Müğənni Manaf Ağayevin intihar fikrindən daşındırdığı əlilə 4 otaqlı ev verildi

 

Bu gün Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən məcburi köçkün, gözdən əlil idmançı Natiq Novruzzadənin problemi həll edilib. N.Novruzzadə bu barədə özü "Qafqazinfo”ya məlumat verib.

O qeyd edib ki, intihar cəhdindən sonra komitənin sədri Rövşən Rzayevin qəbulunda olub: "Mənə Kürdəxanıda yeni tikilən binalardan 4 otaqlı mənzil verdi. Mənzilin sənədlərini də təqdim etdi. Dedi ki, bina oktyabr ayına kimi istifadəyə veriləcək. Bundan əlavə, 4 aylıq kirayə pulumu da verdilər”.

Natiq Novruzzadənin sözlərinə bu ilin mart ayında Nizami rayonu Babək 87 ünvanında yerləşən evləri "Yusifoğlu” MMC tərəfindən sökülüb: " Həmin ünvanda 112 ailə məskunlaşmışdı. Onlardan 54-ü məcburi köçkün idi. 54 nəfərdən 27-sinin kompensasiyasını verdilər, bizi isə beş aydır ki, süründürürlər. Sonunda belə addım atmağa qərar verdim”.

Qeyd edək ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən, gözdən əlil idmançını müğənni Manaf Ağayev intihar fikrindən daşındırıb.

Müğənni hadisənin təfərrüatları barədə musavat.com-a danışıb: "Bir məkanda əyləşmişdim, birdən mənə zəng vurub bildirdilər ki, Füzulidən qeyrətli bir oğlan, hansı ki, çempiondur, "Qaçkınkom”un binasına çıxıb özünü atmaq istəyir, polislər və məmurlar onu fikrindən döndərə bilmirlər. Məndən xahiş edib dedilər ki, füzulililərin bir ağsaqqalı kimi onu bəlkə fikrindən daşındıra bilərsən. Hadisə yerinə getdim. Həmin vaxt o, qollarını doğrayıb, əlində də şüşələr var idi, onları qarnına soxurdu. Dedim ki, "məni qəbul edə bilərsən?” Yalvardım ki, "sənə söz verirəm, evini alıb, özünə qaytaracam”. Mənə bildirmişdilər ki, 3 övladı var, ona görə də xeyli yalvarıb-yapışdım. O da fikrindən döndü, məni qucaqladı. Camaat bu halı alqışladı. Oradaca aidiyyəti qurumlardan xahiş etdim ki, imkan çərçivəsində onun məsələsini həll etsinlər. Sağ olsunlar, xahişimi yerinə yetirdilər”.

Müğənni deyib ki, intihara cəhd edən əlil idmançıya verdiyi sözə əməl edib: "Sənədlərini yerindəcə alıb, onun özünə qaytardım. Bu günə qədər bu cür olaylarla tez-tez rastlaşıram. Hərdən füzulililərdən kimsə özünü öldürmək və ya atmaq istəyəndə onu fikrindən daşındırmağa məni aparırlar. Füzuli camaatı da sağ olsun ki, mənim xahişimi yerə salmır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}