“Azərişıq”da hansı qanunlar işləyir?

 


 

Hüsaməddin Mirzəyevin cinayət xarakterli əməlləri olubmu?

Tovuz rayon sakini Məmmədov Əli Elman oğlu "Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan Tovuz Elektrik Şəbəkəsində işə düzələndə elə bilirdi ki, artıq özünə uzun illər işləyəcəyi iş yeri tapıb. Ancaq onun burada başına gələnlər açıq-aşkar cinayət əməlindən xəbər verir. Üç il bundan öncə neftin kəskin ucuzlaşması ilə ölkədə iqtisadi böhran başladı.

 

Minlərlə iş yeri bağlandı. Həmin zaman dövlət başçısı rəsmi qurumlara insanları işlə təmin etmək üçün ciddi fəaliyyət göstərmək tapşırığı verdi. 2015-2016-cı illərin dövrü mətbuatını indi nəzərdən keçirsək, o zaman ayrı-ayrı qurumların mütamadi olaraq neçə nəfəri işlə təmin etməsi haqqında məlumatlara rast gəlmək olar. Bu proses isə həmin zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli qurumları vasitəsilə həyata keçirilirdi. Əmək yarmarkaları adlanan tədbirlər bu günə kimi keçirilir. Əli Məmmədov da iş yeri tapmaq üçün Tovuz rayon Məşğulluq Mərkəzinə müraciət edir. Tovuz rayon Məşğulluq Mərkəzi isə ona Tovuz Elektrik Şəbəkəsində vakant olan iş yerini təklif edir. Bu təklifi sevinclə qarşılayan Əli Məmmədov Tovuz rayon Məşğulluq Mərkəzinin göndərişi ilə rəsmi olaraq 2016-cı ilin fevralın 24-də Tovuz Elektrik Şəbəkəsində elektrik mantyoru işinə başlayıb. Ancaq həqiqətdə Əli Məmmədov Qaraxanlı kəndi üzrə nəzarətçi vəzifəsini icra edib və əsas vəzifəsi abonentlərdən istifadə etdikləri elektrik enerjisinin pulunu yığmaq olub. Həmin dövrdə Tovuz Elektrik Şəbəkəsinə Mirzəyev Hüsaməddin Şəmşad oğlu rəhbərlik edib.

Hüsaməddin Mirzəyev ölkə ictimaiyyətinə tanış deyil. Buna görə də xatırlatmaq istərdik ki, bu şəxs Sənaye və Energetika Nazirinin müavini, mərhum Ramiz Mirzəyevin qardaşıdır.

Yeri gəlmişkən qeyd edək ki, Tovuz rayonununda yaşadıqları evdə qətlə yetirilən Pakizə Mirzəyeva də Ramiz Mirzəyevin bacısıdır. Xatırladaq ki, Pakizə Mirzəyeva və onun həyat yoldaşı Fərman Məmmədov öz evində qəddarcasına qətlə yetirilib. 73 yaşlı F.Məmmədovun meyiti divanda, 68 yaşlı həyat yoldaşı P.Mirzəyeva isə ağzı və əlləri skoçlanmış vəziyyətdə çarpayıda aşkarlanıb. Qatil (yaxud qatillər) ahıl yaşlı ər-arvadı öldürdükdən sonra izi itirmək məqsədilə mənzilə od vurub. Bununla mənzildə yanğın görüntüsü yaradılıb. Hazırda bu cinayət işinin istintaqı Baş prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən həyata keçirilir.

Mərhum nazir müavininin Tovuz Elektrik Şəbəkəsinin müdiri olmuş qardaşı Hüsaməddin Mirzəyev Əli Elman oğlu Məmmədovun başına açdığı oyunlarla bağlı araşdırmamız davam etdiyi üçün bütün məqamları burada açıqlamırıq. Bu məsələ ilə bağlı araşdırmadan biləcəksiniz ki, "Azərişıq” ASC-də hansı qanunlar işləyir? Fəaliyyətində yol verdiyi qanun pozuntularına görə vəzifəsindən azad edilən Hüsaməddin Mirzəyevin daha  sonra başqa bir vəzifəyə təyinat almasında müstəsna rol oynayan Telman adlı şəxsin kimliyinə və bu şəxsin "Azərişıq” ASC-nin sədri Baba Rzayevə hansı təsiri olduğuna da araşdırmamızda aydınlıq gətirəcəyik. Eləcə də "Azərişıq” ASC-nin rəhbər şəxslərinin Əli Məmmədovun üzləşdiyi cinayət xarakterli əməllə bağlı mövqelərinin o zaman qanuna əsaslanıb-əsaslanmadığına da aydınlıq gətirəcəyik.

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}