“Rusiyanın AES təklifinə müsbət cavab verə bilərik” – “Amma bir şərtlə…”

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin "Rosatom” Dövlət Korporasiyası tərəfindən Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikilməsinə dair təklifinə münasibətini açıqlayıb.

Vladimir Putinin öz ölkəsinin marağından çıxış etdiyini xatırladan Qüdrət Həsənquliyev qeyd edib ki, Rusiyaya pul və yüksək ixtisaslı mütəxəssislər xaricə qaçmasın deyə onların iş yerlərini qoruyub saxlamaq lazımdır: "Təklifi əsaslandıran amillərdən biri AES tikintisi üçün bizim yetərincə vəsaitimizin olmasıdır. Digər tərəfdən, Azərbaycanda AES inşa ediləcəyi təqdirdə stansiyanın istismarına və nüvə tullantılarının basdırılmasına görə bizim Rusiyadan asılılığımız artacaq. Amma hesab edirəm ki, biz bu təklifə kiçik bir şərtlə müsbət cavab verə bilərik.Yalnız müharibə bitəndən və Qarabağ üzərində Azərbaycan öz suverenliyini bərpa edəndən sonra ölkəmizdə AES tikintisi mümkün ola bilər. Rusiya üçün Qarabağ probleminin həlli bir stəkan su içmək qədər sadədir. Əgər Rusiya razılaşarsa, o zaman iki reaktorun Naxçıvanda, ikisinin isə Qarabağda tikintisini sifariş edə bilərik. Ehtiyac olarsa, gələcəkdə onların sayını artırmaq da olar. Naxçıvandakı AES-dən Türkiyə, İran və Ermənistana elektrik enerjisi ixrac edərik. Ermənistandakı AES köhnəlib və istismarı təcili dayandırılmalıdır. Qarabağ azad olunandan sonra isə ora böyük investisiya qoymalıyıq, ona görə də enerjiyə tələbat dəfələrlə artacaq. Hər bir halda bununla bağlı referendum keçirilməlidir”.

BAXCP sədrinin qənaətinə görə, Qərbi Avropanın AES-lərdən imtina etdiyi bir vaxtda, xalqımız yalnız Qarabağ naminə bu təklifi dəstəkləyə bilər.

Qüdrət Həsənquliyev bundan başqa Rusiyadan Transxəzər neft və qaz kəmərlərinin çəkilişi üçün də dəstək istəməyin mümkünlüyünü dilə gətirib: "Rusiya payçı qismində çıxış etməklə yanaşı, həmin kəmərlərin çəkilişini də həyata keçirə bilər. Rusiya Qara dənizdə və Baltik dənizində belə layihələr həyata keçirir.
Bir çoxlarına fantastik layihə kimi görünsə də Çinin "Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Xəzər dənizi üzərindən Azərbaycanı Türkmənistanla birləşdirəcək avtomobil və dəmir yolu çəkilişi məsələsini də gündəmə gətirmək olar. Bu istiqamətdə Xəzərin eni 196 km, dərinliyi isə ortalama 200 metrdir. Süni adalar yaratmaqla bunu etmək olar. Çinin bu sahədə böyük təcrübəsi var. Avropa İttifaqı, Çin, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan bu layihəyə investisiya qoya bilər. Siyasi baxımdan layihənin əhəmiyyəti çox böyükdür. Heç bir ekoloji problem yaratmır. Texniki baxımdan gerçəkləşdirmək mümkündür. Qalır iqtisadi səmərəlilik məsələsi. Hər halda mütəxəssisləri bu ideyanın müzakirəsinə cəlb etmək lazımdır”, deyə BAXCP sədri əlavə edib.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}