Səadət Cahangir yazır:"Bizi yanğınlara aparan yollar..."

Səadət Cahangir yazır:"Bizi yanğınlara aparan yollar..."

 

Səadət CAHANGİR

 

Böyük bir yanğının içindəyik. Sahibsizlikdən, biganəlikdən, baxımsızlıqdan yanıb gedirik. Cismimizlə bərabər ruhumuz, arzularımız, xəyallarımız da yanır bu alovun içində. İnsanlıq ölüb bu ölkədə. Gücsüzə, çarəsizə, zəifə, bəlaya düçar olmuşa, imkansıza, xəstəyə baxan yoxdur… Güclülərin, qoluzorluların, qanunu zorakılıq alətinə çevirənlərin qurbanlarıyıq.

Laqeydilk cəmiyyəti qurd kimi içindən yeyib çürüdür. Yananın səsinə hay verən yox, bütün yanğın çıxışları qapanıb. Səsinə, nəfəsinə qədər yansan belə, dönüb baxan olmaz…

Dünən yenə bu şəhərdə 30 can fəryad içində yanıb külə döndü. Bir kiçik ümidə həbs edildikləri taxta binada kömürləşmiş bədənlərini topladılar yerdən. "Bir ölkəni tanımaq istəyirsinizsə, orda insanların necə öldüyünə baxın” – deyir Kamyu. Biz də illərdir beləcə baxıb, dururuq. Yanğına necə sürükləndiyimizə, üstümüzə necə benzin atıldığına, necə alov aldığımıza, necə külə döndüyümüzə baxa-baxa ölüb gedirik…

Bu ölkənin yanğınından bir çıxış yoxmu? Bir dönüb baxsaq, bir arasaq, bir səy göstərsək… Nə yazıq ki, müti şəkildə susub oturmuşuq eləcə, yanğınını gözləyən qurbanlar kimi oturmuşuq. Alov isə hər kəsə yaxınlaşır və gəlib üstümüzü alanda da gec olur, çox gec…

Narkoloji Dispanserdə baş verən yanğının gerçək üzünü anlamaq üçün son 7 ildə orda baş verənlərlə bağlı mətbuatın xülasəsinə nəzər salmaq yetər. Korrupsiya qalmaqalları, intriqalar, cinayət işləri, həbslər dünənki yanğına aparan əsas səbəblər sırasında yer alır. Bunun üstünə bir də orda müalicə ümidiylə yatan xəstələrə göstərilən "qayğı”nı gəlsək, məsələ tam aydınlanmış olur.

İllərdir bu dispanserdə yatan xəstələrin kateqoriyaya bölünməsi haqqında eşitdiklərimiz havadan gələn xəbərlər deyil. Belə məlumatları mətbuata orada müalicə olunanların yaxınları ötürür, adətən. Və şübhəsiz ki, ordakı mənzərə ölkənin başqa tibb müəssisələrində olan durumdan beş dəfə pisdir ki, yaxşı deyil. Məsələn, "Bizim dövr” qəzeti (30-07-2015) 3 il əvvəl bununla bağlı maraqlı faktlar açıqlayıb: "…Birinci qrupa "milyoner balaları” şərti adı verilib. Bu xəstələr üçün ayrılan bir nəfərlik palataların da aylıq "qiyməti” müvafiq olaraq 500 manatdan 1000 manata qədər müəyyənləşdirilmişdir. İkinci qrupa "ortabablar” aid edilir. Onlara göstərilən tibbi xidmətlər də, necə deyərlər, ciblərinə uyğundur. Nəhayət, üçüncü qrup "bomjlar” adlandırılır ki, bunlar da kasıb, imkansız adamlardır. Sahibsizlikləri və düçar olduqları bəla səbəbindən bu insanlar yerləşdirildikləri bu mərkəzdə də heç bir qayğı və müalicə ala bilmirlər.”

Bunun şişirtmə olduğunu düşünən kimsə varmı? Heç düşünmürəm. Çünki ölkədə"pulsuz tibbi xidmət” göstərən səhiyyə ocaqlarına pulsuz yaxın düşməyin mümkünsüz olduğunu siz də bilirsiniz, biz də. Əlqərəz, yanğının baş vermə səbəbi bu ölkədki özbaşınalıq, qanunsuzluq, korrupsiya və məsuliyyətsizlikdən başqa bir şey deyil.

Söhbət 30 nəfər insanın taleyindən gedir. Kim məsuliyyət daşıyır onların ölümünə görə, kim qanun qarşısına çıxarılacaq, kim cəzalancaq? Cavab yoxdur, çünki biz illərdir belə yanğınlarda cavabdeh, səlahiyyət sahibi olan önəmli kimsənin istefa verdiyini və ya məhkəməyə çıxarıldığını görməmişik. Bu gedişlə, görməyəcəyik də…    

Narkomaniyaya düşar olmuş xəstələrə bu cəmiyyətin münasibətinə  gəlincə… Bütün pisliklərə bulaşmış xəstə bir cəmiyyətdə yaşayırsınıza, orda bu tipdən olan xəstələrə normal münasibət gözləməyə dəyməz. Bu xəstəliklə bağlı şahidi olduğum bir hadisəni yazmaqla mövzunu tamamlayıram:

Üç il əvvəl yaxın həkim tanışlarımdan birinin qızı ailə qurmuşdu. Oğlan da həkim idi. Evliliklərinin ikinci ilində aydın oldu ki, oğlan narkomaniya bəlasına düçar olub. Aludəçilik universitetdən başlayıb, sonra qızı çox sevdiyi üçün tərgitmək istəyib. Nə qədər cəhd göstəribsə, alınmayıb. Qız oğlanı çox sevdiyindən, ailəsini də inandırdı ki, ona kömək etməklə sağaltmaq mümkündür. Üstəlik, gözəl bir oğlan övladları da var. Ailə iki il onun müalicəsi üçün mücadilə etdi, böyük pullar xərcləndi, oğlan da var-gücü ilə bu müalicəyə tabe olmağa çalışdı…  Xeyli müddət idi həkim tanışımı görmürdüm. Keçən həftə eşitdim ki, oğlan aludəçiliyə təslim olub və qızla boşanıblar. Bunu ona görə yazdım ki, bəzən kiçik bir səhv asanlıqla insanları bu lənətə gəlmiş bəlanın qurbanına çevirir.

Bəzən kiçik bir səhv bütöv bir həyatı darmadağın edir. O üzdən, bu məsələyə daha artıq həssaslıqla yanaşaq. Çünki bu ölkədə ən qorxunc hadisələr insan dəyərinin heçə çevrildiyinə görə baş verir…

Azadlıq.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}