SONUN BAŞLANĞICI –Səudiyyə kralını da Səddam Hüseyn və Qəzzafinin aqibəti gözləyir

 

Qurban Cəbrayıl

 

"Səudiyyə Ərəbistanını sevirəm, bu gün səhər Kral Salmanla uzun bir söhbət etdim, dedim ki, trilyonlarla dolların var. Ölkənə hücum olsa, başına nələr gələcək – bir Allah bilir. Əgər ABŞ-ın hərbi dəstəyi olmazsa, Səudiyyə iki həftədən çox varlığını saxlaya bilməz.  Səudiyyə Ərəbistanına hücum ediləcək! Təyyarələrinizlə bunun qarşısını ala bilməyəcəksiniz. Lakin siz yalnız bizimlə olduğunuz təqdirdə amandasınız. Biz qarşılığında lazım olanı hələ əldə etməmişik…”

"Ağ Ev” sahibinin təxminən yarım ay öncə Virciniya və Missisipi ştatlarındakı çıxışı zamanı söylədiyi birbaşa və gözlənilməz sözlər əvvəl aydın səmada şimşək kimi çaxsa da, daha sonra məşhur jurnalist Camal Xaşuqcinin yoxa çıxması (yaxud öldürülməsi) ilə əlaqədar yaranmış hay-küy fonunda itib batdı… Əlbəttə, biz də buna Donald Trampın ənənəvi qəribəliklərindən biri – növbəti sayıqlaması qismində əhəmiyyət verməyə bilərdik, amma ABŞ prezidenti tamamilə eyni fikirləri ayrı-ayrı məkanlarda, tərəfdarları qarşısında ən azı üç-dörd dəfə səsləndirməsəydi… Və üstəlik, ortada Qərb irticasına yarınan azğın diktatorların acınacaqlı taleyi olmasaydı… Ötən çərşənbə öz tərəfdarları qarşısında çıxış edən prezident bir daha Salman Əbdul-Əzizdən əlini cibinə salmasını istəyib. Bildirib ki, Səudiyyə rejimi təhlükə qarşısındadır və ABŞ-ın himayəsini istəyirsə, ödəməlidir. Həmçinin o, hakimiyyətə gəlməmişdən az öncə İranın 12 dəqiqə ərzində regionu ələ keçirəçəyini də iddia edib.

Ər-Riyad sammitində təcavüz və diktaturaya verilən xeyir-dua 

İndi başda supergüclər olmaqla bütün dünya Səud ailəsini tənqid atəşinə tutarkən, hörmətli oxucuları yaxın keçmişə – 2017-ci ilin mayına aparmaq istəyirəm. Hansı ki, həmin ayın  18-21-də Səudiyyə Ərəbistanının paytaxtında böyük bir Zirvə Görüşü keçirilirdi – Tramp İslam dünyasına ağıl öyrətməyə gəlmişdi…

Tədbirin gündəliyində duran məsələlərə və gedişinə vaxt itirməyərək əsas mətləbə keçirəm: biznesmen-prezident Rusiyadan gələn təhlükəyə ötəri işarə vuraraq, İsrail və Səudiyyə Ərəbistanının əsas düşməni İranın üzərində daha çox dayandı, onu "məzhəblərarası konflikt və terror yaradan ölkə” kimi xarakterizə elədi. "Hizbullah”ı lənətlədi və Yaxın Şərqi parçalayan məzhəb müharibəsində ABŞ-ın sünnilərin tərəfində olduğunu ifadə elədi. Ər-Riyada toplaşmış 55 müsəlman liderini öz ölkələrindəki terrorçuluğun kökünü kəsməyə səslədi. Hətta az qaldı ki, İslam Respublikasında hakimiyyət dəyişiklliyinə də çağırsın, halbuki 2 gün əvvəl orada yüzillərdir əksər ərəb dövlətlərində rast gəlinməyən kifayət qədər ədalətli seçki reallaşmışdı.

Hələ o zaman bu çıxış Qərbin mütərəqqi mətbuatında geniş ajiotaj yaratdı, Donald Trampın ilk səfəri üçün ən avtokratik ölkəni seçməsi, xüsusən də Yaxın Şərqdə insan haqları məsələsinə toxunmaması bir çox təhlilçilər tərəfindən möhkəm qınandı. "The İndependent” qəzetinin tanınmış eksperti Peter Kokburn yazırdı ki, söhbətin hansı terrordan getməsi hələlik aydın deyil: "Trampın terrora qarşı mübarizə çağırışı bəzi müsəlman liderlərin ürəyinə yağ kimi yayıldı, çünki onlar terror deyəndə, ilk növbədə özlərinə qarşı hər hansı müxalifəti başa düşürlər. Belə münasibət Misir prezidenti Əs-Sisi kimilər üçün "Müsəlman Qardaşlığı” üzvlərinin məhbəsdə saxlanmasına yaşıl işıq yandıracaq.

Bu nitqin Səudiyyə Ərəbistanından ötrü daha bir aspekti də var. Tramp yaddan çıxarır ki, Yaxın Şərqdə Əl-Qaidə kimi təşkilatların təşəkkül tapmasında neft pullarını vəhhabiliyin yayılmasına qoyan ər-Riyad müstəsna rol oynayır…”

Camal Xaşuqçi və doğmaları Trampın oynatdığı qılıncla doğranıb…

Əlbəttə, bu bir zarafatdır, belə gərgin, qanqoxulu yazıda müəyyən priyomlardan da bəhrələnmək lazımdır ki, oxuyanlar bezməsin… Amma həm də simvolik məna daşıyır, yəni bəlkə də jurnalist (yaxud, Ciddədə yaşayan qardaşı Əhməd və arvadı) həmin qılıncla vurulsaydı, bir neçə nəfərin ölümü zəminində daha yüngül qurtarardıq, nəinki Salman bin Əbdüləziz əl Səudun "əl-Murabba” sarayı qarşısında soyuq silahı havada oynadaraq, bütün dünyaya, milyonlara "bizə qarşı çıxanları qılınclayarıq” mesajı…

ABŞ prezidenti bərk sevincək idi – başqa cür ola da bilməz. Hətta onun yerinə başqa birisi, məsələn mən əlimdə top lüləsi "Yallı” gedərdim – kral ailəsi ilə 120 milyard dollarlıq silah alqı-satqısı müqaviləsi bağlanmışdı. Planetin müxtəlif yerlərində aparılan mənasız işğalçı müharibələr – kütləvi xaos, yaşayış məntəqələrinin dağıdılması, əsil insanlıq dramına görə boşalmış büdcə diktatorlar hesabına yavaş-yavaş dolur, narazı amerkanların ağzını bağlayıb növbəti seçki marafonuna hazırlıq üçün şərait yaranır. Nə fərqi, işlənmiş, istifadə müddəti bitmiş silahlardır; "İran qorxusu” müqabilində istifadə oluna, Yəmənin, Bəhreynin dinc, günahsız xalqına qarşı tətbiq edilə bilər… Bəzilərini də "Rusiya təhlükəsi” ilə elə darıxdırdı ki, misal üçün Polşanın müdafiə naziri okeanın o tayına uçub 5 milyard dollarlıq "Patriot” raketlərinin alınması ilə bağlı saziş imzaladı. İndi küçədə bir uşaqdan soruşsan, deyəcək ki, Ukraynada başı qarışmış Moskvanın Polşaya havadan hücum kimi bir planı yoxdur, bu sadəcə, silah alveri imitasiyası, şousudur.  

Qayıdaq Xaşuqci müəammasına… Hay-küylü qətllə əlaqədar İsrail kəşfiyyatının da adı hallanmağa başlayıb. İsrailli yazar Yossi Melman səudiyyəli jurnalistin cəzalandırılmasında MOSSAD-ın barmağına işarə vurub. Səbəb kimi isə Camal bəyin Ər-Riyad–Təl-Əviv yaxınlaşmasına müxalifliyi, rəsmi Vaşinqtonun Ankaranı çökdürmək siyasəti ilə razılaşmaması; eyni zamanda, İsrailin çoxdan isti olmayan Səudiyyə-Türkiyə münasibətlərini daha sürətlə soyutmaq cəhdi göstərilib. Səudiyyə və İsrailin güclü əlaqələrinə işarə edən Melman, MOSSAD-ın 1965-ci ildə mərakeşli müxalif Bin Berketi aradan götürməsini də nümunə göstərib.

 "Ağ Ev” Kral sarayına niyə qəfildən qəzəbləndi və alov püskürdü?

Sözügedən müqavilələrdən və məşhur Ər-Riyad sammitindən heç ilyarım da keçməyib, əcaba Tramp administrasiyası Səud rejiminə niyə belə qəfildən və bərk hirslənib?

Əgər söhbət Ərəbistanda doğulmuş türk kökənli redaktora sui-qəsd zəminində insan faktorundan gedirsə, bu, ciddi səbəb sayılmaz – Camal Xaşuqci Səudiyyə ilə yanaşı, elə ABŞ-dakı hakim komandanın da sərt tənqidçilərində biri idi… Məntiqcə, ölkəsinin və dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrini saya salmayan biznesmen-prezident "Vaşinqton Post” qəzeti müxbirinin müəmmalı taleyinə görə Yaxın Şərqdəki tərəfdaşı, eləcə də hərbi-ticarət partnyoru ilə münasibətləri korlamazdı. Həm də olayların xronoloji ardıcıllığı baxımından, "biz onların ordularını dəstəkləyirik. Soruşun niyə? Nə üçün bu zəngin ölkələrin ordularını dəstəkləyirik” hayqırtısı ilə rəsmi Ər-Riyaddan "maqarış” istənilərkən, Xədicə Çingizlə nikahını rəsmiləşdirmək arzulu həmkarımız hələ İstanbuldakı o lənətə gəlmiş konsulluğa girməmişdi… Hadisə baş verdikdən dərhal sonra isə supergüc bütün rıçaqları – demokratik təsisatları, mətbuatı, qanunverici orqanı, diplomatiyası, müttəfiqləri və sairi ilə kral rejiminin üzərinə yeridi:

  • Senat Camal Xaşuqcının öldürülməsiylə bağlı Səudiyyə Ərəbistanına qarşı sanksiyaların işə salınmasını tələb etdi.
  • Konqres Ağ Evin Qlobal Maqnitski Aktından (insan haqlarını pozan hökumətlərə və şəxslərə tətbiq edilir) yararlanmasını istəyir.
  • Avropa İttifaqı jurnalistin itkin düşməsi ilə bağlı Səudiyyə hakimiyyətinin açıqlamasını gözlədiklərini bildirib. Aİ Komissiyasının sözçüsü Karlos Martin, bu istiqamətdə hadisələri yaxından təqib etdiklərini söyləyib.
  • "Səudiyyə Ərəbistanı rəhbərliyi, İslamın üzqarası və zülm ocağıdır” yazan Britaniya mətbuatı kral üsuli-idarəsini rüsvayçı adlandırıb. "Aİ” qəzeti həmçinin Səudiyyədə yüzlərlə müxalif düşüncəli tacir, din alimi, şahzadə, şair, universitet müəllimlərinin və siyasi fəalların həbs olunmasına da toxunaraq xəbərdarlıq edir ki, vəziyyət hər zamankından daha şiddətlidir.
  • Nüfuzlu "New York Times” qəzetinin yazarı Nikolas Kristope, Səudiyyənin hakim ailəsini Məhəmməd bin Salmanın yerinə yeni bir vəliəhd axtarışına çağırır. Vurğulayır ki, kral rejimi Xaşuqcini vəhşicəsinə öldürən, Hairini oğurlayaraq təhdid edən bu dəli prinsini həbsxanaya salmalı, özünə yeni vəliəhd axtarmalıdır: "Belə vəliəhd olmaz!”

Deməli, dəhşətli olay Səud rejiminin vurulmasında maraqlı tərəflərin əlində göydəndüşmə fürsətdir, yaxud belə bir bəhanə sadəcə, formalaşdırılıb. Axı niyə?.. Burada artıq söhbət "Ağ Ev”in doymayan iştahasından və irticaçı planlarından gedir. Doğrudur ki, varlı ölkə Kapitoli təpəsindən aşağı yuvarlanan ərköyün arzuların əksəriyyətini yerinə yetirir, amma icra olunmayanlar da var…

Birləşmiş Ştatların hegemonluğu qarşısında mərdi-mərdanə dayanan, qanuni-qanunsuz istəklərini rədd edən iki-üç ölkədən biri – İran İslam Respublikası ilə köhnə ədavəti hamıya məlumdur. Üzərinə birbaşa hücum cəsarəti tapmasa da, çoxdandır onu digər bir dövlətlə vuruşdurmaq, daxili müxalifəti fəallaşdırmaq, inqilabdan sonra xaricə qaçmış kontingentin səfərbərliyi, terror qruplaşmalarının xain əməllərindən istifadə planları Mərkəzi Kəşfiyyat İdarəsinin masaları üzərindədir. Bir vaxtlar İraqı qaldırdı və yeddiillik savaşda nə qədər qan töküldü?.. İndi növbə Səudiyyənindir, Vaşinqton həm də buna görə Əbdüləziz övladlarının başını sığallayır. Dünyanı bir sünnü-şiə ixtilafının mövcudluğu uydurması ilə məzhəblərarası müharibələrə çəkir. Elə ər-Riyad sammitində də guya sünnülərə canıyananlıqla, həmin mübarizədə onların tərəfində dayandığını (İran şiə ölkəsidir deyə) söylədi. Kral ailəsi isə ya qorxudan, ya biclikdən, nədənsə belə bir tələyə düşmədi, olsa-olsa rəhbərlik etdiyi koalisiya ilə Yəməni, Bəhreyni, Qətəri mühasirəyə aldı və Tehranı ora çəkməyə çalışdı, necə ki, Suriyada belə amansız tor qurulmuşdu. Miqyasına görə təkcə Yəmən faciəsi bədnam ərəb koalisiyasını da rüsvay elədi, onlara silah-sursat satan ABŞ-ı da… 2015-ci ildən bu ölkəyə amansız hücumlar nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox insan həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon çarəsiz isə aclıq həddindədir. Humanitar yardımların əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür və sair. Yəni, kral Salman Səddam kimi, İrana müharibə elan eləmədi ki, mister Donaldın rejimə acıqla kükrəməsinin birinci səbəbi bu…

Keçək ikinci səbəbə. Təxminən iki ay öncə vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz əl Səud çox ciddi səhvə yol verərək (əslində bu, gənc şahzadənin təkəbbür və öyüncəkliyidir) 2030-cu ilə qədər Rusiya da daxil olmaqla, bir çox neft istehsalçılarının dünya bazarından "yox olacağı” barədə fikir bölüşdü. O, "Bloomberg” telekanalına müsahibəsində 19 ildən sonra Rusiyada hasilat tam dayandırılmasa və sutkada 10 milyon barrel neft bitməsə də, istehsalın olduqca aşağı düşəcəyini dedi. Həmçinin Çinin də təxminən 5 ildən sonra neft bazarından gedəcəyini, digər istehsalçıların da hər gün "yox olacağını” proqnozlaşdırdı. Vəliəhdin sözlərinə görə, bütün bunlara baxmayaraq, neftə tələbat 2030-cu ilədək illik təxminən 1–1,5 faiz artacaq: "Bizimsə sərvətlərimiz tükənməzdir, bu sahədə ölkəmiz üçün heç bir təhlükə görmürük”.

Təhlükə isə qəfildən peyda oldu. Qərbin əjdaha mədəsi belə yağlı tikələrdən asanlıqla vaz keçə bilmir, o dəqiqə şirə ifrazına başlayır… Beyinə siqnallar ötürülür: elə gedib özüm sahiblənərəm də… Məsələn, Bin Ladenin hansısa bacısı oğlunun Ərəbistan yarımadasında görünməsi barədə üçaylıq dezinformasiya həmin ərazini viran qoymaqdan ötrü bəsdir…

Dünyada lap gənc nəsillərin də yaxşı xatırladığı Müəmmar Qəzzafi, Səddam Hüseyn nümunələri var axı, hələ mən pinoçetləri, pol potları demirəm… Diktatorlar, tiranlar, xalqın etimadından uzaq düşüb Qərbin dəstəyi ilə kürsüyə yiyələnənlər necə də bir-birinə oxşayırlar…

Belədə, yəhudi jurnalist Yossi Melmanın açıqlamasına da qismən haqq qazandırmamaq olmur: sözügedən terror aktının qan ləkələri elə MOSSAD düşərgəsinə tərəf aparır… Bəs, niyə qismən? Çünki sui-qəsddə məqsəd onun yuxarıda sadaladıqları deyil; sadəcə, İsrail ABŞ-ın "əlinə oynayır”…

 Pol Pot, Bokassa, Düvalye, Hüsnü Mübarək, Səddam Hüseyn, Bin Əli, Müəammar Qəzzafi…

 İbn Salman təhqiredici sözlərdən incik düşərək, ertəsi gün dövlət katibi Pompeoya zəng vurub. Telefon görüşməsində iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional məsələlər, əsasən də ölkəsinin supergücdən asılılığı barədə Trampın məlum çıxışına toxunulub. Şahzadə ABŞ-ın köməyi olmadan iki həftədən çox davam gətirə bilməyəcəkləri iddiasını səhv adlandırıb. Həmçinin təhlükəsizliyin təmini üçün pul ödənişi tələbini də qınayıb: "Biz hesab edirik ki, Birləşmiş Ştatlardan aldığımız bütün silahların pulunu ödəmişik, onlar bizə havayı çatmayıb”.

Həqiqətən vəliəhd düz deyir – normal durumda onların okeanın o tayına heç bir borcları yoxdur. İrana diş qıcamaqdan, Yəmənə bomba yağdırmaqdan tutmuş, neft hasilatına qədər bütün məsələlərdə rəsmi Vaşinqtonun mövqeyini əsas götürüb, oradan gələn təlimatlara uyğun fəaliyyət göstəriblər. Yadınızdadırsa, bir müddət əvvəl ABŞ OPEK qarşısına, sanksiyalara görə İrandan neft ixracı azalacağı təqdirdə kəsirin yerini doldurmaq tələbi qoymuşdu. Məhəmməd bin Salman da bildirmişdi ki, hazırda gün ərzində 10,7 milyon barel neft çıxarırlar və bu, rekorda yaxındır, amma itirilən neftin əvəzində istehsalı daha 1,3 milyon barel artıra bilərlər… Bəli, Səudiyyə dünya jandarmının buyruqlarını can-başla yerinə yetirdiyinə görə qürurlanır. Nəinki ABŞ, hətta günahsız insanların kütləvi şəkildə qırılması, şikəst edilməsi, didərgin salınması hesabına tarixi Fələstin torpaqlarında qondarılmış təcavüzkar İsrailin də… Məşhur Panama sənədlərində Salman bin Əbdüləzizin Benyamin Netanyahunun 2015-ci ildəki seçki kompaniyasına 80 milyon dollar xərclədiyi deyilir. "Talniry” xəbər saytı bildirmişdi ki, həmin məbləğ Məhəmməd Əyyad Kəyali adlı Suriya əsilli ispaniyalı iş adamı vasitəsilə Tidi Saği adlı israilli biznesmenin hesabına yatızdırılıb…

Borclu olmadıqları barədə izahatın nəticə vermədiyini görən Kral ailəsi son günlər bir qədər əsəbi görünür, "Amerikanın Səudiyyə Ərəbistanını hədəf alacaq sanksiyalarına qarşılıq 30-dan çox tədbirimiz var” – deyə səsini qaldırır. Ölkənin rəsmi xəbər agentliyi "əl-Ərəbiyyə”nin əməkdaşı, hazırkı iqtidara yaxın sayılan Türki əl-Dəxil təhdidə təhdidlə cavab verir: "Ər-Riyadı hədəfə almaq ABŞ iqtisadiyyatı üçün böyük faciələrə yol açacaq. Əgər bu gün hər barel neftin 80 dollar dəyərində olması Trampı hiddətləndirirsə, o zaman özünü hər barel üçün 200 dollara hazırlasın. Hətta Səudiyyə neftini dollarla deyil, Çin yuanı ilə də sata bilər. Rəsmi agentliyin daha maraqlı hədəsi isə "lazım gələrsə İranla ittifaq” xatırlatması olub: "Bütün Asiyanı İrana təslim edə bilərik. İran Səudiyyəyə Vaşinqtondan daha yaxındır”.

Ölkəsini İslam coğrafiyasının lideri kimi göstərməyə çalışan jurnalist, Ər-Riyada qarşı sanksiyalar olacağı halda Səudiyyə Ərəbistanı ilə Amerika və Avropa arasındakı kəşfiyyat mübadiləsinin də tarixə qarışacağını bildirib. Həmçinin yazının sonunda diktatura rejiminin iç üzünü açan, onu MKİ zərbəsinə tuş gətirəcək və Qərb strateqlərini düşünməyə vadar edəcək belə bir qeyd var: "Mümkün sanksiyalar qarşısında ər-Riyadın iki variantı mövcuddur, hansı ki, Tramp əvvəlki çıxışlarında birinə işarə edib. Bu, ər-Riyadın Rusiya və Çinə üz tutmasıdır. Rusiya və Çin Səudiyyə Ərəbistanının hərbi ehtiyaclarını ödəmək istəyir. Belə bir vəziyyətdə Təbukda Rusiyaya hərbi baza verməyimiz heç kəsi təəccübləndirməməlidir. Xüsusilə də Həmas və "Hizbullah”ın dosta çevrilmə ehtimalı var. Moskva ilə ər-Riyadın quracağı əlaqə İranla Səudiyyəni bir-birinə yaxınlaşdıracaq”.

Göründüyü kimi, sülalə rejimi elə bir bataqlığa girib ki, çabaladıqca özünü daha  dərinə çəkir, tədricən batırır. Bu, həm də onun başqaları üçün qazdığı quyudur – dini, qibləsi, kitabı bir milyonlarla müsəlman qardaş-bacılarının başına gətirdiyi dəhşətli müsibətlərin, amansız divanların bədəlini şübhəsiz ödəyəcəyi gün yaxınlaşır. Gənc vəliəhd şahzadənin "milyonlarla insanı ağır və təhlükəli bir vəziyyətdə yaşayan ölkələrə köməkdən fərqli olaraq, Səudiyyə Ərəbistanı, Yaponiya və Cənubi Koreya kimi zəngin ölkələri dəstəkləməyimiz tam başqadır. Biz onların ordularını dəstəkləyirik. Onlar (qarşılığını) ödəyəcəklər” bəyanatının altqatını başa düşmədiyi iddiası yanlış olar, deməli, anladığını büruzə vermək istəmir.

Amma bulandırdığı suda iri balıq tuta bilən yeganə adam isə hələlik Trampdır: ərəb hökumətinin Suriyada İŞİD terror qruplaşmasından qurtulan və hazırda YPG-PKK terrorçularının nəzarətində olan bölgələr üçün ayırmağa söz verdiyi və yubatdığı 100 milyon dollar dövlət katibi Pompeonun səfəri zamanı ABŞ hökumətinə aid hesablara köçürüldü…

İndi bu boyda bəxşiş və qanbahasından sonra yetim Camal Xaşuqcinin taleyi necə olacaq, onu bir Allah bilir…



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}