Rusiyanın neftin ucuzlaşması ilə bağlı planlarının pərdəarxası : Dünya neft bazarı uğrunda soyuq savaş...

 

"Bu gün neftlə bağlı baş verən proseslər əslində, tək azalan neft bazarından pay almaq deyil, həm də qaz bazarları uğrunda gedən savaşdır”. 

Sozcu.info  xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli dünya neft bazarlarında gedən prosesləri və hasilatçı ölkələrin davranışlarını dəyərləndirərkən bildirib. 

Onun sözlərinə görə, görünən odur ki, Rusiya ABŞ neft istehsalçılarını bazardan sıxışdırıb çıxartmaqla bağlı uzun müddətli strateji qərar alıb, amma əslində hədəf həm də ABŞ-ın Avropaya aqressiv qaz satışı planlarının qarşısını almaqdır: "Bu ildən başlayaraq,  ABŞ Avropaya ildə 80 mlrd. m3 qaz satmağı planlamışdı, əsasən də Rusiyanın qaz satdığı bazarları hədəf alıb ki, həmin ölkələr tədricən Rusiya qazından imtina edib ABŞ-dan tankerlərlə gətirilən maye qaza keçsinlər. ABŞ-ın "Şimal Axını-2” layihəsinə yaratdığı maneələr də məhz qaz bazarı uğrunda gedən savaşla bağlıdır.

Bu gün Rusiya Avropaya ildə 145-150 mlrd. m3 qaz satır, Şimal qonşumuzun büdcə gəlirlərində qaz neftdən daha önəmli yer tutur, çünki neftdən fərqli olaraq qaz satışı tam dövlətin əlindədir. Qazın qiyməti dolayısı ilə neftdə bağlıdır, neftə bağlı formulla hesablanır. Düzdür, son zamanlar ayrıca qaz spot qiymətləri də var, amma neft amili həlledicidir.  Avropa üçün 2019-cu ilin ortalama qiyməti 194 dollara qədər endi, çünki tək ABŞ yox, Qətər də Avropaya sıxılmış qaz satışını kəskin artırıb, həm də bu il Avropada son illərin ən yumşaq qış mövsümü oldu, qaza tələbat təbii yolla azalmışdı. Keçən il neftin ortama qiyməti 64 dollara yaxın olub, qaz qiymətləri həm də bu qiymətə uyğun formalaşıb”.

N.Cəfərli əlavə edib ki, Rusiyanın strateji hədəfi həm də Avropa qaz bazarını əldən buraxmamaqdır: "Əgər bu il neftin ortalama qiyməti 40 dollar olsa və virusla bağlı dünyada iqtisadi aktivliyin azalmasını da nəzərə alsaq, Avropa üçün qazın ortalama qiyməti 105-110 dollar qədər enəcək: "ABŞ qazı nəqliyyat, maye hala salınması və sonradan normal hala qaytarılması səbəbi ilə daha baha başa gəlir, Amerika istehsalçıları Avropaya qazı belə ucuz sata bilməyəcəklər. Rusiyada qaz hasilatının maya dəyəri çox aşağıdır, həm də borularla daşınır deyə nəqliyyat xərci də azdır – Kremlə Avropaya 105-110 dollara qaz satmaq da sərf edir”.

Ekspert bildirib ki, Rusiyanın strateji planı uzun zaman neft-qaz qiymətlərini aşağı səviyyədə saxlamaqla bazar payını qorumaqdır: "Amma Rusiya iqtisadiyyatının özü 2-3 il aşağı qiymətə dözə biləcəkmi - əsas sual budur. Azərbaycana gəlincə isə hökumət son illər ümid edirdi ki, neft hasilatı azaldıqca qara qızıldan olan itkiləri qaz hasilatı və ixracı əvəz edəcək. Keçən il Azərbaycan rekord həddə - 12,5 mlrd. m3 qaz ixrac edib, satışdan ölkə 2 mlrd. 366 mln. dollar daxil olub, 1000 m3 qazın ortalama qiyməti 189 dollar civarındadır. Azərbaycan ətək-ətək pul töküb, borc alıb Şahdəniz-2, TANAP və TAP (Cənub Qaz Dəhlizi) layihələrini həyata keçirdi, bu ildən başlayaraq Avropaya qaz ixracına başlayaq, sonradan bunu ilə 10 mlrd. m3-ə qədər artırmağı düşünür. Bu da ölkəyə az da olsa əlavə qaz gəlirləri gətirməli idi, amma neft qiymətləri 2 ilə yaxın belə aşağı səviyyələrdə qalsa bizim qazın satış qiyməti, qazdan daxil olan valyuta da azalacaq. Bununla yanaşı, Cənub Qaz Dəhlizi layihəsi üçün alınan borcların faizləri və ana borcun bir hissəsi də hər il ödənilməlidir. Deməli qeyri-neft sektoru qaz sektoru olmayacaq və ölkəni ciddi iqtisadi çətinliklər gözləyir”. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}