Professordan zəhərlənmələrlə bağlı sensasion açıqlamalar:"Belə pambıq tarlasına nəinki insanı, heç heyvanları da buraxmazlar"

Professordan zəhərlənmələrlə bağlı sensasion açıqlamalar:"Belə pambıq tarlasına nəinki insanı, heç heyvanları da buraxmazlar"

 

Son günlər Azərbaycanda pambıq sahələrində işçilərin kütləvi zəhərlənməsi faktı gündəmi zəbt edib. Bir neçə belə fakt ard-arda qeydə alındığından, məsələnin hüquqi tərəfi və tibbi baxımdan fəsadları barədə mövzu da aktuallaşıb.

Pambıqçılığın inkişaf etdiyi ölkə olmağı dövlət səviyyəsində qarşısına məqsəd qoyan ölkə olaraq yolun başında belə bir problemlərin olması isə ciddi siqnaldır. Deməli, hansısa məqamda boşluqlar var ki, dövlət başçısının nəzarətində olan bu sahə son 10 gündə xoşagəlməz olaylarla gündəmi zəbt edir.

 

Sozcu.info xəbər verir ki, məsələnin tibbi baxımdan şərhi üçün Medicina.az-ın əməkdaşı tibb üzrə ekspert, professor Vüqar Məmmədova müraciət edib.

Ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə pestisid səpilmiş əkin sahələrinə heç heyvanı da buraxmırlar: "İlk olaraq onu qeyd edim ki, bu gün rayonlarda pambıq sahələrinə insanların, hətta tibb işçisi və müəllimlərin məcburi olaraq işçi qüvvəsi kimi çıxarılması sovet dövründən qalma məsələdir, heç bir qanunvericiliyə uyğun deyil, yerli icra orqanlarının öz vəzifəsindən sui-istifadə etməsidir.  Ona görə tarlada baş vermiş hər hansı hadisəyə, həmin insanlara dəymiş ziyana, zərərə görə mütləq araşdırılma aparılıb, hüquqi müstəvidə cəza tətbiq olunmalıdır. 

Azərbaycan vətəndaşı öz sağlamlığı təhlükə altında qoyulduqda və səhhətinə dəyən zərərə görə istənilən halda məhkəməyə müraciət edə bilər. Bu, onun hüququdur.  Təəssüf ki, vətəndaşlarımız bu hüququnu bilmir, istifadə etmir, rayon yerlərində xətir-hörmət, xahişlərə görə susur. 

Müasir inkişaf etmiş ölkələrdə pestisid, defoliant səpilmiş açıq əkin sahəsinə nəinki insanı, heç heyvanları da buraxmazlar. Alman, fransız, ingilis bu səhvi etməz, heç o ölkələrdə insanlar da buna getməz. Çünki bilirlər ki, kiçik bir məsuliyyətsizliyin cəzası, cəriməsi necə ağır ola bilər”. 

V.Məmmədov pambıqçıların zəhərləndiyi pestidis və digər maddələrin gələcək nəsillərə ziyan vura biləcəyini də açıqlayıb: "Pestisid və digər maddələrin bundan sonra o insanların sağlamlığında, hətta ailə üzvlərində, gələcək nəsillərində nə kimi fəsadlar verəcəyi məsələsinə gəlincə, bir həkim və tibb üzrə ekspert kimi mən sahəyə səpilən o maddənin kimyəvi-bioloji tərkibini dəqiqliklə bilməsəm, konkret nəsə deyə bilmərəm. Əgər deyilənlər kimi, Vyetnamda istifadə olunan o toksiki maddədirsə, bu maddə həmin ərazidə yaşayan insanlara, heyvanat ailəminə və faunaya ciddi zərər verib, gələcək nəsillərdə genetik mutasiya və xəstəliklərə gətirib çıxara bilər.

İnanmıram ki, ölkəyə gətirilən pestisidlərin tərkibində qeyri-adi nəsə olsun. Burda problem təhlükəsizlik qaydalarına və dünya standartlarına riayət etməməkdir.  O nöqteyi-nəzərdən ortada cinayət faktı var. Bu maddələr digər ölkələrdə ciddi nəzarət altındadır, ciddi yoxlanır və bir çox yerlərdə qadağan da olunub.  Azərbaycanda əkin sahələrinə səpilən hər bir kimyəvi maddə, pestisidlərin keyfiyyəti, mənbəyi, tərkibi ciddi araşdırılmalıdır.  Söhbət Azərbaycan əhalisinin sağlamlığından, gələcək nəsillərin qorunmasından gedir. Belə ümummili məsələdə ən xırda səhv belə böyük fəsadlara yol açır”.

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}