Türkiyədə 15, Azərbaycanda 60 manata satılan dərman –Apteklərdə əlac niyə bahadır?

Türkiyədə 15, Azərbaycanda 60 manata satılan dərman –Apteklərdə əlac niyə bahadır?

 

"Türkiyədə qutusu 55-60 TL (təxminən 15 manat) olan və hər gün istifadə etdiyimiz dərman Bakıda 60 manata satılır. Qiymətdəki dördqat fərqi nə ilə izah etmək olar monopoliyadan başqa? Eyyy məmur (Ərdoğan demiş), səni öz xalqına bu qədər düşmən edən nədir?”.

Bunu övladı autizm xəstəliyindən əziyyət çəkən, jurnalist  Zülfüqar Ağayev Facebook səhifəsində yazıb. O, Azadlıq Radiosuna danışır ki, oğlu iki ildir həkim məsləhəti ilə hər gün «Abizol» dərmanı qəbul edir: "Onun bir qutusu 60 manatdır, qutuda 24 həb olur, gündə üç dəfə yarısını veririk. Hesablayın görün aya nə qədər edir. Burda Türkiyədən dörd dəfə bahadır. Ona görə ya özüm, ya qohumlar, tanış-biliş Türkiyəyə gedəndə oradan alıb gətiririk. Olmayanda da əlacsızlıqdan, baha qiymətə də olsa, burdan alırıq. Oğlumun atdığı başqa dərman da var: «Sukratgel». Apreldə Türkiyədə olanda onu 2-3 manat almışdım, amma burda 17 manatdır, özü də tapılmır”.

Z.Ağayev deyir ki, bir ara hökumət dərman preparatlarının qiymətini tənzimləməyə çalışsa da, görünür, bunun faydası olmadı. "Loğman” aptekdən Azadlıq Radiosuna deyirlər ki, dərman əvvəla 60 manat yox, təxminən 43-44 manatdır. İkincisi də qiymətləri onlar yox, Tarif Şurası müəyyənləşdirir və bundan aşağı ya yuxarı qiymətə dərman sata bilməzlər. Aptek rəhbərliyi iddia edir ki, yəqin Z.Ağayev həmin dərmana 60 manata başqa aptekdə rast gəlib.

«Zəfəran» aptekdən və «Avis» tibbi marketdənsə «səlahiyyətli şəxs yerində olmadığından» suala cavab verilmir. «Avromed» aptekinin rəhbəri kimi özünü təqdim edən Bəhruz Səlimov ölkəyə gətirilən dərmanların 70 faizinin qiymətini Tarif Şurasının müəyyənləşdirdiyini, dərman preparatlarını bu qiymətdən baha satsalar, onları cərimə gözlədiyini bildirir: "Şuranın qoyduğu qiymətə müdaxilə edə bilmərik. Biz ancaq dərmanların 30 faizinə əlavə faiz qoyuruq, o da 3 faiz, amma hərə bir faiz qoyur. Bizim aptek ən ucuz, minimum faizlə işləyir. Qiymət isə Avropadan ona görə bahadır ki, elə ölkəyə girəndə dərmanın üstünə yüksək faiz qoyulur. Yəni bu bizlik deyil, ölkəyə girişdə artıq faiz qoyulur”.

Konkret Z.Ağayevin dediyi dərmana gəlincə, B.Səlimov onun qiymətini Tarif Şurasının qoyduğunu bildirir.

"Keyfiyyətli dərman xaricdə də bahadır. Azərbaycana gəlincə, onlar yerindən müəyyən qiymətə alınır, üstünə gömrük rüsumu gəlir, üstəlik də rüsumlar gün-gündən bahalanır. Bundan başqa, dərman bazarında monopoliya var. Bütün bunlar dərmanın son qiymətini xeyli bahalaşdırır. Bunlar azad rəqabətin olmadığı situasiyada baş verir”, – Tibb elmləri doktoru, professor Adil Qeybulla izah edir.

O hesab edir ki, bu gün ölkədə dərman bazarı inhisarçıların nəzarətindədir, halbuki bu gün bazarda keyfiyyət nəzarətinə ehtiyac var: "Əhali bilməlidir ki, hansı dərmanların istifadəsinə icazə verilir. Bəzən görürsən hansısa dərmanın istifadəsinə qadağa qoyulur, hiss olunur ki, bu, ayrı-ayrı firmalar arasında olan rəqabətin nəticəsidir. Xırda firmaları artıq bazardan sıxışdırıb çıxarırlar, o baxımdan qiymətlərdə artım var”.

A.Qeybulla Tarif Şurasının addımının nəticə vermədiyini, bu səbəbdən də dünyanın getdiyi yolla gedərək qiyməti azad bazarın tənzimləməli olduğunu düşünür. Yerli iqtisadçılar da Tarif Şurasının apardığı vahid qiymət siyasətini vaxtaşırı tənqid edirlər, dövlət qurumunun qiymətlərə nəzarətini «sosialist təfəkkürünün məhsulu» adlandırır və bunun özünü doğrultmadığını vurğulayırlar. Onların qənaətincə, azad bazarda qiymət vahid yox, əksinə, fərqli olmalıdır ki, alıcının seçim imkanı yaransın.

Tarif Şurasından qiymətlərin baha olmasının səbəbini öyrənmək mümkün olmadı. Qurumdan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə yönləndirildik, onlar isə sualı yazılı istədilər.

Tarif Şurasının Əczaçılıq sektorunun müdiri Ceyhun Məmmədov bir neçə ay öncə virtualaz.org-a deyib ki, başqa ölkələrlə müqayisədə Azərbaycan dərman vasitələri ilə bağlı qiymət tənzimlənməsi sahəsində ən stabil qiymət siyasəti həyata keçirən ölkədir. Onun sözlərinə görə, tənzimlənmə aparılmasaydı, qiymətlər indiki səviyyədən dəfələrlə artıq olacaqdı.

"70-dən artıq ölkədə fəaliyyət göstərən 1000-ə yaxın müəssisənin istehsalı olan dərman vasitələri Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Qiymətləri təsdiq edilən həmin dərman vasitələrinin idxalı hazırda 50-dən çox fəal idxalçı tərəfindən həyata keçirilir”, – Məmmədov bildirib.

Səhiyyə Nazirliyi isə dərman qiymətləri haqda çoxdandır danışmır, qurum sonuncu dəfə mövzuya 2-3 il əvvəl toxunub və Tarif Şurasının siyasəti təqdir edilib. (Azadlıq Radiosu)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}