Heydər Əsədovun sovetsayağı “raportu”

 

Heydər Əsədovun sovetsayağı “raportu”

 

 

Subsidiya fırıldağı əlverişsiz hava ilə ört-basdır edilir

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, dənli bitkilərin 1 hektardan məhsuldarlığı ötən illə müqayisə də 0.8 sentner azalıb. Kənd Təsərrüfatı Nazirliyi tez-tələsik bunu əlverişsiz hava şəraiti ilə bağlamağa çalışıb. Ölkədə qeydə alınan orta məhsuldarlıq 29.7 ha/s-dir. Saatlı və Sabirabad rayonlarında orta məhsuldarlıq hektardan 41.6 və 38 sentner olub. Ancaq ekspertlər bütün bu məlumatlara şübhə ilə yanaşırlar. Çünki, yığılan məhsul çox dağınıq şəkildə və yüz minlərlə fərdi fermer tərəfindən yğıldığı üçün dəqiq rəqəmi müəyyən etmək faktiki olaraq mümkün deyil. Ekspert qeyd edir ki, burada ciddi  "pripiska”lar mövcuddur. Çünki, yığılan məhsulun dəqiq statistikasını aparan qurum mövcud deyil. Bu statistika bir qayda olaraq yerli icra orqanlarının Statistika İdarələrinə təqdim etdiyi məlumatlar əsasında formalaşır. Yerli icra hakimiyyəti orqanları isə özlərinə sərf edən məlumatları təqdim edirlər. Əks halda onların taxıl subsidiyası zamanı maliyyə fırıldaqlarına yol verdiklərinin üstü açıla bilər. Qeyd edək ki, iki il öncə "Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu Beyləqan və Ağcabədi rayonları üzrə taxıl subsidiyaları bağlı geniş araşdırma aparmış və böyük məbləğdə maliyyə fırıldaqlarının olmasını üzə çıxarmışdı. Çox təəssüf ki, o zaman Kənd Təsərrüfatı Nazirliyi fəaliyyətini  həmin araşdırmadakı məlumatları araşdırmaq və tədbir görmək əvəzinə təkzib etməyə üstünlük vermişdi. Halbuki, sahibkarlıq fəaliyyəti qanunla qadağan olunan məmurların adlarına iri məbləğli subsidiyalar yazılmışdı. Məsələn, Ağcabədi rayon İcra başçısının birinci müavini Rövşən Əhmədovun adına min manat subsidiya yazılmışdı. Çox təəssüf ki, bu və buna bənzər çoxsaylı təkzibedilməz məlumatlara Kənd Təsərrüfatı Nazirliyi dəqiq qiymət verməkdən çəkindiyi üçün indi bütün ölkə üzrə ota məhsuldarlığın az qala bir faiz azalması faktı ilə üzləşmişik. Halbuki, həmin azalma reallıqda daha böyükdür. Adının açıqlanmasını istəməyən mənbə bildirir ki, yaranmış vəziyyəti kəskin dəyişmək üçün bəzi tədbirlər həyata keçirməlidir. Əks halda taxıl subsidiyaların qarşısını almaq mümkün olmayacaq. Taxılın məhsuldarlığının aşağı olması isə avtomatik olaraq onun maya dəyərinin baha olması anlamına gəlir. Ancaq deyəsən bütün bunlar iqtisadiyyatdan anlayışı olmayan məmurları çox az narahat edir.

Heydər Əsədovun sovetsayağı “raportu”

 

Məsələn Kənd Təsərrüfatı Nazirliyi sevincək bəyan edir ki, bu il keçən illə müqayisədə 44 min hektar artıq sahədə taxıl əkildiyi üçün, daha artıq da məhsul əldə edilib. Bu isə Rusiya və Qazaxıstandan taxıl idxalatını azaldacaq. Kənd Təsərrüfatı Nazirliyin bu nikbin bəyanatının yayıldığı vaxt isə Azərbaycanda çörəyin qiyməti bahalaşdı. Halbuki, dünya bazarlarında taxılın qiyməti təxminən 30 faiz ucuzlaşdığı üçün çörəyin qiyməti də ucuzlaşmalıydı. Ancaq dünya bazarlarında neftin qiyməti ucuzlaşsada Azərbaycanda neft məhsullarının, benzin və dizelin qiyməti bahalaşdığı kimi, dünya bazarlarında taxılın qiyməti ucuzlaşanda ölkəmizdə çörəyin qiyməti bahalaşdı. Bütün bunlar isə hər şeydən öncə səhv iqtisadi siaysətin, sonra isə korrupsiyanın nəticəsidir.

 

Kənd Təsərrüfatı Nazirliyinin isə daha bir problemi onunla bağlıdır ki, nazirliyin rəhbər şəxsləri, nazir Heydər Əsədov başda olmaqla kənd təsərrüfatı üzrə mütəxəsislər deyillər. Kənd təsərrüfatı üzrə mütəxəsis olmayan rəhbərlərin Kənd Təsərrüfatı Nazirliyinin aqrar siyasətini necə müəyyən edəcəkləri çox maraqlı məsələdir. Ancaq heç kim bu haqda nə düşünmək, nə də danışmaq istəmir. Ona görə də, kənd təsərrüfatında ciddi inkişafdan danışmaq mümkün deyil. Əksinə, daha çox sahələri əkmək və beləliklə də daha çox məhsul əldə etmək uğur kimi təqdim olunur. Bu zaman məhsulun maya dəyəri kimi anlayış ixtisasca iqtisadçı olan nazir Heydər Əsdovun yadına belə düşmür. Nazir Heydər Əsədov sovet dövürünün məmurları kimi daha artıq məhsul toplanması haqqında "raport” verməklə işini bitmiş hesab edir. Halbuki, ən azından ibtidai iqtisadi bilikləri belə məhsul bolluğunun ölkənin iqtisadiyyatına zərər vurduğunu anlamağa imkan verməliydi. Çox maraqlıdır ki, ölkənin Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu kimi məsələlərə münasibət bildirmək istəmirlər. Bu hal isə kənd təsərrüfatında böhranın dərinləşməsinə və büdcə vəsaitlərinin mənimsəməsinin artmasına səbəb olur. Ancaq görünən budur ki, bu vəziyyət heç kimi narahat etmir. Bu isə ölkədə iqtisadi böhranın daha da dərinləşəcəyi ilə bağlı bədbin fikirləri gücləndirir. Həm də yalnız bədbin fikirləri deyil, iqtisadiyyatdakı böhran həqiqətən də dərinləşir. Bunun əsas səbəbkarlarından biri isə daha çox taxıl yığıldığı haqqda sovetsayağı "raport” verən Heydər Əsədovdur.

Taxıl və çəltik əkini üçün ayrılan subsidiyaların mənimsənilməsi ilə bağlı "Yeni Sözçü” qəzetinin  araşdırmalarını yaxın saylarımızda oxucularımıza təqdim edəcəyik.

 Arzuman Loğmanoğlu,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}