Rusiya ölkəyə pomidor idxalını qadağan edir - Azərbaycan fermerlərinin halı necə olacaq...

Rusiya ölkəyə pomidor idxalını qadağan edir - Azərbaycan fermerlərinin halı necə olacaq...

 

Rusiya Federasiyası 2020-ci ilin aprelindən ölkəyə dövlət sifarişi ilə xaricdən pomidor və xiyar idxalını qadağan etməyi planlaşdırır. Bununla bağlı büdcə hesabına dövlət və bələdiyyə ehtiyacları üçün xaricdən alınan malların siyahısına müvafiq düzəliş ediləcək.

 

"Interfax” xəbər verir ki, müvafiq sənəd hazırda Rusiya Kənd Təsərrüfatı Nazirliyində nəzərdən keçirilir. Nazirliyin məlumatına görə qadağandan məqsəd "yerli istehsalçıların dəstəklənməsi və istixana tərəvəzçiliyinin inkişaf etdirilməsidir”.

Dövlət hesabına ərzaq malları əsasən ordu, məktəblər, uşaq bağçaları, xəstəxanalar və dövlət idarələri üçün alınır. Əvvəlki illərdə Rusiya pomidoru əsasən Türkiyədən alırdı.

 

Lakin iki ölkə arasında münasibətlər Su-24 təyyarəsinin vurulmasının ardınca korlandıqdan sonra Türkiyədən Rusiyaya pomidor idxalı müvəqətti olaraq dayandırılmışdı. Bundan sonra Rusiyaya idxal olunan pomidorun üstündə onun Azərbaycandan gətirildiyini göstərən yarlıqlar vardı.

"Currenttime” saytının yazdığına görə bu idxalın həcmləri o qədər artmışdı ki, 2018-ci ilin yanvar-noyabrında pomidor Azərbaycanın qeyri-neft sektorunun əsas ixrac məhsuluna çevrilmişdi. Bu müddət ərzində Azərbaycan Rusiyaya 162 milyon dollar dəyərində pomidor satmışdı.

Xəbər verilir ki, məhz idxalın həcmləri Rusiyanın "Rospotrebnadzor” idarəsinin diqqətini cəlb edib. Belə bir şübhə yaranıb ki, Azərbaycan Rusiyaya özünün deyil, Türkiyənin tərəvəzini satır.

Rusiyada pomidorun və tərəvəzin istixanalarda yetişdirilməsi həcmlərinə görə lider regionlar Krasnodar və Stavropol diyarları, Lipetsk və Moskva vilayətləri, habelə Başqırdıstandır. Rusiya Kənd Təsərrüfat Nazirliyi iddia edir ki, son beş il ərzində ölkənin min hektar ərazisində istixanalar salınıb və ya modernizə edilib. Bu müddət ərzində istixanalarda yetişdirilən tərəvəzin həcmi 65 faiz artıb. Nazirlik bildirir ki, bu il istixanalardan rekord səviyyədə - 1, 2 milyon ton məhsul əldə ediləcəyi gözlənilir. Bu, 2018-ci ildə olduğundan 20 faiz çoxdur.

Doğrudur, Azərbaycandan Rusiyaya pomidor ixracının dövlət sifarişi əsasında həyata keçirildiyinə dair məlumat yoxdur, amma qadağa qonşu ölkəyə pomidor ixracına mənfi təsir edə bilər. Çünki Rusiya son illər öz istixanalarını yaradır və genişləndirir, daxili istehsalı artırır. Nəticədə Azərbaycan kimi ixracda Rusiyadan asılı olan ölkələr üçün rəqabət artır./virtualaz.org/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}