20 milyonluq villa alan nazir kimdir?

20 milyonluq villa alan nazir kimdir?Kredit oliqarxı bu villalardan daha kimlərə satıb?
Hacı İbrahim Nehrəmli tərəfindən hüquqları pozulan “Avesta Konserni” Məhdud Məsuliyyətli Cəmiyyətin sabiq əməkdaşları kredit oliqarxı haqqında cəmiyyətin bilmədiyi sirrlərin üstünü açmaqda davam edirlər. Belə sirlərdən biri də kredit oliqarxının bəzi yüksək çinli məmurlara satdığı villalarla bağlıdır. Belə ki, “Avesta Konserni” MMC-nin sabiq əməkdaşlarının açıqladıqları bir məlumata görə, Hacı İbrahim Nehrəmli bu yaxınlarda nazirlərdən birinə 20 milyona villa satıb. Həmin villanın satışı Hacı İbrahim Nehrəmlinin çoxsaylı şirkətləri arasında yer alan “İlkan”MMC-i üzərindən həyata keçirilib və çox maraqlıdır ki, əldə olunan gəlirdən vergi də ödənilməyib.
“Avesta Konserni” MMC-nin əməkdaşları iddia edirlər ki, Hacı İbrahim Nehrəmli həmin villalardan ikisini də bu gün ölkədə əsas söz sahiblərindən olan iki generala satıb. Onların qiymətinin təxminən nazirin vilasının qiymətinə yaxın olub. Hacı İbrahim Nehrəmli tərəfindən hüquqları pozulanlar qeyd edirlər ki, həmin villaların inşa edildiyi ərazilər əslində icarə torpaqları olub və onların üzərində ev tikib satmaq olmazdı. Ancaq Hacıbala Abutalıbovun Hacı İbrahim Nehrəmli ilə olan dostluğu buna imkan verməyib. Yeri gəlmişkən qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə kredit oliqarxının dostluğu bizim iddiamız deyil, bunu televeziya ekranlarından Hacı İbrahim Nehrəmlinin özü dilə gətirib. Hacıbala Abutalıbovun dostluğundan yararlanan Hacı İbrahim Nehrəmli icarə torpaqlarında villalar tikib və onları yüksək vəzifəli məmurlara satıb. “Avesta Konserni” MMC-nin sabiq əməkdaşlarının açıqladıqları məlumata görə, dəniz sahilində yerləşən həmin ərazilərdə tikinti işləri aparmaq əslində qanunla yasaqdır. Bununla bağlı, hətta Prezident fərmanı da var. Ancaq nə Hacı İbrahim Nehrəmli, nə də ondan villa alan məmurlar prezidentin həmin fərmanını saya da salmayıblar. Kredit oliqarxından villa alan məmurların bəziləri isə hətta həmin malikənin yerləşdiyi torpaqları da özəlləşdiriblər. Bunun necə baş verdiyi bizə məlum deyil. Ancaq Hacı İbrahim Nehrəmli tərəfindən hüquqları pozulanlar belə iddia edirlər. “Avesta Konserni” MMC-nin sabiq əməkdaşları ümid edirlər ki, nazirin əmlakı ilə bağlı araşdırılma aparılsa, o zaman həmin villa ilə bağlı fırıldaqların da üstü açıla bilər. Ancaq bu halda da Hacı İbrahim Nehrəmlinin qanun qarşısında cavab verəcəyinə ümid çox azdır. Belə ki, kredit oliqarxı tərəfindən hüquqları pozulan “Avesta Konserni” MMC-nin əməkdaşlarının bəzisi kömək üçün Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya müraciət edib. Müraciət müəllifi ümid edirmiş ki, Mehriban xanım Əliyeva qanunları saymayan, nazirləri aciz vəziyyətə salan Hacı İbrahim Nehrəmlini qanunlara əməl etməyə vadar edə biləcək. Mehriban xanım Əliyeva da həmin müracətə dərkənar qoyub Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilib. Ancaq bu da problemi həll etməyib. Daha doğrusu “Bandotdel” Hacı İbrahim Nehrəmlini qanunlara əməl etməyə vadar edə bilməyib. Belə görünür ki, Hacı İbrahim Nehrəmli o qədər güclüdür ki, ona nə “Bandotdel”in, nə də digər səlahiyyət sahiblərinin gücü çatır. Əlbəttə, əgər Azərbaycan Beynəlxalq Bankının 600 milyon manat vəsaitini utopik layihələrə, gözəlçələrə, bahalı maşınlara və geyimlərə, zinət əşyalarına və gəzintilərə sərf etmiş bir şəxs üstəlik onların fırıldağını ifşa edən, dövlətin ən yüksək vəzifəli şəxslərindən birini “qoca kaftar” adlandırırsa və buna görə heç bir məsuliyyət daşımırsa, o zaman Hacı İbrahimə “Bandotdel”in gücünün çatmaması çox təbiidir.
Mövzu ilə bağlı Hacı İbrahim Nehrəmlinin mövqeyini öyrənmək mümkün olmadı. Ancaq “Avesata Konserni” MMC-nin prezidentinin deməyə sözü varsa, biz onu da dinləməyə hazırıq.
O ki qaldı, Hacı İbrahim Nehrəmlidən 20 milyon manata villa alan şəxsin kimliyinə, bu araşdırmanı növbəti saymızda oxuyacaqsınız.
“Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}