Raqub Məmmədov qorxu içindədir

Raqub Məmmədov qorxu içindədir“MTN işi” Ağdam rayonunda siyasi fırtınaya səbəb olub
Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov ciddi problemlərlə üz-üzə qalıb. Ötən ilin aprelində icra başçısı təyin olunmasına baxmayaraq Raqub Məmmədov qısa zamanda rayon sakinləri arasında nüfuzunu itirib. Nüfuzunu itirməsi ilə yanaşı icra başçısı ciddi probemlərlə də üz-üzə qalıb. Belə problemlərdən biri seçki zamanı yaranıb.Bu problemlərdən biri seçkilərlə bağlı olsa da, əsas problem Raqub Məmmədovun yerli məmurlarla və əhali ilə ümumi dil tapa bilməməsi,özünü icra hakimiyyətinin başçısı kimi deyil, MTN əməkdaşı kimi aparmasıdır. Bu isə həm yerli məmurlarla, həm də əhali ilə ünsiyyətdə problemlər yaradır. Məlumatlara görə Raqub Məmmədovun Eldar Mahmudov sayağı idarəçiliyindən bezən əhali icra başçısından kütləvi şəkildə dövlət rəsmilərinə şikayət edir. Bu şikayətlərdə bir qayda olaraq icra başçısının əhalini Eldar Mahmudov sayağı qorxutmağa çalışması və bu zaman MTN-nin yerli şöbəsinin rəsinin köməyindən istifadə etməsidir. İddia edilir ki, icra başçısı şikayətçiləri MTN-nin yerli şöbəsinin rəisi ilə birgə qəbul edir. MTN-nin yerli şöbəsinin rəisinin bu kimi tədbirlərdə, icra başçısının sosial problemlərindən şikayət edən vətəndaşlarla görüşündə daima iştirakçı olmasının, sonradan həmin şikayətçilərin MTN-nin yerli şöbəsinə dəvət edilib şikayətlərindən imtina etmələri ilə bağlı söhbətlər aparılmasının Azərbaycan qanunlarına, MTN-nin əsasnaməsinə və peşə kodeksinə nə qədər uyğun olmasına yəqin milli təhlükəsizlik nazirinin vəzifələrini icra edən Mədət Quliyev aydınlıq gətirməlidir. Cənab Mədət Quliyevin aydınlıq gətirməli olduğu məsələlərdən biri də MTN-ə bağlı olduğu iddia edilən bəzi şəxslərin idarəçiliyindıəki media orqanlarının icra başçısı Raqub Məmmədovun əlində silaha çevrilməsinə dair olmalıdır. Ağdam rayon sakinləri inanırlar ki, Mədət Quliyev Raqub Məmmədovun Eldar Mahmudovun yaxın ətrafı ilə əlaqələrini üzə çıxaracaq. Əgər belə olarsa, Ağdam rayonunda uzun müddət yüksək vəzifələrdə çalışmış bir şəxsin MTN-ə çağrılması və müəyyən haqq ödədikdən sonra azad olunmasının pərdəarxası məqamları üzə çıxar. Eyni zamanda Raqub Məmmədov icra başçısı təyin edildikdən sonra rayonda idarə və müəssisələrin rəhbərlərinin dəyişdirilməsi, onların yuxarı orqanlarda vəzifə təyinatlarının təsdiqlənməsində MTN-nin sabiq vəzifəli şəxslərinin roluna da aydınlıq gətirilə bilər ki, bu da Ağdam rayonunda bir çox gizlinlərin üstünü açar. Məlumatlı şəxsin sözlərinə görə, MTN işində təhqiqat bir az da dərinləşsə bu məqamlarla bağlı gizlinlərin üstü hökmən açılacaq. Bu isə Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovla MTN-nin sabiq nazir müavinləri arasında olan əlaqələri hökmən üzə çıxaracaq.
Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovu qorxudan başqa bir məqam isə Bakı Ağır Cinayətlər Məhkəməsində başlanan bir məhkəmə prosesidir. Belə ki ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Əməkdaşımızın məhkəmə prosesindən verdiyi məlumata görə, proses sona çatmaqdadır. Dövlət ittihamçısının on il həbs istədiyi Mənsum Bayramov bir neçə aydır ki, saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir.Onu da qeyd edək ki, Mənsum Bayramov 2005-ci ildə Mərkəzi Seçki Komissiyasının AXCP-dən namizədliyi irəli sürdüyü üzvü olub.Məlumatsız oxucu bu məhkəmə prosesinin Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovla hansı bağlılığının olmasını bilmədiyi üçün icra başçısının nədən narahat olmasını da bilə bilməz. Məsələ ondan ibarətdir ki, dələduzluqda ittiham olunaraq saxlanılan Mənsum Bayramov Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun kürəkəninin əmisidir. İcra başçısı da məhz kürəkəninə görə narahatlıq içindədir. İddia olunur ki, Mənsum Bayramovun həbsi Raqub Məmmədovun kürəkəninin karyerasına son qoya bilər. Məlumatlı şəxsin sözlərinə görə, Raqub Məmmədovun kürəkəni dövlət qulluğuna xidmətə girərkən yaxın qohumları ilə bağlı bəzi məlumatları saxtalaşdırıb və gizlədib. Bunun nəticəsində də dövlət xidmətinə işə girə bilib. Ancaq indi Mənsum Bayramov dələduzluğa görə on il müddətinə həbs olunsa onun qardaşı oğlu çox guman ki, dövlət qulluğu ilə vidalaşmalı olacaq. Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun kürəkinin üzləşdiyi problemlər və bundan xilas olmaq üçün icra başçısının hansı addımlar atması ilə bağlı məsələləri diqqətdə saxlamağa çalışacağıq. Digər tərəfdən Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun kürəkinin dövlət xidmətinə qəbul olunarkən kimin köməyindən istifadə etməsi ilə bağlı məsələlərə də aydınlıq gətirməyə çalışacağıq.
Məlumatlı şəxslərin sözlərinə görə, Raqub Məmmədovu narahat edən başqa bir məqam isə Ağdam rayonunda baş vermiş bəzi korrupsiya faktının üstünün açılmasıdır. Həmin korrupsiya faktları ilə bağlı redaksiyamıza daxil olan məlumatlarla bağlı geniş araşdırma aparırıq. Araşdırmamız hazır olan kimi, oxucularımızla tanış edəcəyik.
Vəfa Qafarova


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}