AQTA-nın “palma yağı təhlükəsizdir” açıqlamasına həkimlər nə deyir?

 

Adil Qeybulla: "Palma yağları şəkərli diabetə, ürək-damar xəstəliklərinə gətirib çıxarır”

Palma yağından istifadənin insan orqanizmi üçün zərərli olması artıq uzun müddətdir ki, mətbuatda və elmi dairələrdə müzakirə olunur. Qeyd edilir ki, palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə zərər vurur. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri belə nəticəyə gəliblər. Hesabat müəllifləri sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyasını birbaşa tütün və alkoqol sənayesi ilə müqayisə edirlər. Bütün dünya boyu alimlərə, siyasətçilərə və həkimlərə palma yağı sənayesinə münasibəti dəyişmək məsləhət görülür.

Azərbaycanda isə Qida Təhlükəsizliyi Agentliyi bu yağların insan orqanizmi üçün təhlükəli olması fikri  ilə bağlı heç bir elmi əsasın olmadığını açıqlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva bildirib ki, son dövrlər palma yağları ilə bağlı cəmiyyətdə əsassız olaraq mənfi rəy formalaşdırılıb və bu yağların insan orqanizmi üçün təhlükəli olması ilə bağlı heç bir elmi əsası olmayan məlumatlar paylaşılır: "Hətta özünü cəmiyyətə ekspert kimi təqdim edən şəxslər belə heç bir araşdırma aparmadan palma yağlarının ərimə temperaturunun 70 selsi dərəcədən artıq olduğu və insan orqanizmi tərəfindən həzm edilə bilmədiyi kimi cəfəng məlumatlar paylaşaraq əhali arasında çaşqınlıq yaradırlar. Hazırda dünyanın istənilən ölkəsində market rəflərindəki yüzlərlə məhsulun tərkibində palma meyvəsindən əldə olunan yağlardan istifadə edilir. Son 20 il ərzində dünyada bu yağların istifadəsinin geniş yayılma səbəblərindən biri insan sağlamlığı üçün risk təşkil edən trans yağ turşuları ilə bağlı normaların qəbul edilməsidir. Hansı ki, palma yağlarının tərkibində sözügedən yağ turşuları yoxdur. Palma yağları ilə bağlı mübahisələrin mənbəyi isə Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) 2016-cı ildə bitki yağları ilə bağlı apardığı tədqiqatdır. Sözügedən tədqiqat nəticəsində EFSA bütün növ bitki yağlarının rafinasiya prosesi zamanı gündəlik normadan artıq qəbul edildikdə insan həyat və sağlamlığı üçün təhlükə yarada biləcək 2 növ maddənin (3-MCPD, Glycidil yağ efirləri) yarandığını müəyyən edib. Qurum həmin maddələr üçün gündəlik istifadə normasını müəyyənləşdirərək risk dəyərləndirmə fəaliyyətini həyata keçirib. Tədqiqat nəticələrində palma yağlarının rafinasiya prosesi zamanı (qoxu alma mərhələsində) 200 selsi dərəcədən artıq temperatura məruz qaldıqda sözügedən maddələrin digər bitki yağlarına nisbətdə daha çox yaranma ehtimalı olduğu qeyd edilib. Göründüyü kimi, bu tədqiqat bütün növ bitki yağlarını əhatə edir və bitki yağlarının istehsal prosesi zamanı yaranan müəyyən maddələrin gündəlik normaları ilə bağlı tövsiyələri əks etdirir".

Sektor müdiri bildirib ki, heç bir elmi əsası olmayan tədqiqatın nəticələri açıqlandıqdan sonra xarici mətbuatda yanlış təhlil edilərək "palma yağları zərərlidir” kimi mətbuata ayaq açıb: "Qeyd edilən risklərin idarə edilməsi məqsədilə Avropa Komissiyası 26 fevral 2018-ci ildə ”Qida məhsullarında müəyyən çirkləndiricilərin maksimum səviyyəsinin təyin edilməsi" üzrə təlimata əlavələr edərək qida məhsullarında Glycidil yağ efirlərinin gündəlik istifadə normasını orta yaşlı şəxslər üçün bədən çəkisinin hər kiloqramına 1000 mikroqram, uşaqlar üçün isə 500 mikroqram müəyyən edib. EFSA 2017-ci ildə 3-MCPD ilə bağlı gündəlik istifadə norması ilə bağlı tövsiyəsində dəyişiklik edərək insan çəkisinin hər kiloqramı üçün 0.8 mikroqram olan dəyəri 2 mikroqram səviyyəsinə yüksəldib. Bir daha qeyd edim ki, adıçəkilən maddələr təkcə palma yağlarında deyil, digər bütün növ bitki yağlarının rafinasiya prosesi zamanı yaranır və palma yağlarında istehsal şərtlərindən asılı olaraq yaranma ehtimallarının daha çox olması sözügedən tənzimləmə fəaliyyətinin predmeti deyil".

Tibb elmləri doktoru Adil Qeybulla ile ilgili görsel sonucu

Tibb elmləri doktoru Adil Qeybulla "Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bu gün Azərbaycanın qida bazarında çox ciddi problemlər var: "Ərzaq təhlükəsizliyi prinsipləri gözlənilmir. Azərbaycana idxal edilən yağ məhsullarının böyük əksəriyyəti müəyyən  xüsusiyyətləri kərə yağı səviyyəsinə çatdırılmış müxtəlif mənşəli yağlardır. Müəyyən məlumatlar da var ki, onların əksəriyyəti palma yağlarıdır. Sadəcə olaraq, müəyyən qatqılarla onların dad xüsusiyyətlərini kərə yağı səviyyəsinə çatıdırıblar. Halbuki bu yağların keyfiyyət parametrləri o səviyyədə deyil. Ona görə də bu cür yağlar bədəndə mübadilə sindiromuna, pozuntulara  gətirib çıxarır. Həm də xolesterin delivotlarının arteriyalarda çökməsinə və nəticədə damarların daralmasına səbəb olur. Bu gün erkən yaşda ürək-damar xəstəliklərinə tutulmaların əsasında dayanan faktorlardan biri budur. Ona görə də bizim bu cür yağları idxal etməmizə lüzum yoxdur. Ölkənin daxili resursları hesabına insanların ehtiyaclarını təmin edə bilərik. Təəssüflər olsun ki, daxili istehsala əhəmiyyət verilmir. Korporativ maraqlar da burada milli maraqları üstələyir. Palma yağları zərərlidir, onun Azərbaycanda təbliğinə lüzum yoxdur. Bizim tarixi ənənələrimiz var, işlətdiyimiz yağlar var. Bitki yağlarının rafinasiyası zamanı müəyyən zərərli maddələr yaranır, ancaq palma yağlarında normalda da bu maddələr var. Rafinasiya zamanı yaranan maddələr isə kanserogen mənşəlidir. Palma yağları həmçinin mübadilə xəstəliklərinə, şəkərli diabetə, ürək-damar xəstəliklərinə gətirib çıxarır”.

A.Qeybullanın sözlərinə görə, palma yağlarının qida sənayesinə gətirilməsi bütün dünyada qidaya tələbatın və ehtiyacların artmasına bağlıdır: "Üçüncü ölkələrdə ucuz və tullantı materiallarından hazırlanan, sərbəst qida parametrləri ilə hazırlanan məhsullar daha çox istifadə olunur. Həmin qidalar təəssüf ki, bizim ölkəyə də gəlib çıxıb. Ancaq Azərbaycanın özünün daxili resursları var. Ölkəmizdə təbii yolla, otlaqlarda bəslənən heyvanların südündən alınan yağlarla qidalansaq daha yaxşı olar. Bunun üçün də kəndlərdə heyvandarlığın inkişafı üçün stimullar olmalıdır”

Həkim Seyfəddin Əsəd ile ilgili görsel sonucu

Həkim Seyfəddin Əsəd də vurğuladı ki, bəzi ölkələr palma yağlarını birbaşa qadağan ediblər: "Bu yağların müxtəlif xəstəliklərin əmələ gəlməsində rolu var. Ona görə də ölkələr onu qadağan ediblər. Bu, olduqca zərərli yağdır. Təəssüflər olsun ki, ölkəmizdə qidaların əksəriyyətinin tərkibində bu var. Uşaqların hər gün aldığı şirniyyatların əksəriyyətinin tərkibində palma yağı var. Mən birmənalı şəkildə palma yağından istifadənin əleyhinəyəm, bu çox zərərli qidadır. İnsan orqanizmini zəhərləyən və xərçəng xəstəliyinin artmasına səbəb olan bir yağdır”.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}