İki xalq, iki ölkə arasında canlı körpü-Sənədli oçerk

İki xalq, iki ölkə arasında canlı körpü-Sənədli oçerk

Azərbaycan - Türkiyə münasibətlərinə dair parlaq səhifə


Önsöz əvəzi: İki ölkə: Azərbaycan və Türkiyədə eyni adı daşıyan bir qədim yaşayış yeri, məkanı vardır. Bir var, qardaş Türkiyənin Ərzurum diyarında olan Gədik yaşayış məntəqəsi, bir də var Şimalı Azərbaycanın ən dilbər guşələrindən olan Balakən rayonunun iri və abad kəndlərindən olan Gədik kəndi. Gədiyin etimoloji, lüğəti  mənası "dağ aşırımı” deməkdir. Biz bu yazıda hələlik və əsasən mənim də təvəllüd tapdığım Azərbaycanın Şimal - Qərbində  yerləşən Balakən rayonundakı Gədik kəndi barədə qısa tarixi arayış vermək istərdik.

            Bəri başdan qeyd edək ki, Balakənin Gədik kəndi qədim olduğu qədər də multikulturallığına görə çox zəngindir. Başqa sözlə desək, bu kənddə tarixən məskunlaşan milli etnik tayfaların böyük əksəriyyətini oğuz türkləri təşkil edir. Yerdə qalan milli etniklər isə avarlar, ləzgilər, saxurlar, ingiloylar, darginlər, laklar və başqalarıdır. Bu kənddə - Gədikdə ilk dünyəvi məktəb 1914 – cü ildə bu məkanın o zamanki tanınmış ziyalılarından olan Abdulla Nəbizadə tərəfindən yaradılmışdır. Həmin bu məktəb sovet dönəminin ilk illərində alman xalqının tanınmış oğullarından biri Ernes Telmanın adını daşıyırdı. Həmin təhsil ocağının yetişdirmələri arasında görkəmli elm, təhsil və ictimai xadimlər vardır. Onlardan biri haqqında nisbətən ətraflı məlumat vermək istərdik. O tarixi şəxsiyyətin adı Qeybulla, soyadı Qeybullayev, atasının adı Ramazan, anasının adı İnsanatdır. Qeybulla 1945 – ci ilin may ayının 9 – da Gədik kəndində təvəllüd tapmışdır. Onun atası kənddə kalxozçu, aqranom, anası İnsanat Hacı Seyid qızı isə evdar qadın olmuşdur. Onun böyük qardaşının adı Məmməd bacılarının adları isə Fatma, Ayna Umahinidir.

            ...Gədik kəndinin sosial, bədii, protretinə aid aşağıdakıları qeyd edə bilərik.

            ...Gədik kəndi "məğrur, uca və əyilməz başını, sanki sal qayanı xatırladan və enli kürəklərini şimaldan Baş Qafqaz sıra dağlarına çevirmiş, söykəmişdir. Şimal deyəndə əsasən "Qafqazın qartalı” dağıstanlı Şeyx Şamil nəzərdə tutulur.

            ...Gədik kəndi "sol əlini” qonşu Zaqatala ilə sərhəddən axan bol sulu, dağ çayı – Katex çaya uzatmışdır.

            ...Gədik kəndi "bükülməz ayaqlarını” qardaş Gürcüstanla sərhəddən axan bol sulu Alazan çayına sallamışdır.

            Əlbəttə, sıx ormanlar içində mövcud olan belə bir kənddə təvəllüd tapan, təbiətin cazibədarlığından güc, qüvvət alan insanların zəngin mənəvi intellektual potensialına görə də başqalarından seçilməsi təbii haldır. Qeybulla Qeybullayev də məhz belə şəxsiyyətlərdən olmuşdur.

            O, 1963 – cü ildə doğma Gədik kəndindəki orta məktəbi qızıl medalla bitirmişdir. Qeybullatəhsilini davam etdirmək, daha doğrusu, ilk arzularından biri olan ali təhsil almaq üçün qeyd olunan ildə Bakıya gələrək Azərbaycan Dövlət Texniki Universitetinin İnşaat fakültəsinə daxil olaraq, oranı 1968 – ci ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. Gənc inşaatçı – mühəndis təyinat üzrə Azərbaycan Dövlət Tikinti Layihə İnstitutunda mühəndis – konstruktor vəzifəsində çalışmışdır. O, burada da özünü bacarıqlı mütəxəssis kimi göstərməklə yanaşı, respublikada fəal ictimaiyyətçi kimi də tanıtmışdır.

            Qeybullaali təhsil almaq, peşəkar inşaatçı – mühəndis olmaqla da kifayətlənmir. O, bu sahədə elmi yaradıcılığını da yaddan çıxarmır. Qeybulla bu arzu və niyyətlə 1971 – ci ildə Moskva Dövlət İnşaat Fizikası İnstitutunun ayəni aspiranturasına daxil olur. O, aspiranturanı vaxtından əvvəl bitirərək, orada namizədlik dissertasiyasını da müvəffəqiyyətlə müdafiə edir. Mövzusu təxminən belə idi: "Günəş enerjisinin iqtisadi əhəmiyyəti haqqında”.

            ...Gənc alim Qeybulla Qeybullayev 1974 – cü ildə canından əziz sevdiyi doğma vətəni olan Azərbaycana qayıdır. O, burada Azərbaycan Dövlət İnşaat və Memarlıq Komitəsində şöbə müdiri kimi yeni, məsul işlə yüksək vəzifədə əzmlə çalışır. Fəaliyyət göstərdiyi müəsisədə kollektiv arasında yüksək hörmət qazanır. Belə olan halda  rəhbərlik onu komitədə sədrin baş müşaviri vəzifəsinə irəli çəkir.

            ...O, həmin məsul vəzifəsində gərkin işləməklə yanaşı, elmi – tədqiqat sahəsində fəaliyyətini də inamla, inadla davam etdirir. Başqa sözlə desək, çalışdığı müəsisənin ölkə iqtisadiyyatına verəcəyi müsbət nəticələrlə bağlı 1989 – cu ildə Azərbaycan  Milli Elmlər Akademiyasının İqtisadiyyat İnsitutunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən elmlər doktoru elmi dərəcəsi və professor diplomlarına layiq görülür.

            ...ProfessorQeybulla Qeybullayev öz əvvəlki işindən ayrılmamaq şərti ilə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə professor vəzifəsinə dəvət olunaraq, bu ali məktəbin böyük elmi şurası tərəfindən professor vəzifəsinə seçilir. O, çox qısa zaman kəsiyində işlədiyi kafedranın müdiri vəzifəsinə təyin olunur.

            ...Bu zaman, yəni 1995 – ci ildə Azərbaycana dünya şöhrətli ictimai – siyasi xadim və dövlət adamı ulu öndər Heydər Əliyev prezident kimi rəhbərlik edirdi.

            ...Ölkədə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də istedadlı gənclər ali məktəblərdə rəhbərliyə irəli çəkilirdi. Belə istedadlı gənclərdən biri də Qeybulla Qeybullayev idi.

... Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektor vəzifəsi boşaldılmışdır. Bu ali məktəbə yeni rektor təyin edilməli idi. O zaman ölkənin Təhsil Naziri olan Lida Xudab qızı Rəsulova Qeybulla Qeybullayevi Azərbaycan Memarlıq və İnşaat Universitetinə rektor vəzifəsinə təyin olunmaq üçün Ulu ölkə rəhbərinə təqdimat verir. Ulu öndər Heydər Əliyev Qeybulla Qeybullayevin şəxsi sənədləri  ilə yaxından tanış olduqdan sonra, onun rektor vəzifəsinə təyin olunmaq haqqında sərəncam imzalayır. Bu, heç də təsadüfi deyildi. Çünki Q.Qeybullayev həmdə Bakı şəhər Sovetinin deputatı idi. Professor – rektor Qeybulla Qeybullayev çalışdığı universitetinin rəhbəri olduğu dövrdə xarici ölkələrin, o cümlədən Rusiya Federasiyası və xüsusilə Türkiyə ilə   məqsədyönlü şəkildə sıx elmi, tədris mübadiləsi yarada bilmişdir. Burada bir haşiyəyə çıxmaq istərdik. Türkiyə Respublikasının o zamanki Baş Naziri Rəcəb Təyyub Ərdoğanla səmimi dostluq və işgüzar əlaqələri olan rektor Qeybulla Qeybullayev ixtisasca həmkar olduğu qardaş ölkənin hökümət başçısını Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə dəvət edərək başçılıq etdiyi ali məktəbin elmi şurasının qərarı ilə hörmətli qonağa bu ali məktəbin "fəxri doktoru” kimi yüksək ada layiq görmüşdür.

            ...Günlərin birində ölkə rəhbərinə dezinformasiya nəticəsində Qeybulla Qeybullayev Memarlıq və İnşaat Universitetinin rektorluğundan azad olunur. Bundan xəbər tutan Türkiyənin Baş Naziri R.T.Ərdoğan dostu professor Q.Qeybullayevi qardaş ölkəyə dəvət edərək, ona öz yanında üç ölkə - Rusiya, Yaponiya və Çin dövlətləti üzrə baş müşavir təyin edir.  Bununla da, o, qardaş Türkiyədə də ictimai fəaliyyətinin daha da səylə davam etdirir. Beləki o, Türk dövlətləri Gənclər Bakanlığının Yönetim Kurulunun Başkanı, Türkiyə Dövlətləri  Bələdiyyələri Assosasiyasının Yönetim Kurulu Başkanı vəzifələrində çalışır. O, eyni zamanda ABŞ, Yaponiya, Rusiya və Fransa Elmlər Akademiyalarının akademiki kimi yüksək elmi adlara da layiq görülmüşdür.

            Bütün bunlarla yanaşı, görkəmli alim, fəal ictimai xadim olan professor Qeybulla Qeybullayev qardaş ölkənin sosial – iqtisadi, siyasi, mədəni və mənəvi həyatında da fəal iştirak edir, habelə geniş elmi yaradıcılıqla da məşğul olur. Bu münasibətlə konkret misallar da gətirmək olardı.

            Alim"iqtisadi özünütəhsil”, "İdarəçiliyin Menecment Əsasları”, "Yönetimliyin elmi əsasları” və s. monoqrafik xarakterli fundamental mahiyyətli kitabların, habelə çoxsaylı elmi – nəzəri, bədii – publisistik əsərlərin müəllifidir.

            ...Çox – çox təəssüflər olsun ki, görkəmli elm və ictimai – siyasi xadim 2 mart 2012 – ci ildə qardaş Türkiyənin Gülhanə Hərbi Hosbitalında sağalmaz xəstəlik olan ağciyər xəstəlikdən 66 yaşında vəfat etmişdir. Başqa sözlə desək, amansız ölüm, onun mənalı həyatının ən parlaq dövründə real, gerçək həyatdan məhrum edir.

            ...Doğma vətəni Azərbaycanı canından əziz sevən Qeybulla ölüm qabağı belə bir yazılı vəsiyyət edir.

            "Xahiş edirəm məni atam və anamın uyuduğu Azərbaycan Respublikası, Balakən rayonu, doğma kəndim Gədikdə torpağa tapşırasınız”. Belə də olur. Azərbaycan və Türkiyə Respublikaları arasında canlı körpü olan professor Qeybulla Qeybullayev 3 mart 2012 – ci ildə doğma kəndi Gədikdə dəfn olunur. Qeybulla sevərlərin çoxu kimi hazırda qardaş Türkiyənin Cumhur Başkanı, Türk dünyasının tanınmış lideri, prezident Rəcəb Tayyib Ərdoğanın maddi və mənəvi dəstəyi ilə onun təvəllüd tapdığı, gəncliyinin 20 ildən çoxunu yaşadığı Balakən rayonu, Gədik kəndi, şair Suraqat Qurbaninin adını daşıyan 28 № - li evin darvazası üzərində barelyefi vurulur. Gədik kənd qəbirstanlığındakı məzarı üstündə abidəsi qoyulur. Aşağıdakı şəkillər bunu bir daha təsdiq edir, isbatlayır.

Allah rəhmət eləsin, qəbri nurla dolsun, əziz, mehriban Qeybulla!

 

Bakı şəhəri

29 mart 2018 – ci il

Professor, fəlsəfə elmləri doktoru

Ankara Beynəlxalq Söz Akademiyasının üzvü                               Əsədulla Gədikli (Qurbanov)

 

Sozcu.info

İki xalq, iki ölkə arasında canlı körpü-Sənədli oçerk

 

İki xalq, iki ölkə arasında canlı körpü-Sənədli oçerk

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}