Hərə bir cür yaşayır

 


Əlbəttə, ən çox maraq doğuran zümrə toyu-biznes (biz ona "şou-biznes” deyirik) fonoqramşikləridir. Yəni o adamlar ki, o diski harasa salıb, toyda-məclisdə yalandan atılıb düşənlərdi ki, 30 dəqiqəlik bu atılıb-düşməklərinə 2 min, 4 min, 6 min… pul alırlar. Biz 30 gün atılıb-düşsək də pulu ilə bir udum su ala bilmirik. Deyirlər ki, plana salınıb, olacaq. Həmişə belə deyirlər. Neçə ildir ki, planın harasına salıblarsa su gəlmir.

Hələ o təmizlikdən, saflıqdan danışan bəzi-bəzi məmurlar. Eləsini tanıyırıq ki… Köçkünün, qaçqının haqqını illər boyu yeyib. Yoox! O birisini deyirəm. Hələ də sosial məsələlərlə bağlı söz sahibi olan haramyeyəni. Harada işləyibsə, oranı kor qoyub. Bir oğrunun, natəmiz adamın utanmadan hələ də təmizlikdən danışması incidir bizi. Belələri ancaq tutulandan, qudurandan sonra kim olduqları bilinir. Və biz görürük ki, bu canavar, tülkü xasiyyətli adamlar illər boyu millətin, dövlətin qəsdinə durublar. Onlar milyonlarla pulun üstündə oturub, bizə təmiz, vicdanlı olmağı tapşıranda biz… qonşudan çörək pulu borc almışıq. Onların övladları layiq olmadıqları vəzifəyə çəkiləndə, xarici ölkələrdə şirkətlər quranda, bizim balalarımız bu torpaq uğrunda şəhid olublar. O torpaq ki, sərvətini, dövlətini bu qaniçənlər yedikcə yeyirlər, gözləri doymur. Yalnız "ilişəndə” onların kimliyi üzə çıxır və şəhid balaların yaraları məzarda da sızlayır.

Bunlar o millət düşmənləridir ki, şəhid anasını, şəhid atasını kabinetlərindən qovub:

- Sənin oğlunu mən göndərmişdim? - deyə dünyanın ən alçaq, ən şərəfsiz, ən namussuz sözlərini dilə gətirirlər.

Hə, Bakı böyüyür. Həm də şişir bu şəhər. Məmurların villaları telefon tellərinə düzülmüş qaranquşlar kimi yan-yana verib. Dövlətdən aldıqları maaş heç o villanın qapısına, darvazasına çatmaz, amma… biz o darvazanın qabağını süpürüb, 1-2 manat qazana bilirik. "Buna da şükür” - deyirik.

Cəmi bir-ikisindən söz açdıq. Qalanlarını bilməmiş deyilsiniz. Toyu (şou)-biznesin bəziləriylə bunların əlaqələrini də eşitmiş olarsınız.

- Filankəsi filan nazir saxlayır. Filankəsin evini filankəs, filankəsin maşınını bəhmənkəs alıb…

Düz eşitmisiniz!

Onlar da, bunlar da, hərəsi öz üsulu ilə ciblərə girirlər. Bizi soyur, sonra da söyürlər, adam yerinə qoymurlar. Təsəvvür edin, bir oğru, bir quldur, bir əxlaqsız… səni adam yerinə qoymaya. Necə olar?

Bax, biz həm də belə yaşayırıq. Bir yanda fonoqramşiklər, bir yanda da məmurşiklər. O qədər də fərqləri yoxdur. O fonoqramşiklər toyda-sünnətdə, məclisdə, TV-də eyni şeyi fıarladıb, atılıb - düşdükləri kimi, bu məmurşiklər də hər yerdə - iclasda, TV-də, səfərdə, orda-burda eyni sözləri təkrar edirlər. Yəni meyxana deyən o arvadla, bizə ağıl öyrədən bu vəzifə sahiblərinin elə bir fərqi yoxdur. İkisi də falşdır.

Bizim də bir-birimizdən fərqimiz yoxdur. Ucuz siqaret çəkirik. Toya gedəndə qonşudan borc alırıq. Uşaqlarımız toyda Səməd Səmədovla şəkil çəkdirəndə, hamıya göstəririk. Fonoqramşiklərin CİP-ləri bizim "Jiquli”mizi toza-palçığa batırıb keçəndə sevinirik:

- Ə, o filankəsiydi eee…

Evə gələndə arvad-uşağa da danışırıq, həm də bir neçə variantda. Arvad soruşanda ki, əynində nə var idi, hirslənirik.

- Aaaz, mən müğənni arvadlarının geyiminə-zadına baxıram?

- Görəsən onların geyiminə-zadına kim baxar? - deyə qaynana söz atanda özü də cavab verir, - O filankəsin CİP-nin filankəs filankəsov alıb. Evini də filankəs. Sonra da o ləçərin üstündə dalaşıblar. İkisini də işdən qovublar. İndi də o ləçər filankəslə oturub-durur.

Vəssalam! Bu qədər. qaynanı da qınamaq olmur. Düz deyir. Elə mənim də elə bir sözüm yox idi. Gördüm bekarçılıqdı, söhbət elədim. Bayaqdan bəri bankomatın qabağında ayaqlarıma su yığılıb.

Deyirlər ki, bu gün pensiyalar köçürüləcək…

 

Hidayət Elvüsal

 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}