Dövlət Gömrük Komitəsinin “araşdırması”

Dövlət Gömrük Komitəsinin “araşdırması”

 


 

Coşqun Əhmədzadəylə bağlı sorğuya əsassız cavab verilməsi nə ilə nəticələnə bilər?

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin 100/1185Ş saylı, 14 avqust 2018-ci il tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edilən Coşqun Mübariz oğlu Əhmədzadənin haqqında "Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumatları araşdırmaq üçün ilk əvvəl onun özünə, cavab almadıqdan sonra Komitənin sədri Səfər Mehdiyevə sorğu göndərərək bəzi məlumatlara aydınlıq gətirilməsini xahiş etmişdik. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə ünvanladığımız 26 sentyabr 2018-ci il tarixli, 25/07-07 saylı məktubda Coşqun Mübariz oğlu Əhmədzadənin  2012-ci ilin yanvarında gömrük orqanlarında işləyib-işləmədiyinə, bu şəxsin 2012-ci ilin yanvarında "Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etdiyinin Dövlət Gömrük Komitəsində xəbərdar olub-olmadıqlarına, dövlət qulluğunda olan şəxsin biznes fəaliyyəti ilə məşğul olmasının qanun pozuntusu olduğu barəsində hansı tədbir görülməli olduğuna, qanun pozuntusuna yol verən məmurun dövlət mükafatına layiq görülməsinin mümkün olub-olmadığına, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 586-cı məhəllə, ev- 68-də qeydiyyatda olan Coşqun Əhmədzadənin atasının Mübariz Əhmədzadənin 2007-2009-cu illərdə icra başçısı olduğu Qax rayonunda iki fərdi yaşayış evini tikdirməsi və bu evləri hansı vəsaitlər hesabına tikdirməsinə aydınlıq gətirilməsinin təmin edilməsinin  mümkün olub-olmadığına və son olaraq Coçqun Əhmədzadənin Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edildikdən sonra xidməti otağında gömrük rəsmiləşdirməsi ilə bağlı yanına gəlmiş şəxslə aralarında dava düşməsi, bunun nəticəsində xəsarət alması və bir müddət Dövlət Gömrük Komitəsinin Hospitalında müalicə alması haqqında məlumatlara aydınlıq gətirilməsi xahiş olunmuşdu.

 Bu sualları özündə əks etdirən və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə ünvanladığımız məktuba DGK-nın Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımovun imzası ilə cavab almışıq. Fuad Qasımovun redaksiyamıza göndərdiyi 04.10.2018-ci tarixli, 1000-190/190-24/015781 saylı cavab məktubunda qeyd edilir ki, Coşqun Mübariz oğlu Əhmədzadə 02 noyabr 2001-ci il tarixdən gömrük orqanlarında işləyir. Ancaq onun Qax rayonunda iki fərdi yaşayış evi tikdirməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olması və xarici iqtisadi fəaliyyət göstərən şəxsə xəsarət yetirməsi haqqında məlumatların öz təsdiqini tapmadığı qeyd olunur. DGK-nın Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımovun imzası ilə verilən cavabdan belə aydın olur ki, DGK-da "Yeni Sözçü” qəzetinin 26 sentyabr 2018-ci il tarixli, 25/07-07 saylı məktubun yaxşı oxumayıblar. Çünki, həmin sorğuda Coşqun Əhmədzadənin kiməsə xəsarət yetirməsi ilə bağlı hər hansısa iddia yoxdur. Əksinə, onun özünün xəsarət alması ilə bağlı iddia var. Görünür Dövlət Gömrük Komitəsində məsələni qarışıq salıblar. Çox maraqlıdır ki, Fuad Qasımov birmənalı olaraq Coşqun Əhmədzadənin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, gömrük  məmuru ola-ola şirkət təsis etdiyini və Qax rayonunda iki fərdi yaşayış evi tikdirdiyini inkar edir. Halbuki, Vergilər Nazirliyinin katasdırında Coşqun Əhmədzadənin 2012-ci ilin yanvarında "Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etməsi haqqında məlumatlar var. Eləcə də onun Qax rayonunda iki fərdi yaşayış evi tikdirməsi də rəsmi sənədlərdə öz əksini tapıb. Biz bu məlumatları rəsmi qurumlardan rəsmi qaydada almaq və bundan sonra Dövlət Gömrük Komitsini yalan məlumat verdiyinə görə məhkəməyə vermək qərarına gəlmişik. Eyni zamanda Coşqun Əhmədzadədən malik olduğu daşınar və daşınmaz əmlakın mənbəyini açıqlamasına nail olmaq niyyətindəyik. Əgər gömrük məmuru bunu edə bilməsə korrupsiya ilə məşğul olmasını özü təsdiq etmiş olacaq.

Məlum olduğu kimi Azərbaycan da Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasına qoşulub və prezident İlham Əliyevin 30 sentyabr 2005-ci ildə imzaladığı sərəncamla bu Konvensiya ölkəmizdə də qüvvəyə minib. Həmin Konvensiyasının 20-ci maddəsinə görə "Öz konstitusiyasına və hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərtilə hər bir iştirakçı Dövlət qanunsuz varlanmanı, yəni dövlət vəzifəli şəxsin əmlakının onun öz qanuni gəlirlərinə nisbətdə ağlabatan surətdə əsaslandıra bilmədiyi xeyli artımını, bu, qəsdən edildikdə, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericlik və başqa tədbirlərin görülməsi məsələsinə baxır”. Bu Konvensiyanın digər bir maddəsinə görə mənbəyi göstərilə bilməyən istənilən sərvət cinayət yolu ilə əldə edilmiş sərvət hesab olunur. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin etimad etdiyi Coşqun Əhmədzadə özünün əməlində qanunsuz hərəkət olmadığını sübut etməkdə maraqlı olamalıdır. Əgər bununla bağlı hər hansısa deyiləcək sözü varsa, onu dinləməyə həmişə hazırıq.

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}