Beton zavodu ilə sakinlər arasında "küçə döyüşləri"

Beton zavodu ilə sakinlər arasında "küçə döyüşləri"Paytaxt məhəllələrinin birində sakinlər onları haqlayan problemə qatlaşmaq istəməyib.

Nərimanov rayonu Xəlil Rza Ulutürk küçəsində yaşayan sakinlərin şikayətinə səbəb yaxınlıqda yerləşən beton zavoduna məxsus ağır texnikanın onların istifadəsindəki yolu yararsız hala salmasıdır. Məhz bu məqsədlə onlar etiraz əlaməti olaraq zavodun qarşısına toplaşıblar. Məsələ burasındadır ki, burada yol var, sadəcə sakinlərin istifadəsi üçün yararlı deyil. Daha dəqiq desək, bu yoldan keçmək müşkül məsələdir. Yalnız ağır texnika və yolsuzluq avtomobilləri bu yollarla irəliləyə bilir.

Sakinləri uzunboğaz çəkməsiz bu yollara yaxın düşə bilmir. Deyirlər ki, bir neçə ildir yaxınlıqda yerləşən "Spark" beton zavoduna məxsus ağır tonnajlı avtomobillər məhz onların evinin yanından keçir. Hətta yol bir tərəfə, qaz boruları da bir neçə dəfə zədələnib. Bəzilərində də çatlar əmələ gəlib.

Şikayətçilərin sözlərinə görə, zavoda gediş-gəliş üçün başqa yol da var, ancaq ondan istifadə edilmir. Buna görə də onlar bir araya gələrək yolu bağlayıblar. Bunun da xeyri olmayıb. Əlacsız qalan sakinlər ağır tonnajlı avtomobillərin küçədən keçməməsi üçün dəmir borulardan maneə düzəldiblər.

Sakinlərin bir istəyi var - zavod rəhbərliyi ya küçəni təmir etdirsin, ya da alternativ yollardan istifadə etsin.

"Zavodla yaşayış məntəqəsi arası məsafə heç bir kilometr də deyil. Səhərdən axşama kimi 80, 60, 50 ton tutumu olan ağır tonnajlı avtomobillər yaşayış məntəqəsinin içi ilə hərəkət edir. İnsanlar evlərində rahat yata bilmirlər. Yollar bərbad vəziyyətdədir, uşaqlar məktəbə gedib-gələ bilmir" - deyə şikayətçi Zöhrab Ağayev ANS-ə bildirib.

"Yaşayış məntəqəsinin içi ilə hərəkət edən ağır tonnajlı avtomobillərin qarşısını dəmir borular vasitəsilə kəsirik ki, yolu təmir etsinlər. Təmir edəndən sonra işləsinlər" - deyə şikayətçi Səbuhi Ağayev qeyd edib.

Sakinlər istəyinə nail olmaq üçün zavodun inzibati binasının qarşısına yürüş etdi. Ancaq burada onları müəssisə nümayandələri deyil, polis əməkdaşları qarşıladı. İçəriyə girmələrinə əngəl oldu.

Bir müddətdən sonra zavod nümayəndələri çölə çıxdı. Suallara cavab vermək əvəzinə özlərinə yol tapıb müəssisənin ərazisinə daxil olmağı üstün tutdular.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov bildirdi ki, küçə nəzarətə götürülüb. Və tez bir zamanda problem araşdırılaraq həllini tapacaq.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}