Beynəlxalq olimpiada qalibləri xarici universitetlərə axışır –Kimdir günahkar?! Təhsil Nazirliyi yoxsa, universitetlər?!

Beynəlxalq olimpiada qalibləri xarici universitetlərə axışır –Kimdir günahkar?! Təhsil Nazirliyi yoxsa, universitetlər?!

 Azərbaycanda hər il beynəlxalq fənn olimpiada qaliblərinin adları açıqlanır. Fizika, riyaziyyat, kimya kimi texniki fənnlər üzrə qalib olan məktəblilər ali təhsil almaq üçün Azərbaycanı deyil, xarici ölkələri seçirlər. Tələbələrin təmsilçilik baxımından xarici ölkələrə üz tutması sevindirici hal olsa da, məsələnin başqa tərəfləri də var. 

Nəyə görə beynəlxalq fənn olimpiada qalibləri yerli ali təhsil ocaqlarını seçmir? Ali təhsil ocağı olaraq xarici ölkə universitetlərinin seçilməsinin mənfi tərəfləri nədən ibarətdir?

Məsələni şərh edən təhsil eksperti Kamran Əsədov Modern.az-a deyib ki, beynəlxalq fənn olimpiada qaliblərinin xarici universitetləri seçməsinin bir neçə səbəbi var. "İlk növbədə qeyd etmək istəyirəm ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Təəssüfləndirici hal odur ki, yalnız qabiliyyət tələb edən ixtisaslar üzrə beynəlxalq yarışların qalibləri Azərbaycanda müsabiqədənkənar qəbulda iştirak edirlər. Yəni son illərin rəqəmlərinə baxanda görürük ki, hər il azı 50-60 nəfər qanunvericiliyin imkanından istifadə edir ki, onların da böyük əksəriyyətini musiqi, idman kimi ixtisaslar təşkil edir. Amma fundamental fənlər üzrə – fizika, kimya, biologiya, informatika və digər beynəlxalq olimpiada fənləri üzrə qalib gələn şəxslər ölkəmizdə ali təhsil almaq istəmirlər. Bunun birinci səbəbi, ölkəmizdə ali təhsil müəssisələrinin həmin ixtisaslar üzrə keyfiyyətli təhsil verməməsi, infrastrukturlarının zəif olmasıdır. İkincisi xarici ölkələrdə təhsil alan bu şəxslərə bizdən fərqli olaraq sonradan təhsillərini davam etdirmək və işləmək üçün bütün lazımi şərait və imkanların yaradılmasıdır. Üçüncü ən vacib səbəb isə bizim ali təhsil müəssisələrinin həmin şəxləri cəlb etmək üçün səy göstərməməsidir”.

Təhsil eksperti düşünür ki, Təhsil Nazirliyi və ali təhsil ocaqları məsələni mütləq diqqətdə saxlamlıdırlar.

"Təəssüf ki, xarici ölkələrin universitetləri olimpiadaları yaxından izləyir, qaliblərə cəlbedici təkliflər edir və öz təhsil ocaqlarına cəlb edirlər. Bizim universitetlər və Təhsil Nazirliyi isə onlarla ümumiyyətlə maraqlanmır. Yalnız statistik göstəricilər üçün rəqəmləri deyirlər. Bu şəxslər bizim elm, təhsil üçün çox böyük əhəmiyyət kəsb edir. Hər il onlarla yüksək bilik və bacarıqlara sahib olan şəxsləri biz itiririk. Onlar sonradan ölkəmizə qayıtmırlar. Hesab edirəm ki, bu məsələni Təhsil Nazirliyi xüsusi diqqətdə saxlamalı, universitet rəhbərləri ilə görüşüb olimpiada qaliblərini ölkəyə cəlb etməlidir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}