Abid Şərifovun yolu istintaqdan düşə bilər

Abid Şərifovun yolu istintaqdan düşə bilər

 


Prokurorluğun Əfəndi İsmiyevə də sualları yaranacaq

 

Baş prokuroluq tərəfindən qum-çınqıl yataqlarının qanunsuz istismarını həyata keçirdiklərinə və ətraf mühitə zərbə vurduqlarına görə həbs etdiyi şirkət rəhbərlərindən biri də baş nazirin sabiq müavini Abid Şərifovun ailə şirkəti hesab olunan "Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin rəhbəri Manaf Şirinovdur. Doğrudur, Manaf Şirinovla yanaşı "Titanik-5” MMC-nin rəhbəri Şahin Məmmədov, "Azvirt” MMC-nin iş icraçısı vəzifəli şəxsi İbrahim Quluyev, "Alyans” MMC-nin rəhbəri Nəriman Yəhyayev, "Gülövşə” MMC-nin rəhbəri Mahir Allahverdiyev və "Qara-Qum Holdinq” MMC-nin rəhbəri Yasif Ağayev haqqında da Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işi başlanılıb. Ancaq bu şirkətlərin heç birinin adı hökumət üzvüləri ilə bağlılıqda hallanmadığı üçün, indiki məqamda diqqətləri ən çox çəkən "Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin rəhbəri Manaf Şirinovun həbsidir. Hər kəsə aydındır ki, Manaf Şirinov ASC-də əsas şəxs olmayıb. O yalnız icraçılardan biridir. "Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin səhmlərinin 12.5 faizi baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızına məxsusdur. Bu məlumatı bir neçə il əvvəl araşdırmaçı jurnalistlər üzə çıxarmışdı. Həmin araşdırmalar zamanı "Evrascon”un hüquqi ünvanın Şərifovların qeydiyyatda olduğu mənzildə olması da üzə çıxmışdı.

Araşdırmalar zamanı o da məlum olmuşdur ki, "Evrascon”un səhmlərinin yarıdan çoxu ASC-nin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. Bütün bunlar isə ASC-də ciddi söz sahibi olmayn Manaf Şirinovun həbsinin yalnız başlanğac olduğunu güman etmək olar. İstisna deyil ki, istintaq dövründə Manaf Şirinovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına verəcəyi məlumatlar həm Abid Şərifovun, həm də İsmayıl Əfəndi İsmiyevin yolunu istintaqdan sala bilər. Məlum olduğu kimi, "Evrascon” ölkəmizdəki bir çox iri infrastruktur layihələrin həyata keçirilmsində yer alıb.

Baş prokurorluğun yaydığı məlumatda adı həbs olunan şirkət rəhbərlərindən biri də "Azvirt” MMC-nin iş icraçısı İbrahim Quluyevdir. Çox maraqlıdır ki, Ələt–Astara avtomobil yolunun 1C, Hissə 2 sahələrində tikinti işlərini "Evrascon-AzVirt” birgə müəssisəsi həyata keçirmişdi. Bu isə "Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-i ilə "Azvirt” MMC-nin faktiki olaraq bir mərkəzdən idarə olunması iddialarını gündəmə gətirmişdi.

"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu rəhbər şəxsləri Baş prokurorluq tərəfindən həbs olunan  "Titanik-5” MMC, "Azvirt” MMC, "Alyans” MMC, Gülövşə” MMC və "Qara-Qum Holdinq” MMC-i ilə bağlı geniş araşdırma aparmağa başlayıb. Növbəti saylarımızda bu MMC-lərin gerçək sahibləri, onların bu günə kimi qazandıqları tenderlərlə bağlı araşdırmalarla tanış ola biləcəksiniz.

Baş prokuroluq tərəfindən qum-çınqıl yataqlarının qanunsuz istismarına və ətraf mühitə zərbə vurulmasına görə başlatdığı istintaq işi Ekologiya və Təbii Sərvətlər Nazirliyində həbslərə səbəb olacaq. Çünki, Baş prokurorluq tərəfindən yayılan məlumatdan da görünür ki, söhbət uzun illər ərzində ayrı-ayrı şirkətlər tərəfindən ölkənin müxtəlif yerlərində qum-çınqıl yataqlarının qanunsuz istismarından və ətraf mühitə zərbə vurulmasından gedir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər şəxsləri isə bundan xəbərsiz ola bilməzdi.

Ötən saylarımızın birində xəbər vermişdik ki, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri olduqdan sonra qum-çınqıl yataqlarının qanunsuz istismarı, bu proses zamanı ətraf mühitə zərər vurulmasını araşdırmaq məqsədilə komissiaya da yaradıb. İndi Baş prokurorluq tərəfindən başladılan cinayət işinin arasında həmin komissiyanın üzə çıxardığı qanun pozuntularının da yer aldığı istisna deyil. Göründüyü kimi dövlət qurumları bu məsələdə həsaslıq nümayiş etdirməyə başlayıblar. Məlumatlı mənbə iddia edir ki, İsmayıllı rayon prokuroru Ülvi Abbasovun da həbsi məhz bu həsaslığı nəzərə almadığına görə baş verib. Belə ki, İsmayılı rayon prokurorluğuna rayon ərazisindəki qum-çınqıl karxanaları ilə bağlı araşdırma aparmaq göstərişi verilib. Onlar isə bu məsələdən şəxsi məqsədlərini həyata keçirmək üçün istifadə etmək istəyiblər. Bu da İsmayıllı rayon prokurorunun və onun köməkçisiin həbsi ilə nəticələnib. Bütün bunlar proseslərin çox ciddi istiqamətdə inkişafından xəbər verir. Əgər vəzifə başında olan bir prokuror həbs edilirsə, hansısa sabiq məmurun həbsini kim istisna edə bilər? Əgər yaxın zamanlarda baş nazirin sabiq müavini Abid Şərifov, sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov istintaqa çağrılarsa, buna heç kim təccüblənməməlidir. Çünki Baş prokuror yanındaKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan bu işlərin ali hakimiyyətin nəzarəti altında olduğu ehtimal edilir. Bu isə heç kimin həbsdən sığortalanmadığı anlama gəlir. "Yeni Sözçü” qəzetinə daxil olan məlumata görə yaxın günlərdə həbslər davam edəcək. 

Azad Aydın,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}