Hemodializ - qanunla ödənişsiz, əslində isə pullu xidmət? - Azərbaycanda dializ qiymətləri

Hemodializ - qanunla ödənişsiz, əslində isə pullu xidmət? - Azərbaycanda dializ qiymətləri

 

"Dedilər ki, ilk dəfə üçün bu klinikalardan birində dializ etdirməlisiniz.

Mən anamı apardım Medservisə. Orada ilk dializə kateterlə birlikdə 270, sonrakı üç hemodializ prosesinin hər biri üçünsə 80 manat ödədim", bunu BBC News Azərbaycancaya bir müddət əvvəl anasını xroniki böyrək çatışmazlığına (XBÇ) görə itirmiş Aytən Fərhadova deyib.

Sonra Səhiyyə Nazirliyi yanındakı Hemodializ Komissiyasına müraciət etdim. Həmin komissiya yer təyin edir, boş yer varsa gedirsən dializə, yoxdursa, oturub gözləyirsən.

Boş yer gözləməksə ... kobud desəm, kiminsə ölümünü gözləməkdir. Gözləyirsən ki, kimsə ölsün, sənin xəstənə yer açılsın".


Medicina.az BBC Azərbaycana istinadən bildirir ki, Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslər həftədə üç dəfə keçməli olduqları hər dializ proseduruna "ödənişsiz olsa da, pul xərclədiklərini" deyirlər.

Xəstə yaxınlarının  sözlərinə görə, burada ilk dializ proseduruna kateterizasiya (hemodializ prosedurunu həyata keçirmək üçün damara xüsusi kateterin taxılması prosesi) ilə birlikdə 235-270 manat, sonrakı hər dializ proseduruna isə 60-80 manat pul xərcləyirlər.

Səhiyyə Nazirliyi dövlət müəssisələrində bütün dializ prosedurları üçün "hər cür şəraitin olduğunu", amma "həkimlərin kateter qoymağa ehtiyat etdiyini" bildirir.


Səhiyyə Nazirliyinin sözçüsü Səfayə Əhmədova özəl mərkəzlərə yönləndirmə ilə bağlı BBC News Azərbaycancaya deyir ki, "təcili vəziyyət olanda, yəqin ki, özəl tibb müəssisələrinə getməyi kimsə bu xəstələrə məsləhət görür.

"Əslində bu xəstələr tibb müəssisələrində qeydiyyata götürülürlər, ərazi üzrə hara yaxındırlarsa, orada vaxtaşırı dializ ala bilirlər"- Səfayə Əhmədova qeyd edir.


Həkimlər təcrübə azlığından kateter qoymaqdan imtina edirlər?

"Əslində dövlət müəssisələrinin hər birində kateterlərın qoyulması üçün hər cür şərait var, lakin dövlət xəstəxanalarındakı həkimlər ehtiyat edir deyə, kateter özəl mərkəzlərdə qoyulur".

Bunu BBC News Azərbaycancaya Səhiyyə Nazirliyinin Hemodializ Komissiyasının üzvü, M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ Şöbəsinin müdiri, nefroloq Fariz Babayev deyir.
 


"Xəstələr bizə gələndə onların təcili dializə ehtiyacı olduğundan körpücükaltı damara kateter qoyulmalı olur. O da yalnız özəl mərkəzlərdə qoyulur.

Kateterizasiya kiçik əməliyyat olsa da ciddi fəsadları ola bilir. Ona görə də dövlət xəstəxanalarında bir çox hallarda həkimlər təcrübə azlığından xəstənin təhlükəsizliyi üçün kateter qoymaqdan imtina edirlər."

Fariz Babayev onu da bildirir ki, "heç kim məcburi şəkildə özəl müəssisələrə göndərilmir."

Cənab Babayev əlavə edir ki, xəstə dializə düşmək ehtimalının olduğunu öyrənən kimi kateter qoydurarsa, o zaman özəl müəssisə görmədən proseduru ala biləcək.

"Dövlət xəstəxanalarında niyə kateterizasiya yoxdur" sualına gəlincə, cənab Babayev bildirib ki, "Kliniki Tibbi Mərkəzdə (Semaşko) bu xidmət var".

Lakin Klinikanın hemodializ şöbəsindən BBC News Azərbaycancaya bildiriblər ki, onlar XBÇ ilə müraciət etmiş xəstələrə kateter qoymurlar.


Ayrı-ayrı klinikalarda kateterizasiya və ilkin dializin qiymətləri

Ayrı-ayrı xəstəxanalara etdiyimiz telefon zənglərindən aydın oldu ki, ölkədə kateterizasiya və hemodializlə məşğul olan tibbi mərkəzlər, əsasən, Medistyle, Medikal Plaza, Medservis kimi özəl klinikalar və Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Şöbəsidir.

ATU-nun Tədris-Cərrahiyyə Şöbəsindən BBC News Azərbaycancaya verilən məlumata görə, bura dövlət xəstəxanası olsa da bütün xidmətlər pulludur. "Bu tibb ocağı həm ATU-ya, həm də Səhiyyə Nazirliyinə tabedir, lakin özü-özünü "saxlayır", cənab Babayev deyir.

Qiymətlərə gəlincə, burada kateterin qoyulması və ilkin dializ üçün 220, sonrakı hər dializ proseduru üçün 70 manat ödənilməlidir.

Medistyle Tibb Mərkəzində kateterizasiya və ilkin dializ 235 manatdır. Dializin hər seansı üçün burada 60 manat tələb olunur. Üstəlik xəstə dializator komplekti (qanın yuyulması zamanı istifadə olunan filtr) ilə gələrsə, ilkin dializ və kateterizasiyaya 30 manat endirim ala bilər.

Medservisin qəbul şöbəsindən BBC News Azərbaycancaya bildiriblər ki, kateterizasiya prosedurunun qiyməti 300-400 manat civarında dəyişir. Klinikanın saytında yazılır ki, uşaqlar üçün kateterizasiya isə 250 manatdır. Hemodializin hər proseduru isə 80 manatdır. "Dializator komplektini gətirənə burada da 10 manat endirim var" xəstəxanadan belə deyiblər.

Medikal Plazada yalnız kateterizasiya proseduru həyata keçirilir. Qiymətlərsə 200-400 manat arası dəyişir.


Dövlət nə qədər büdcə ayrır?

Maliyyə Nazirliyinin saytında göstərilir ki, 2018-ci ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün nəzərdə tutulmuş 740,7 mln manatın 23 milyonu XBÇ xəstəliyi ilə mübarizə tədbirlərinə ayrılıb.

Bu 2017-ci illə müqayisədə 0,9 milyon manat və ya 0,4 faiz çoxdur. 2017-ci ildə XBÇ ilə mübarizə tədbirlərinə 22,2 milyon manat ayrılmışdı.

Hər bir xəstəyə ayrılmış vəsaitə gəlincə isə Səhiyyə Nazirliyi bu suala Hemodializ Komissiyasının cavab verə biləcəyini desə də, cənab Babayev bu barədə məlumatsız olduğunu bildirir.

O, "bu məlumatı almaq üçün Səhiyyə Nazirliyinin Tibbi Təchizat və İnnovasiya İdarəsinə müraciət etməlisiniz" deyir. Tibbi Təchizat və İnnovasiya İdarəsinə dəfələrlə zəng etsək də idarənin şöbələri "filan şöbədə bunu bilməlidirlər" deyərək bizi təkrar-təkrar bir-birinə yönləndirdilər.


Bəs Qanun nə deyir?

Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli qərarı ilə qəbul edilən və 2016-2020-ci illəri əhatə edən "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" nefroloji yardımın daha da təkmilləşdirilməsinə, yeni dializ mərkəzlərinin yaradılmasına, xroniki böyrək çatışmazlığı olan xəstələrin ömrünün uzadılmasına, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və tibbi-sosial reabilitasiyasına, hemodializ müalicəsi alan və böyrək köçürülmüş xəstələrin davamlı dərman təminatına yönəlib.
 
 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}