təyyarələrinin bombardmanına düçar olublar. Rusiya Amerika müttəfiqlərinin üzərinə digər şığımalar kimi bunu da təkzib edib. Əlbəttə, həm Suriya rejimi, həm də SDQ-nin Deyr-əz-Zorun üstünə getməkdə tamamilə aydın, özəl maraqları var. Lakin dünya dövlətləri Rusiya və Amerikanın bu zaman onlara necə dəstək verdiyinə əsasən aydın olur ki, bu neft şəhəri onlar üçün də strateji hədəfdir. Əsəd ordusu Moskvanın dəstəyi olmadan Fəratı keçə bilməzdi. Cəbhənin o biri tərəfində isə öz dəstəyi ilə SDQ-nin irəliləməsini sürətləndirən və hava kəşfiyyatının nəticələri nəzərə alınmaqla onlara göstərişlər verən  Amerika xüsusi təyinatlıları yerləşib.

Bu, ABŞ üçün həm də strateji planda liderlik uğrunda mübarizədir: Moskva onilliklər boyu Əsəd ailəsi ilə sıx münasibətləri ilə bu ölkədə tarixi üstünlüyə malikdir. Suriyaya hərbi müdaxiləsi nəticəsində həm də güc amili olub. Sülh konfranslarında və sülh bağlamaq haqda yerli sazişlər vasitəsilə bu uzun müharibədə xeyriyyəçi rolunda çıxış edir. ABŞ sülh bağlanarkən hələ hansısa rolu oynamaq istəyirsə, ərazi qismində ona girov lazımdır – məsələn, Deyr-əz-Zorda güclü mövqe. Moskva təbliğat əks-hücumuna keçib. Kreml amerikalıları ittiham edir ki, İŞİD-in artilleriya atəşi zamanı həlak olmuş general-leytenant Valeri Asapovun ölümünə görə sorumludur. Rusiya xarici işlər naziri müavini Sergey Ryabkov iddia edib: "Rusiya hərbçisinin ölümü ABŞ-ın Suriyada ikiüzlü siyasətinin qanlı bədəlidir. Amerikalılar deyirlər ki, İŞİD-in məhvində maraqlıdırlar, lakin əməllərindən bəziləri ondan xəbər verir ki, əksini istəyirlər və öz siyasi və geopolitik hədəfləri onlar üçün daha önəmlidir”.

Ryabkov Rusiya KİV-lərinin yaydığı cəfəng sui-qəsd nəzəriyyəsinə işarə edib. Buna əsasən, ABŞ İŞİD-lə əməkdaşlıq edir və onun xətti ilə Deyr-əz-Zora maneəsiz keçir. Çıxış məqamı Rusiya Müdafiə nazirliyinin təqdim etdiyi sputnikdən şəkillər olub. Bunlarda ABŞ-ın İŞİD ərazisindəki zirehli maşınları görünür – Rusiya nazirliyi şərh edib: "həm də heç bir döyüş hazırlığı əlaməti olmadan”.

ABŞ-ın başçılıq etdiyi antiişid koalisiyası bunu əlüstü, lakin olduqca qısaca təkzib edib. "Bu iddialar yalandır, – təkzibdə qısaca deyilir. – Təhlükəsizlik mülahizəsinə görə heç bir aktual əməliyyatı şərh etmirik”.

Rusiya və Amerika hərbçiləri hələ bir-birlərilə danışıqlar aparırlar. Antiişid koalisiyasının təmsilçisi, polkovnik Rayan Dillonun xəbər verdiyi kimi, hətta bir həftədən çox bundan qabaq general səviyyəsində şəxsi görüş baş tutub. Onun sözlərinə görə, xəritə, qrafik və məlumat  mübadiləsi aparılıb və uyğun hərbi birləşmələrin Deyr-əz-Zor ətrafında haralarda vuruşduğu haqda xəbər verilib. Bu, döyüş meydanında təhlükəli yaxınlıqdan sonra, görünür, zəruri olan bu cür ilk görüş idi. ABŞ müdafiə naziri Ceyms Mettis hələ keçən həftə Vaşinqtonda bir mətbuat konfransında deyib: "Mən narahat deyiləm”. "Biz ruslarla əməkdaşlığı davam etdiririk və problemlərimizi mütləq həll edəcəyik”.

Rusiya və Amerikanın müttfəqilərinin yolları hələ indiyədək kəsişməyib. Lakin söhbət neft və qaz yataqlarını kimin birinci ələ keçirəcəyindən getsə, onda nə baş verəcək?

İndiyədək Deyr-əz-Zor ətrafındakı yerdəyişmələr şahmat oynunu xatırladırdı. Amma söhbət həlledici son mərhələdən gedəndə silahlı toqquşma qaçılmaz görünür.



Oxşar Xəbərlər

Xəbər lenti

Videolar