Dolların enişi, manatın yüksəlişi... - İqtisadçıdan yeni durumla bağlı izahat

Mərkəzi Bankın qərarı ilə Azərbaycan manatı dollar və avroya nisbətdə bir qədər bahalaşıb. Mərkəzi Bankdan verilən məlumata görə, martın 31-də dolların məzənnəsi 0,0165 qəpik ucuzlaşaraq 1,5421 manata düşüb. Avronun məzənnəsi isə 0,0155 qəpik azalaraq 1,7453 manat olub.

Lakin iqtisadçı ekspertlərin manat yenidən ucuzlaşacaq dediyi ərəfədə, Mərkəzi Bankın milli valyutanı möhkəmləndirməsi cəmiyyətdə suallar doğurub. İddialar var ki, bazarda dollar qıtlığının yaranmasından istifadə edən Mərkəzi Bank manatı möhkəmləndirməklə əllərdəki dolları yığmaq və sonradan dolları yenidən bahalaşdırmaq niyyətindədir. Xatırladaq ki, AMB hər dəfə belə bir manevr edərkən milyardlarla manat pul qazanmış olur. Bəs görəsən, səslənən bu iddialar nə dərəcədə realdır. Manatın möhkəmlənməsinin iqtisadi əsasları var, yoxsa bu, süni şəkildə dollara olan inamı öldürməyə yönəlmiş addımdır? 

"Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, manatın möhkəmlənməsinin səbəbi əhalidə manat qıtlığının yaranmasıdır: "Manatın dollara nisbətdə möhkəmlənməsinin əsas səbəbi dollarlaşma prosesinin son 3 ayda sürətlə getməsi, əhalinin vəsaitlərini, eləcə də biznes qurumlarının vəsaitlərini dollara çevirməsi, eyni zamanda Mərkəzi Bank tərəfindən manat bazasının azaldılması ilə bağlıdır. Mərkəzi Bankın siyasəti ondan ibarətdir ki, az manat və dollara olan az tələbat. Faktiki olaraq, Mərkəzi Bank pul bazasını 5 milyarddan aşağı endirib. Bu isə o deməkdir ki, rəsmi statistikaya əsasən pul bazası son 1 ildə 2 dəfədən çox azalıb. Faktiki olaraq, bu gün vətəndaşların əllərində manat yoxdur ki, onlar gedib dollar ala bilsinlər. Onların manatları artıq dollarlaşıb. Əvvəlki dövrlərdə dollar alıblar”. 

İqtisadçı ekspertin sözlərinə görə, hazırda yaranan manat qıtlığının səbəbi Mərkəzi Bankın dekabrın 21-də verdiyi devalvasiya qərarıdır: "Bu qərar cəmiyyətdə ciddi ajiotaj yaratdı və ajiotaj nəticə etibarilə ona gətirib çıxartdı ki, əlində manatla vəsaiti olan vətəndaşlar pullarını dollara çevirmək məcburiyyətində qaldılar. Çünki manatın kəskin şəkildə daha da ucuzlaşacağı ilə bağlı bir əminlik var idi. Bu baxımdan Mərkəzi Bankın ikinci devalvasiya qərarı yanlış addım idi və dollarlaşma prosesini sürətləndirdi. Bu gün manat qıtlığı var. Vətəndaşlar yığdıqları dolları cari xərclər üçün manata çevirməyə məcburdurlar. Yəni bu iqtisadi səbəblər inzibati müdaxilədən doğan səbəblərdir. Son zamanlar Mərkəzi Bank auksiona dollar çıxarır, lakin onu alan yoxdur. Son günlər dollara tələbat olsa belə, yenə də təklif sifarişdən çoxdur. Ona görə də manat möhkəmlənmir. Yəni, banklar dollara tələbi artırsalar yenidən dolların möhkəmlənməsi, manatın zəifləməsi müşahidə ediləcək”. 

Vüqar Bayramov qeyd etdi ki, növbəti dövrdə də manatın məzənnəsi Mərkəzi Bankın pul bazarını nə dərəcədə genişləndirməsindən asılı olacaq: "Bu gün manatın məzənnəsi auksiona çıxarılan dolların tam satılıb satılmaması ilə müəyyənləşdirilir. Əgər dollar tam satılırsa, bu, dolların məzənnəsinin möhkəmlənməsinə gətirib çıxarır. Ancaq təklif sifarişdən çox olursa, avtomatik olaraq manat möhkəmlənir, dollar zəifləyir. Mərkəzi Bankın pul bazası ilə bağlı məhdudlaşdırıcı siyasəti real sektorun inkişafını tormozlayır. Bu, real sektora çirkli pulların daxil olmasına gətirib çıxarır, yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın canlandırılması üçün arzuolunan siyasət deyil. Ona görə də Mərkəzi Bank mövcud siyasətini gec-tez dəyişməlidir. Əks halda, real sektorda iş yerləri bağlanacaq, alıcılıq qabiliyyəti kəskin aşağı düşəcək. 

V.Bayramov onu da bildirdi ki, bu gün rəsmi məzənnə bazardakı tarazlıq məzənnəsi deyil: "Mərkəzi Bank bazardan çəkildiyini elan etsə, o zaman manatın bazardakı tarazlıq məzənnəsi indikindən daha aşağı olacaq. Birmənalı şəkildə manat dəyər itirəcək. Ancaq hələlik Mərkəzi Bank və Dövlət Neft Fondu bazarda qalır. Bu baxımdan növbəti dövrdə manatın məzənnəsinin necə dəyişməsi Mərkəzi Bankın pul bazasının necə dəyişməsindən asılıdır. Hazırda dollarlaşma prosesi son mərhələdədir. Bazarda dollar təklifi var. İnsanlar manat alırlar ki, cari xərclərini ödəyə bilsinlər. Mərkəzi Bank manat bazasını genişləndirsə, o zaman milli valyutanın möhkəmlənmə prosesi dayanacaq”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}