Parlament seçkilərindən sonra devalvasiya olacaq?

Parlament seçkilərindən sonra devalvasiya olacaq?Azərbaycan hakimiyyəti növbəti devalvasiyaya hazırlaşır. Belə ki, ictimaiyyətdə dolaşan fikrilərə görə, parlament seçkilərindən sonra manatın növbəti kəskin devalvasiyası olacaq. Bu dəfəki devalvasiyanın isə fevral ayındakından daha böyük faizlə olacağı bildirilir.

Məsələ ilə bağlı musavat.com-a iqtisadi ekspert Rəşad Həsənov danışıb. R.Həsənov bildirib ki, növbəti aylarda manatın məzənnəsində dəyişikliyin olacağı gözləniləndir: “Düşünmürəm ki, ölkədə keçiriləcək olan parlament seçkiləri manatın məzənnəsi ilə bağlı hansısa bir təyin olunmuş vaxtdır. Məsələ seçkilər deyil, sadəcə olaraq manatın məzənnəsinin dəyişməsinə ciddi ehtiyac var. Mərkəzi Bankın ehtiyatları kəskin şəkildə azalır. Eyni zamanda neftin qiyməti də dünya bazarında gözlənildiyindən aşağı həddə formalaşıb. Həmçinin xaricdən Azərbaycana daxilolmalar da azalıb. Xüsusilə, Rusiyadan ölkəmizə göndərilən vəsaitlər ötən illə müqayisədə iki dəfəyə yaxın azalıb. Məsələ ondadır ki, Mərkəzi Bankın devalvasiya haqqında qərar verməsinin qarşısını kəsən amillər real sektorun və eyni zamanda bank sektorunun vəziyyətidir. Yəni hazırkı situasiyada biznesdə vəziyyət o qədər də yaxşı deyil. Bu səbəbə görə, devalvasiya prosesi ləngidilir. Düşünürəm ki, təxminən 2 ay müddətində bu istiqamətdə hansısa qərar veriləcək. Mümkündür ki, Azərbaycan Qazaxıstan variantını tutsun. Yəni üzən məzənnə siyasətinə keçilsin. Digər tərəfdən o da ola bilər ki, prosesləri nəzarətdə saxlamaq üçün hansısa formada ciddi rəqəmlərlə ifadə olunan devalvasiyaya gedilsin”.

Ekspertin sözlərinə görə, hazırkı durum neftin qiymətindən asılı olaraq müsbətə doğru da dəyişə bilər: “Neftin qiyməti bundan sonrakı dövrdə indiki vəziyyətdə qalarsa, bir neçə ay ərzində devalvasiya qərarı veriləcək. Artıq Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyarda düşüb. Nəzərə alsaq ki, bir çox hallarda iri şirkətlər ilin sonuna yaxın xarici borc öhdəliklərini yerinə yetirmək məqsədi ilə valyuta bazarlarından dollar alırlar. Bu da Mərkəzi Bankın intervensiya xərclərini artıracaq. Nəticədə isə yenidən devalvasiyanın baş verməsi qaçılmaz olacaq”.

Qeyd edək ki, bu il fevral 21-də Mərkəzi Bankın qərarı ilə manatın məzzənnəsi dollara nisbətdə 34 faiz ucuzlaşmışdı.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}